Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə geniş tərkibdə müşavirə keçirilib.
Müşavirədə fevralın 20-də keçiriləcək AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri və elektron xidmətlərə dair təqdim olunacaq çıxışların detalları müzakirə edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları, Akademiyanın gənc alimləri və Milli Aviasiya Akademiyasının tələbələri iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Akademiyada elektron xidmətlər sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib və bu uğurların AMEA-nın Ümumi yığıncağında geniş şəkildə ictimaiyyətə təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müşavirənin keçirilməsində məqsəd ictimaiyyətə təqdim olunacaq çıxışların detallarının və istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbədə elektron xidmətlərə dair görülmüş işlərlə bağlı geniş təqdimatla çıxış edib.
Fariz İmranov çıxışında şöbənin əməkdaşları tərəfindən ərsəyə gətirilmiş AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB), AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) və Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) sistemi barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA İREMB bazasında Akademiyanın elmi müəssisə və təşkilatlarının və əməkdaşlarının “Google Scholar”, “Scopus”, “Web of Science” və s. bazalardakı elmmetrik göstəriciləri qeydə alınır, təhlil olunur. Elmi tədqiqat prosesinin rəqəmsal informasiya mühitinə inteqrasiyasının genişləndirilməsi məqsədilə yaradılmış REİRS sisteminin isə Türkiyənin TÜBİTAK qurumu tərəfindən yüksək qiymətləndirildiyini, gələcəkdə Avropa e-infrastrukturu olan Open AIRE sisteminə uyğunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.
O, həmçinin süni intellekt texnologiyalarının mənimsənilməsi, təhlili və tətbiqi üçün işlənilmiş Sözlərin Universal Funksionallıqla İşlənilməsi texnologiyaları (AMEA SUFİ) barədə danışıb. Microsoft Azure layihəsi çərçivəsində səsyazma studiyasının yaradıldığını, studiyanın Azərbaycan dilinin tanınması, təhlilinə və işlənilməsinə süni intellekt texnologiyalarının tətbiqinin yeni imkanlar yaratdığını söyləyib.
Fariz İmranov Yaponiyada yaşayan dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntərin “Elektron Akademiya” şöbəsində görülən işlərə dəstək verdiyini də diqqətə çatdırıb.
Məruzə ətrafında akademik Rasim Əliquliyev, akademik Əli Abbasov və tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlarda süni intellektin imkanlarından və rəqəmsal texnologiyalardan istifadənin vacibliyini bildirib və müvafiq tapşırıqlarını verib. Həmçinin müşavirə zamanı səsləndirilən təkliflərin AMEA-nın Ümumi yığıncağında bu istiqamətdəki çıxışlarda nəzərə alınmasını tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.