Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.12.2024 14:16
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Türkiyədə elmi və maarifçi tədbirlərdə iştirak edib

Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Türkiyədə elmi və maarifçi tədbirlərdə iştirak edib

Türkiyənin paytaxtı Ankara şəhərində ənənəvi olaraq keçirilən böyük kitab səgisi Azərbaycandan gəlmiş nümayəndələrin görüşləri ilə yadda qalıb. Ölkəmizin elmi və ziyalı mühitini təmsil edən qonaqların sırasında AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov da olub.

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin toplantısında Ə.Muxtarov 21-ci Ankara Kitab Fuarı”nın açılışı zamanı Azərbaycanın bu sərginin fəxri qonağı elan edilməsini ölkəmizə olan böyük rəğbətin daha bir nişanəsi olduğunu qeyd edib.

O, həmçinin sərginin ən zəngin stendinin Azərbaycana məxsus olduğunu vurğulayaraq, burada Azərbaycanın tarixi, dövlətçiliyinin inkişaf mərhələləri və mədəniyyəti ilə bağlı nəşrlərinin yer aldığını qeyd edib.

Sərginin açılışında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Türkiyənin mədəniyyət nazirinin müavini Batuhan Mumcu və digərləri çıxış edib. Səkkiz gün davam edəcək sərgidə yarım milyon nəfərədək kitabsevərin iştirak edəcəyi proqnozlaşdırılıb.

Ankarada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə dair Memorandumun imzalanması mərasimi keçirilib. Sənədi Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və AMEA-nın Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov imzalayıblar.

Memoranduma uyğun olaraq, Türkiyədə Nizami Gəncəvi irsinin tədqiqi və geniş ictimaiyyətə çatdırılması üçün çoxsaylı layihələr həyata keçirməyi planlaşdırılır.

Xüsusilə, Türkiyə universitetləri ilə birgə böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş konfranslar, müsabiqələr, ədəbi gecələr təşkil olunacaq, həmçinin Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazı və türk mədəniyyətində Mövlanə Cəlaləddin Ruminin yaradıcılığına dair birgə monoqrafiyaların hazırlanması  nəzərdə tutulub.

Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının təsvirlərindən ibarət miniatür sərgilərinin təşkili, Nizami irsi mövzusunda internetdə yerləşdiriləcək qısametrajlı videoçarxların hazırlanması, Türkiyə və Azərbaycan nəşrlərində qarşılıqlı olaraq elmi-publisistik fəaliyyət, o cümlədən Gəncədə nəşr olunan “Nizamişünaslıq” jurnalında türk alimlərinin məqalələrinin dərc edilməsi, ildə bir dəfə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi və Nizami Gəncəvi Mərkəzinin birgə təşəbbüsü ilə böyük şair və mütəfəkkirin irsi mövzusunda beynəlxalq konfrans və simpoziumlar keçirilməsi planlaşdırılır.

Ə.Muxtarov, həmçinin bildirib ki, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin nəşri olan “Nizamişünaslıq” jurnalın nüsxələrindən birini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edərək, ölkəmizin Milli Elmlər Akademiyasının əməkdaşlarının dahi Azərbaycan mütəfəkkirinin irsinin xaricdə təbliğinə töhfə verməyə hazır olduqlarını vurğulayıb.

Ə.Muxtarov Ankarada ATO Kongre Mərkəzində “Nizami Gəncəvi: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi” mövzusunda beynəlxalq konfrans, habelə “İsgəndərnamə” poemasının orijinaldan türkcəyə tərcüməsinin təqdimatının keçirildiyini  bildirib.

O,  qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyi və respublikamızın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, nizamişünas alim, dosent Təhminə Bədəlova, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin (Ankara) professoru İsmət Çetin, Qarabağ Universitetinin filologiya kafedrasının müdiri, dosent  Əzizağa Nəcəfov, AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, “İsgəndərnamə” poemasının orijinaldan türk dilinə tərcümə edən Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müdiri, professor Nimet Yıldırım çıxiş ediblər. Çıxışlarda  Nizami Gəncəvinin öz əsərlərində türk kimliyinə üstünlük verməsi, türk idarəetmə tərzini tərənnüm etməsindən danışılaraq, onun Azərbaycan şairi olması xüsusi olaraq qeyd edilib və Azərbaycan xalqının dahi övladı Nizaminin əsərlərində “türk” sözünün ən azı on dəfə və bütün hallarda müsbət mənada işlətməsi diqqətə çatdırılıb. Nizami Gəncəvi bütün Türk dünyasının qürur mənbəyi kimi dəyərləndirilib.

Tədbirdə “Azərbaycan rüzgarları” musiqi qrupunun Nizami yaradıcılığına xitabən çıxışı tədbiri daha da rövnəqləndirib.

Ankarada keçirilən 21-ci Kitab Sərgisi çərçivəsində böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin “Füzulinin divanı” adlı əsərlər toplusunun təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələrək, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Qazi Universitetinin professoru Halil Çeltikin hazırladığı “Füzuli divanı” kitabının təqdimatı olub.

Azərbaycan Mədəniyyət Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatlar, alimlər, ədəbiyyatşünaslar, iki qardaş ölkənin  nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, professor İsmet Çetin,Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Qazi Universitetinin (Ankara) Türk dili və ictimai elmlər kafedrasının müəllimi, professor Halil Çeltik çıxış ediblər.

Ə.Muxtarov AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətində Ankaradakı bu tədbirlər barədə ətraflı məlumat verdikdən sonra səfərdən gətirdiyi Azərbaycan mədəniyyət Mərkəzi tərəfindən nəşr edilən “İsgəndərnamə” poeması və “Füzuli divanı” kitablarını Bölmənin sədri, akademik Fuad Əliyevə təqdim edib. Kitablar Bölmənin kitabxana fonduna qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: