AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” (Bakı, “Füyuzat”, 2025. 144 s.) kitabı nəşr olunub.
Kitabın “Orta əsrlərdə müsəlman Şərqində elmi-mədəni mühit və türk qaynaqları” adlı giriş hissəsində fəlsəfənin inkişafı tarixində orta əsrlər mərhələsinin müsəlman Şərqinə məxsus olduğu, Şərq peripatetizminin nümayəndələrinin, Azərbaycan filosofları – sufizmin panteist fəlsəfəsinin yaradıcısı Eynəlqüzat Miyanəcinin və İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin irsləri haqqında məsələlər işıqlandırıldıqdan sonra qədim tarixə malik türkdilli mədəniyyətin orta əsrlərdə yüksək səviyyəsi ilə seçildiyi bildirilir. Əsərdə “Kitabi-Dədə Qorqud” eposunda fəlsəfi fikri araşdıran müəllif Dədə Qorqud adından söylənilən dastanların qədim və erkən orta əsr türk abidələri içərisində bəlkə də ən mükəmməli hesab edildiyinə diqqəti yönəldərək Dədə Qorqud şəxsiyyətini, dünyagörüşünü, hikmətamiz fikirlərini və s. məsələləri işıqlandırmışdır. Tədqiqatçı böyük türk mütəfəkkirləri Yusif Balasaqunlunun və Əhməd Yəsəvinin irslərini fəlsəfi cəhətdən araşdırmışdır.
Zakir Məmmədov Türk mütəfəkkiri Yusıf Balasaqunluya dünya şöhrəti gətirən “Xoşbəxt edən bilik” (“Qutadqu bilik”) kitabı ilə əlaqədar məsələləri tədqiq edərkən bu əsərin orta əsr türk fəlsəfi fikrinin qaynaqlarından biri kimi elm və mədəniyyət tarixində əzəmətli yer tutduğunu bildirmişdir. “Xoşbəxt edən bilik” kitabı əsasında tədqiqatçı onun dünyagörüşünü - varlıq təlimini, idrak nəzəriyyəsini, ictimai-siyasi və etik-əxlaqi görüşlərini araşdırmışdır. Yusif Balasaqunlunun “Xoşbəxt edən bilik” (“Qutadqu bilik”) kitabı filoloqlar, dilçi alimlər tərəfindən tədqiq edilsə də, mütəfəkkirin dünyagörüşü Azərbaycanda ilk dəfə Zakir Məmmədov tərəfindən araşdırılmışdır.
“Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” kitabında Əhməd Yəsəvi və onun adı ilə bağlı olan Yəsəvilik təriqəti, mütəfəkkirin dünyagörüşü də tədqiq edilmişdir. Zakir Məmmədov yəsəviliyin Azərbaycanla möhkəm bağlılığı olduğuna diqqəti yönəldərək yazmışdır ki, Uzun Həsənin (1423-1478) bu ordenin üzvü olması bir tərəfdən türkçülük təsiri idisə, digər tərəfdən ərazi daxilində mühüm yer tutan Yəsəvilik ideologiyasının sosial-siyasi həyatda rəğbətlə qarşılanmasından irəli gəlirdi. Onun “Hikmət” divanında dünyagörüşü məsələləri əsas etibarilə sufi təriqəti və onun gedib çıxdığı həqiqət mərhələsində işıqlandırılmışdır. Əhməd Yəsəvinin sufi fikirləri mücərrəd, həyatdan təcrid edilmiş mühakimələr şəklində deyil, real insani münasibətləri ifadə etmişdir.
Tədqiqatçı Əhməd Yəsəvinin “Hikmət” divanının təkcə Türkistan ərazisində deyil, bütövlükdə türk dilində danışan, böyük bir sahədə məskunlaşmış və ya köçəri halda həyat sürən bütün türklərin qiymətli mədəniyyət nümunəsi olduğunu, bütün türk xalqlarının ədəbiyyatının, mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynadığını yazmışdır.
Zakir Məmmədov “Orta əsrlərdə türk qaynaqlarında fəlsəfi fikir” adlı əsərində bildirmişdir ki, qədim köklərə malik türkdilli mədəniyyətə gəldikdə, o, islama qovuşandan sonra da inkişafını uğurla davam etdirmişdir. XI-XII əsrlərdə meydana gəlmiş bir sıra elmi və ədəbi nümunələr - Yusif Balasaqunlunun, Əhməd Yəsəvinin və başqalarının əsərləri buna parlaq misaldır.
Zakir Məmmədovun “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” kitabının tərtibçisi, çapa hazırlayanı və ön sözün müəllifi Aytək Zakirqızıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.