Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dahi lider Heydər Əliyev və Azərbaycan mətbuatı
22.07.2025 10:05
  • A-
  • A
  • A+

Dahi lider Heydər Əliyev və Azərbaycan mətbuatı

İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”.  

                                                Azərbaycan Respublikasının Prezidenti

                                                                                   İlham Əliyev

Bu gün Azərbaycan böyük bir tarixi günü, milli mətbuatın yaranmasının 150 illik yubileyini böyük təntənə ilə qeyd edir. Məhz 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşmüşdür. Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə “Molla Nəsrəddin” jurnalı bütün Şərqin mətbuat tarixində özünəməxsus yer qoymuşdur.

Azərbaycan mətbuatı 150 il ərzində şərəfli inkişaf yolu keçib. Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi milli mətbuat orqanını yaratmaq üçün xeyli vaxt çalışaraq, Əkinçi qəzetini təsis etmişdir. “Əkinçi” qəzetinin ilk nömrəsi Azərbaycan dilində yayımlanaraq ərəb əlifbası ilə çap olunmuş və Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və digər Azərbaycan mütəfəkkirləri qəzetin ilk yazarları olmuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamında qeyd etdiyi kimi: “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Azərbaycanda mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaradaraq, həmçinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində yeni perspektivlərə səbəb oldu. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyev bütün səfərlərinə müxtəlif mətbuat nümayəndələrini dəvət edirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə medianın inkişafı prioritet vəzifələrdən irəli sürülmüşdü. Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının 125 illik yubileyində söyləmişdi: “Üzeyir Hacıbəyovun başçılıq etdiyi "Azərbaycan" qəzeti çox böyük bir qəzet olubdur. 1920-1930-cu illərdə, 1940-cı illərdə, sovet hakimiyyəti, kommunist rejimi dövründə də "Əkinçi" qəzeti böyük iftixar hissi ilə xatırlanırdı. O illər "Əkinçi" qəzeti və Həsən bəy Zərdabi yaradıcılığı haqqında nə qədər böyük tədqiqatlar olubdur. "Molla Nəsrəddin" jurnalı 1932-ci ilə qədər çıxıbdır, sonra nəşri dayanıbdır. 1950-ci illərdə "Kirpi" jurnalını yaratdılar. Yəni bu dövr Azərbaycanda mətbuatın, o cümlədən demokratik mətbuatın ikinci böyük mərhələsidir.”

1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan ilk Milli Konstitusiyamızda mətbuata xüsusi yer ayrılaraq, qeyd olunub: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun, 2000-ci ilin martında imzalanan sərəncamla “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” medianın inkişafına səbəb olmuşdur. Cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilən “Elektron media haqqında” qanun, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı medianın tərəqqisində əvəzsiz rol oynamışdır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar tarixli Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi Azərbaycan mətbuatının inkişafına böyük nailiyyətlər gətirməkdədir.

 

Beləliklə, Azərbaycan Teleradio Akademiyasının “Jurnalistika” ixtisasının məzunu olaraq, qeyd edirəm ki, 150 yaşlı mətbuatımız cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarixin ən qüdrətli Azərbaycanının şərəfli salnaməsini yazacaqdır. 

Günel MƏLİKLİ, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: