Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Dilçilik və Folklor institutlarında süni intellektlə bağlı yeni şöbələr yaradılıb
16.04.2025 12:57
  • A-
  • A
  • A+

AMEA-nın Dilçilik və Folklor institutlarında süni intellektlə bağlı yeni şöbələr yaradılıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı barədə müzakirələr aparılıb.

Müzakirələrdə dünya elminin yeni çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə transformasiyası, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunmasına dair fikirlər və təkliflər səsləndirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə ilkin olaraq AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar və mövcud ştat vahidləri hesabına yeni şöbənin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.

Qeyd olunanları nəzərə alaraq və bu istiqamətdə həyata keçirilən islahatların davamı olaraq, Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi, AMEA-nın Folklor İnstitutunda isə daxili imkanlar və mövcud ştat vahidləri hesabına Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: