Mayın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparan Beynəlxalq arxeoloji ekspedisiyanın Danimarkadan olan elmi heyəti ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün dünyanın bir çox beynəlxalq elmi təşkilati ilə, həmçinin dünyanın 50-dən çox ölkəsinin akademik qurumu və ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir. Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA Danimarkanın da elmi qurumları və alimləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır və bu məqsədlə hər cür zəruri dəstək veriləcək.
2023-cü ildən etibarən fəaliyyətə başlayan arxeoloji ekspedisiyanın Azərbaycan ərazisindəki ən qədim insan məskəni olan Azıx mağarasında apardığı tədqiqatlardan məmnun qaldığını deyən akademik İsa Həbibbəyli builki nəticələrin də yüksək olacağına əminliyini bildirib. Diqqətə çatdırıb ki, Azıx mağarası Azərbaycanın qədim və tarixi Qarabağ yurdunda yerləşir və işğal dövründə ermənilər bu tarixi irsimizi özünküləri kimi təqdim etməyə çalışsalar da, onların arzuları reallaşmayıb. AMEA rəhbəri qeyd edib ki, Beynəlxalq arxeoloji ekspedisiyanın tədqiqatlarının nəticələrinin elmi mühitdə yayımlanması Qarabağın qədim və tarixi Azərbaycan torpağı olduğunu bir daha bütün dünyaya göstərəcək.
Ekspedisiyanın işinə uğurlar arzulayan akademik İsa Həbibbəyli tədqiqat müddəti ərzində Azıx mağarasını ziyarət edəcəyini və Beynəlxalq arxeoloji qrupun fəaliyyəti ilə yerində tanış olacağını bildirib.
Sonra çıxış edən ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri, Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Mads Faurschou Knudsen səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycandan olan həmkarları ilə birgə qədim Azıx mağarasında tədqiqatlar aparmaqdan və ölkəmizin zəngin, tarixi irsi ilə tanışlıqdan məmnundur. O bildirib ki, bəşəriyyətin ilkin yaşayış məskənlərindən biri olan Azıx mağarasındakı arxeoloji həm ilk insanların yaşını müəyyən etməyə, həm də qədim insanın Afrikadan dünyaya yayılması kimi miqrasiya məsələlərinin araşdırılmasına öz töhfəsini verəcək.
Danimarka Texniki Universitetinin (DTU) Optik Stimullaşdırılan Lüministsen (OSL) tarixlənmə laboratoriyasının rəhbəri Jan-Pieter Buylaert isə çıxışında qeyd edib ki, builki arxeoloji ekspedisiya böyük heyətlə təmsil olunur və cari tədqiqatlarda ənənəvi üsullarla yanaşı, bir çox gizli qalan tərəflərin üzə çıxarılması üçün müasir texnoloji metodların da tətbiqi nəzərdə tutulur.
Daha sonra çıxış edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. Azad Zeynalov Azıx mağarasında Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan ilkin tədqiqatların tarixi barədə məlumat verib. Vurğulayıb ki, bu gün isə XXI əsrin texnologiyalarında istifadə etməklə Azıx mağarasında müasir tədqiqatlar aparılacaq və nəticə etibarilə yeni məlumatların əldə olunması üçün geniş imkanlar mövcuddur.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azıx mağarasında arxeoloji tədqiqatların bərpa olunduğunu bildirib. Qeyd edib ki, arxeoloji tədqiqatlar 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən aparılır və ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Danimarka, Norveç və Almaniyadan olan alimlər təmsil olunurlar.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.
Qeyd edək ki, görüşdə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və Beynəlxalq arxeoloji ekspedisiyanın bir sıra xarici üzvləri iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.