Tarixdə elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız müəyyən dövrün hadisələrini əhatə etmir, bütöv bir xalqın taleyini dəyişir, gələcəyin konturlarını müəyyən edir. Azərbaycan xalqının tarixində belə şəxsiyyətlərdən biri və ən önəmlisi, şübhəsiz, Ümummilli Lider Heydər Əliyevdir. O, yalnız siyasi lider deyil, həm də dövlət qurucusu, strateq, müasir Azərbaycan dövlətçiliyinin memarı kimi tarixə düşmüşdür. Ulu Öndərin hakimiyyətə gəlişi, fəaliyyəti və siyasi irsi Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin bərpası və inkişafı baxımından həlledici məqam olmuşdur.
Ümummilli Liderimiz zamanın səssiz, sakit axarını xalqının müstəqilliyi üçün dəyişdi. Səsi yaddaşlara həkk oldu. Ulu Öndər bugünkü Azərbaycanın mənzərəsini, Qarabağın ucsuz-bucaqsız səmalarında dalğalanan bayrağımızı hər kəsdən qabaq gördü. Azərbaycanın səsi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ucaldı.
Heydər Əliyevin ən mükəmməl bacarığı sadəcə keçmişi təhlil etmək deyildi. Gələcəyi real olmuşcasına görə bilmək, həmin gələcəyə aparan çətin yollarda cəsarətlə addımlamaq, beynəlxalq arenalarda qorxmazcasına xalqını müdafiə etmək idi.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Heydər Əliyevin böyük xalq dəstəyi ilə - 98.84% səslə Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan ciddi siyasi və iqtisadi böhranla üz-üzə idi: separatizm meyilləri güclənmiş, dövlət strukturları iflic vəziyyətə düşmüş, sosial və siyasi sabitlik pozulmuşdu. Məhz bu mürəkkəb şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin parçalanmaq təhlükəsinin qarşısını aldı.
Heydər Əliyevin siyasi kursunun əsasını dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası təşkil edirdi. Onun rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət — bazar iqtisadiyyatının qurulması, özəlləşdirmə proqramı, aqrar islahatlar və transmilli enerji layihələri Azərbaycanın iqtisadi suverenliyinin təmin olunmasına və beynəlxalq enerji bazarında strateji tərəfdaş kimi tanınmasına gətirib çıxardı.
Bu dövrdə imzalanan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və digər layihələr həm iqtisadi dirçəlişi, həm də ölkənin geosiyasi əhəmiyyətinin artmasını təmin etdi. Heydər Əliyevin bu cür strateji qərarları Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi.
Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, suveren dövlət kimi tanınmasına və regional əməkdaşlıqlarda fəal iştirakına şərait yaratdı. Onun uzaqgörən diplomatik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirdi və regionda balanslaşdırılmış xarici siyasət yürüdən bir dövlət olaraq tanınmağa başladı.
Heydər Əliyevin siyasi kursu bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir.
Prezident İlham Əliyevin informasiya müharibəsində göstərdiyi prinsipial mövqe, diplomatik uğurları və xalqı ətrafında birləşdirmə bacarığı müasir liderliyin yeni modelini təqdim etmişdir. Heydər Əliyevin ideyalarını XXI əsrin tələblərinə uyğun olaraq təkmilləşdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfərin qazanılması, lokal antiterror tədbirləri ilə separatçı qüvvələrin və Ermənistan silahlı qüvvələrinin tərk silah edilməsi, qondarma Dağlıq Qarabağ Respublikasının rəsmən buraxılması Ulu Öndərin siyasətinin davamıdır. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ölkə daxilində və beynəlxalq arenada geniş rezonans doğurdu. Qətiyyətli və inamlı çıxışları, soyuqqanlılığı və strateji düşüncəsi ilə Azərbaycan xalqına böyük ruh verdi. BBC, CNN, France 24, Al Jazeera, TRT kimi bir sıra nüfuzlu kanallara verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini əsaslandırmaqla yanaşı, ölkəmizin informasiya savaşındakı qələbəsinin də memarı oldu. Bu hadisələr, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun uğurlu davamı olmaqla yanaşı, İlham Əliyevin liderliyində müasir Azərbaycanın hərtərəfli gücləndirilməsi istiqamətində atılmış strateji addımların məntiqi nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə Azərbaycan Respublikası çiçəklənməyə başlamış, xalqımız rifah içində yaşamışdır. Eyni zamanda ölkədə sabitlik təmin olunmuş və strateji inkişaf istiqamətləri müəyyən edilmişdir. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Vətənimizin müstəqilliyinin əbədi və dönməz olmasına nail olmuşdur. Bugünkü güclü və müstəqil Azərbaycan dövləti, məhz bu möhkəm təməl üzərində inşa edilmişdir.
Heydər Əliyev təkcə tarixi şəxsiyyət deyil, həm də milli yaddaşda əbədi yaşayacaq ideoloji-siyasi simvol kimi, bu gün və gələcək nəsillər üçün örnəkdir. Ulu Öndərin siyasi irsi, müstəqilliyimizin, inkişafımızın və milli birliyimizin ideoloji dayağı olaraq aktuallığını qorumaqdadır.
Məhsəti Cəfərli, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.