Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2025 10:08
  • A-
  • A
  • A+

Professor İradə Köçərli Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində çıxış edib

Professor İradə Köçərli Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində çıxış edib

Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresi  keçirilmişdir.

Türkiyə, Azərbaycan, Qırğızıstan, və Özbəkistan universitetlərinin tərəfdaşlığı ilə keçirilən bu konqres Dohanın Katara Ud Mərkəzində baş tutmuşdur.

Konqresdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası əməkdaşı, Milli Konservatoriya, Bakı Xoreoqrafiya Akaedmiyası, musiqişünas-alimləri, bəstəkar və ifaçıları iştirak etmişlər. Zəngin proqramı ilə fərqlənən Konqresdə türk dünyasının musiqi mədəniyyətinə həsr olunmuş maraqlı məruzələr dinlənilmiş,  bədii hissədə  isə konsert proqramı təqdim olunmuşdur. Tanınmış musiqiçilər – əməkdar artist, caz ustası Emil Əfrasiyab caz kompozisiyalarını (“Arşın mal alan” və s. kompozisiyaları), bəstəkarlar – əməkdar artist Vüqar Camalzadə bəstələdiyi musiqi nümunələrini (“Dövri-səda” vokal-instrumental silsiləsi – 10 “nəva”), Sevda Məmmədli fortepiano əsərlərini (“Laçın balladası”, “Qarabağ naxışları” və s.), Zərif Kərimova violin və f-no üçün bəstəsini (“Climate change” və digər əzərlər) ifa etmişlər. Konsertdə pianoçu Nərgiz Salmanlı, violin ifaçısı Nərgiz Əliyeva, türk pianoçusu Nevra Küpana, solo bağlamada Tanahan Ballı və Vəli Doğan Yazğılı da musiqi nömrələri ilə çıxış etmişlər. Tədbirdə Azərbaycan Respublikasının Qətərdəki Fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov iştirak etmişdir.

Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasını Memarlıq və İncəsənət İnstitutu “Musiqi folkloru” şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli təmsil etmişdir. O, “Azərbaycan milli musiqi irsinin qorunması və bərpası məsələləri (xalq rəsqləri əsasında)” mövzusunda çıxış etmişdir. Məruzədə milli musiqi irsinin qorunması məsələləri – musiqi irsinin toplanılması, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, kataloqların tərtib edilməsi, arxiv materiallarının açılması, təbliği, çağdaş dövrümüz baxımından aktuallaşdırılması və s. məsələlər, erməni plaqiatına qarşı mübarizə, rəqs sənətində təhsil, musiqi tərtibatı, teatrlaşdırma problemləri, milli geyim və xoreoqrafik elementlərdə yad elementlərin yolverilməzliyi və s. məsələlər irəli sürülmüşdür. Eyni zamanda, “Mirzəyi” (Gəlin havası) rəqsinin toy mərasimi üçün işlənilərək aktuallaşdırılması, bir sıra unudulmuş rəqslərin – qədim “Çökəri” və “Güvənd” rəqslərinin, vaxtilə Azərbaycanda da mövcud olan “Səma” rəqslərinin bərpa olunması, eləcə də, aşıq havaları ilə oynanılan rəqslərin səhnə qoyuluşunun yaradılması məsələləri də qaldırılmışdır. Müəllif qeyd etmişdir ki, türkdilli xalqların birliyi və qardaşlığını təmsil edən, Tanrıçılıq dünyagörüşünü özündə əks etdirən rəqs-tamaşaların yaradılması da mühüm ictimai-siyasi, mədəni əhəmiyyət daşıyır. İ.Köçərli vurğulamışdır ki, bu məsələlərin həlli milli rəqs sənətinin zənginləşməsi, yeniləşməsi yolunda mühüm bir addımdır, günümüzün tələbidir və Azərbaycan rəqs sənətinin janr, məzmun, obraz müxtəlifliyinin və hüdudlarının genişliyinin bir göstəricisidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: