AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 69-cu məşğələsi keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev lektoriyanın bu dəfəki məşğələsinin öz aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən əhəmiyyətli mövzuya - multikulturalizmə həsr edildiyini bildirib. Qeyd edib ki, əsrlər boyu Azərbaycanda insanlar multikultural və tolerantlıq şəraitində yaşayıb. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə yanaşır.
Azərbaycan multikulturalizminin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyən İ.Hacıyev ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamətin yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb.
Qeyd edib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu istiqamətdə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Ümummilli lider Heydər Əliyev irsi və multikulturalizm dəyərləri” mövzusunda məruzəsi dinlənilib.
Ə.Quliyev bildirib ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir. Dini bayramlar yüksək səviyyədə qeyd edilir. Qeyd olunub ki, Prezident İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri elan etdi. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir