Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2016 09:15
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Şəki Regional Elmi Mərkəzi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) hesabatı dinlənilib.

Elmi mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü mərkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair məruzə ilə çıxış edib.

Hesabat ilində Şəki Regional Elmi Mərkəzində təşkilati idarəetmə, elmi-tədqiqat, mədəni-kütləvi tədbirlər həyata keçirilib. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının "Erməni diasporuna qarşı effektiv mübarizə tədbirləri və koordinasiya işinin gücləndirilməsinə dair fəaliyyət planı"na uyğun olaraq elmi mərkəzdə görüləcək işlər müəyyən edilib, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialında arxiv araşdırmalarına başlanılıb.

Bildirilib ki, AMEA prezidenti və Şəki şəhər İcra Hakimiyyətinin tövsiyələri ilə 2016-2020-ci illərdə Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi ilə əlaqədar xüsusi konsepsiya hazırlanaraq yerli icra hakimiyyəti orqanına təqdim edilib. Bundan əlavə, Şəki rayonu Fazıl kəndində mövcud olan "Labirint"ə muzey statusu verilməsi və onun bazasında "Arxeologiya, Etnoqrafiya və Antropologiya" muzeyinin təsis edilməsi barədə konsepsiya hazırlanıb.

ŞREM beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra nailiyyətlərə də imza atıb. Belə ki, Bolqarıstan Aqrar Universiteti ilə hər iki ölkə arasında aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. ŞREM-lə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik Təcrübə-Sınaq Stansiyası arasında 2016-2020-ci illər üçün elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb. Şəki REM-in əməkdaşlarının Bolqarıstan, Rumıniya, Türkiyə və Rusiyada olmaqla 16 konfransda iştirakı və bu konfrans materiallarında tezislərin çap olunması elmi müəssisənin xaricdə uğurla təmsil olunmasının göstəricisidir.  Hesabat ilində prioritet istiqamətlərə uyğun elmi tədqiqat işlərinin təsdiq edilmiş planı üzrə səkkiz şöbə üzrə səkkiz mövzu daxilində elmi tədqiqat işləri aparılıb.

Məruzəçi tədbirdə elmi mərkəzin kadr potensialından da danışıb. Bildirib ki, mərkəzdə fəaliyyət göstərən əməkdaşlardan 15-i elmi işçi, biri elmlər doktoru, yeddisi isə fəlsəfə doktorudur. Bundan başqa, elmi mərkəzin beş əməkdaşı akademiyanın 70 illiyi ilə əlaqədar AMEA-nın "Nizami Gəncəvi adına" döş nişanı ilə təltif edilib. Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Y.Şükürlü isə 2015-ci ildə Avropa Nəşr Mətbuat Evinin "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub.

Daha sonra mərkəzin mühüm elmi nəticələri haqqında məlumat verən direktor nəzərə çatdırıb ki, ŞREM əməkdaşlarının biri impakt faktorlu jurnalda, beşi xaricdə olmaqla, ümumilikdə 27 məqaləsi, 11-i xaricdə olmaqla 24 tezisi nəşr olunub. Beş kitab, iki monoqrafiya çapdan çıxıb.

Məruzə ətrafında müzakirələr aparılıb, ŞREM-də elektron elmin tətbiqinin vacibliyi vurğulanıb.

Mərkəzin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat AMEA-nın illik hesabatına daxil edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: