Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.06.2025 13:45
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Əlyazmalar İnstitutunda Cavad Heyətin 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə görkəmli cərrah, türkoloq, “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilmiş “Cavad Heyət və Türk kimliyinin elmi zəfəri” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə qonaqlar institutun Ekspozisiya zalında görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

İnstitutun akt zalında baş tutmuş elmi sessiyanı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli türkoloq alim Cavad Heyətin həyat və yaradıcılığından bəhs edib. Alim bu nadir şəxsiyyəti dünya ilə Azərbaycan arasında körpü adlandıraraq çıxışında Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, “Varlıq” dərgisi Cavad Heyətə humanitar sahənin görkəmli mütəxəssisi kimi nüfuz qazandırıb. Ümummilli Lider Heydər Əliyevin onun çoxcəhətli fəaliyyətini və şəxsiyyətini hər zaman yüksək tutduğunu qeyd edən akademik İsa Həbibbəyli milli şüurun inkişafına dəyərli töhfələrini vermiş, yaradıcılığı ilə Azərbaycan elminə örnək olan bu dahi şəxsiyyətin hər zaman xatirələrdə yaşayacağını vurğulayıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Cavad Heyətin çoxşaxəli fəaliyyətindən, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatlarından söz açıb. Cavad Heyətin bütün həyatını və fəaliyyətini əsas sənəti olan cərrahlığa və elmi araşdırmalara həsr etdiyini diqqətə çatdıran alim onun istər cərrahiyyə sahəsində, istərsə də “Varlıq” jurnalının redaktoru, ictimai xadim kimi xalqımızın milli-mədəni kimliyinin dərk edilməsi, azərbaycançılıq və türkçülüyün təbliği sahəsindəki xidmətlərinin danılmaz olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun “Xatirələrimdəki Cavad Heyət”, AMEA-nın müşaviri akademik Möhsün Nağısoylunun “Doktor Cavad Heyət: alovlu vətənpərvər və əsl ziyalı olmağın parlaq nümunəsi”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fövqəladə və səlahiyyətli səfir tarix e.d. Eynulla Mədətlinin “Varlıq” dərgisinin ilk sayı və Əncüməne-Azərbaycanın nümunələri”, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin “Elmi işçilərin hamisi”, institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırovun “Tanımadığım və yaxından tanıdığım Cavad Heyət” adlı məruzələri dinlənilib.

Tədbirin qonaqları – Dr. Robert Bağır Heyət, Türkiyənin mühacir yazıçısı, tərcüməçi və publisist, Almaniya Yazarlar Birliyinin üzvü Dr. Orhan Aras və Dr. Nadir Heyət çıxışlarında Cavad Heyətlə bağlı xatirələrini bölüşüb, bu cür tədbiri ərsəyə gətirdikləri üçün AMEA-nın və institutun rəhbərliyinə, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimovaya və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyevaya, ümumilikdə bu işdə zəhməti keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda institutun sərgi zalında qonaqların xatirə şəkli çəkilib.

Tədbirdən sonra iştirakçılar görkəmli cərrahın əziz xatirəsini yad etmək məqsədilə onun qəbrini ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: