Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.02.2016 10:12
  • A-
  • A
  • A+

AMEA prezidenti Xəzər Strateji İnstitutundan olan nümayəndə heyətini qəbul edib

AMEA prezidenti Xəzər Strateji İnstitutundan olan nümayəndə heyətini qəbul edib

AMEA Rəyasət Heyətində Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

Görüşdə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov cari ilin oktyabr ayında keçiriləcək Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunmuş beynəlxalq konfransa hazırlıq işlərindən danışıb. Tədbirin Xəzər hövzəsinin tarixi, coğrafiyası, geologiyası, o cümlədən dünya tarixində yeri və rolunun qiymətləndirilməsi, yeni elmi problemlərin aşkar olunması baxımından mühüm beynəlxalq forum olacağını dilə gətirib. Qeyd edib ki, konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər dəvət olunacaq.  Y.Mahmudov bu elmi simpoziumun Akademiya tarixində ən mühüm tədbirlərdən biri olacağına əminliyini ifadə edib. O, konfransa bugünədək artıq 20-dən çox ölkədən 250-yə yaxın məqalənin göndərildiyini bildirib.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edib.  Xəzər dənizinin geoloji tarixinə, sərvətlərinə görə dünya üzrə unikal hövzə olduğunu vurğulayan alim Xəzər ilə yanaşı,  qədim tarixi olan Meksika və Fars körfəzlərinin ətrafında yaşayan insanların da zəngin ənənələrə malik olduqlarını qeyd edib. Alim Xəzər ətrafında yaşayan xalqların multikulturalizm ideyalarını daşıdıqlarını, daim bir-birilə dostluq münasibətləri saxladıqlarını diqqətə çatdırıb. “Bu səbəbdən Xəzər dənizinin geoloji tarixinə yenidən nəzər salınması, coğrafi problemlərinin  öyrənilməsi son dərəcə vacibdir” deyə bildirən A.Əlizadə AMEA-da Xəzər Elmi Mərkəzinin yaranması və fəaliyyətinin təşkilinin də zəruri olduğunu bildirib.

Sonda Xəzər Strateji İnstitutunun baş katibi H.Yavaş çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb. O, konfransın təşkilinə göstərdiyi dəstəyə görə AMEA prezidentinə təşəkkür edib, həmçinin tədbirin proqramı, dəvət olunacaq alim və mütəxəssislər, elmi məruzələr və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: