Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2016 16:04
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib

AMEA-nın Naxçıvan Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair  hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Naxçıvan Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

Bölmənin akademik-katibi, akademik İsmayıl Hacıyev elmi və elmi-təşkilati işlər haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunası, torpaq örtüyünün sistemli şəkildə öyrənilməsi istiqamətində işlər həyata keçirilib.

Bölmənin akademik-katibi hesabat ilində əldə olunmuş mühüm nəticə və nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb: “Hazırda bölmədə 6 elmi-tədqiqat müəssisəsi – Tarix, Etnoqrafiya və Arxeologiya,  İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Ötən il bölmənin müəssisələrində 6 elmi problemə aid 7 mövzu üzrə 86 mərhələdə 32 tədqiqat işi aparılıb, bunlardan 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. Hesabat ilində bölmənin əməkdaşları biri xaricdə olmaqla 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait dərc etdiriblər. 23-ü impakt faktorlu jurnallarda olmaqla, 523 məqalə, 28 tezis işıq üzü görüb, elmi işçilərin əsərlərinə 17 istinad edilib. Tədqiqat işlərinin nəticələri ABŞ, Rusiya, Belarus, Ukrayna, Türkiyə və digər ölkələrin nüfuzlu jurnallarında, eləcə də beynəlxalq səviyyəli elmi yığıncaqların materiallarında dərc olunub. Bölmədə bir nəfər elmlər doktorluğu, 5 nəfər fəlsəfə dokturluğu üzrə dissertasiya işi müdafiə edib, bir fəlsəfə doktorluğu üzrə dissertasiya iş isə müdafiə ərəfəsindədir. Həmçinin hesabat ilində bölmə əməkdaşları tərəfindən 3 patent alınıb”.

Fundamental elmlə təhsilin vəhdətindən danışan akademik İsmayıl Hacıyev vurğulayıb ki, 2015-ci ildə bölmənin 24 əməkdaşı ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris aparıb.

Hesabat ilində beynəlxalq elmi əməkdaşlıq əlaqələri haqqında da məlumat verilib. Bildirilib ki, ötən il ABŞ-ın Pensilvaniya, Harvard, Emori Universitetləri, Fransa Beynəlxalq Araşdırma Mərkəzi, Beynəlxalq Türk Akademiyası, Bosniya-Hersoqovinanın Sarayevo, Türkiyənin Bitlis-Ərən, Qars Qafqaz, Ərzurum, Sakarya, Iğdır, Ağdəniz, İranın Tehran Şəhid Beşişdi, Təbriz Dövlət universitetləri, Təbriz Milli Kitabxanası, Rusiyanın Moskva Dövlət Universiteti, Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Krım Astrоfizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu ilə əlaqələr genişləndirilib. Əməkdaşlar respublika və xaricdə 33 beynəlxalq qurultay, kon-qres, simpozium, konfrans və digər tədbirlərdə məruzələrlə çıxış ediblər. Bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasında Ümummilli Liderin həyatı və çoxcəhətli siyasi fəaliyyətinin müxtəlif istiqamətləri öyrənilib, eyni zamanda ayrı-ayrı mövzularda geniş məruzələr dinlənilib, sərgi ilə tanışlıq və sənədli filmə baxış keçirilib.

Qeyd edilib ki, hesabat ilində Prezident İlham Əliyevin sərəncamı ilə bölmə əməkdaşlarından bir nəfər "Əməkdar elm xadimi" adına, bir nəfər Prezident təqaüdünə layiq görülüb, üç nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Həmçinin, akademik Tariyel Talıbov AMEA-nın "Həsən bəy Zərdabi" adına mükafatla, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə İran İslam Respublikasının "Məhəmmədhüseyn Şəhriyar" adına mədəniyyət medalı ilə təltif edilib.

Sonra bölmənin əməkdaşları və Naxçıvan Dövlət Universiteti ilə telekonfrans təşkil edilib. Canlı bağlantı vasitəsilə elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən söz açılıb. Bölmənin müvafiq institutları ilə Naxçıvanda fəaliyyət göstərən ali və orta təhsil müəssisələri arasında mövcud əlaqələr, həyata keçirilmiş elmi-tədqiqat işləri, əldə olunmuş nailiyyətlər haqqında iclas iştirakçılarına məlumat verilib.

Hesabat məruzəsi müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarına əsasən, bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsi haqqında tapşırıq verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: