18 oktyabr...Təqvimdə sadə bir tarix kimi görünə bilər. Lakin bu tarix hər bir azərbaycanlının yaddaşında soyuq bir nəfəs, dərin bir ah, qürurlu bir baxış kimi yaşayır. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin rəsmi şəkildə tanındığı gündür.
Bu gün müstəqillik hər bir azərbaycanlı üçün ən ali dəyərdir. Bu ali dəyərə nail olmaq, onu qorumaq, yaşatmaq-təkcə silaha sarılmaqla deyil, vicdana sarılmaqla, vətəni sözlə, əməl ilə, düşüncə ilə ucaldaraq mümkündür. Çünki müstəqillik sadəcə keçmişin xatirəsi deyil, gələcəyin məsuliyyətidir.
Vətənimizin hər qarışı böyük fədakarlıqların, canyanğısının, xalqımızın qanı və canı bahasına qazanılmış müqəddəs torpaqdır. Bu torpağın hər daşı, hər zərrəsi igid oğullarımızın döyüş meydanlarında göstərdiyi şücaətin canlı şahididir. Əsrlər boyu xalqımız öz torpağını qorumaq, onu yadelli işğalçılardan azad etmək üçün misilsiz cəsarət və vətənpərvərlik nümunəsi göstərmişdir. Bugünkü azad, müstəqil Azərbaycan torpağı yalnız coğrafi məkan deyil, eyni zamanda minlərlə şəhidin ruhunu yaşadan xalqımızın qürur mənbəyidir.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ilin 18 oktyabrında rəsmi şəkildə nail olsa da, bu müstəqilliyi qorumaq və davamlı etmək heç də asan olmadı. Müstəqilliyin ilk illərində iqtisadi tənəzzül, idarəetmədə xaos hökm sürürdü. 18 oktyabrda imzalanan Konstitusiya Aktı qanunvericilik səviyyəsində müstəqilliyi təsdiq etsə də, real həyatda bu müstəqilliyi yaşatmaq və qorumaq üçün güclü liderliyə ehtiyac duyulurdu.
Belə bir zamanda xalqın ümidi yenidən onun çox yaxşı tanıdığı və etibar etdiyi şəxsə – Ulu Öndər Heydər Əliyevə yönəldi. 1993-cü ildə ölkədə baş alıb gedən silahlı qarşıdurmalar, Gəncə hadisələri və hakimiyyət böhranı fonunda dövlət parçalanma astanasına çatmışdı. Məhz belə bir kritik dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da ölkənin xilası yönündə dönüş baş verdi.
Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra 18 oktyabrda əldə olunmuş, lakin təhlükə altında olan dövlət müstəqilliyini real məzmuna çevirdi. O, ölkədə sabitliyi bərpa etdi, hüquqi və siyasi institutları möhkəmləndirdi, ordu quruculuğuna start verdi və Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imicini formalaşdırmağa başladı. Ulu Öndərin apardığı balanslı daxili və xarici siyasət nəticəsində müstəqillik sadəcə bir sənəd deyil, əməldə yaşanan və qorunan milli sərvətə çevrildi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan müstəqil addımlarını daha əminliklə atmağa başladı. Ümummilli Lider seçdiyi yolda cəsarətli qərarlarını ortaya qoymaqdan çəkinmədi və ən əsası beynəlxalq arenada öz sözünü deməyi bacardı.
Bu mənada 18 oktyabrda imzalanan Konstitusiya Aktı hüquqi əsas, Heydər Əliyevin hakimiyyətə qayıdışı isə bu əsasın möhkəmləndirilməsi və gerçəkliyə çevrilməsi oldu. Müstəqilliyin sadəcə elan olunması deyil, onun qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi də məhz həmin uzaqgörən və qətiyyətli liderin adı ilə bağlıdır.
Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi neft siyasəti Azərbaycan dövləçiliyi qarşısında ən böyük xidmətlərindən biri və ən önəmlisidir. 1994-cü ildə “Əsrin müqaviləsi” adlandırılan neft sazişinin imzalanması Azərbaycanın enerji sahəsində müstəqil və strateji xətt yürütməsinin başlanğıcı oldu. Bu uzaqgörən siyasətin nəticəsində nəinki Azərbaycanın geosiyasi əhəmiyyəti artdı, həm də Xəzər dənizinin zəngin neft ehtiyatları dünya bazarına çıxarıldı və beynəlxalq neft şirkətləri ilə tərəfdaşlığın əsası qoyuldu.
Bu möhkəm təməl üzərində Prezident cənab İlham Əliyev Azərbaycanın enerji sektorunu daha da genişləndirərək yeni boru kəmərlərinin – TANAP, TAP və digər strateji layihələrin reallaşmasına nail oldu. Beləliklə, Heydər Əliyevin neft siyasəti cənab İlham Əliyev dövründə davam etdirilərək Azərbaycanın iqtisadi dayanıqlığının və beynəlxalq nüfuzunun əsas sütunlarından birinə çevrildi.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasəti XXI əsrin çağırışlarına uyğun şəkildə davam etdirən və onu uğurla inkişaf etdirən bir liderdir. Onun rəhbərliyi ilə Azərbaycan böyük bir dəyişiklik və tərəqqi dövrünə qədəm qoymuşdur. Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi bu siyasətin nəticəsidir. Azərbaycanı strateji hədəflərə doğru inamla irəlilədən Prezidentimiz milli maraqlarımızı qətiyyətlə qoruyur, ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim prioritet mövqedə saxlayır.
Bu gün Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər, dövlət müstəqilliyinin siyasi, iqtisadi və hərbi baxımdan möhkəmləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Prezident İlham Əliyevin güclü və strateji liderliyi ilə bağlıdır. O, 2003-cü ildə xalqın etimadı ilə Prezident seçildiyi gündən ölkədə sabitliyi qoruyaraq, müasir dövlət quruculuğunu sürətləndirdi. Müstəqillik onun siyasətində sadəcə bir tarix deyil, dövlət idarəçiliyinin, milli kimliyin və suveren iradənin əsas sütunu kimi çıxış edir.
Ən önəmlisi isə, Prezident İlham Əliyev müstəqilliyin və ərazi bütövlüyünün real mənasını 2020-ci ildə – 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi. İlham Əliyevin “Dəmir yumruğu” Azərbaycan xalqının illərlə çəkdiyi torpaq həsrətinin, iradəsinin, siyasi əzmin, milli birliyin simvoluna çevrildi. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərini şəxsən nəzarətdə saxlamaları dövlət rəhbərliyinin bu torpaqların dirçəlişinə, infrastrukturun bərpasına və məcburi köçkünlərin ləyaqətli qayıdışına verdiyi yüksək önəmi nümayiş etdirir.
Bugün biz artıq sadəcə müstəqil deyil, qalib və qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Prezident,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müstəqillik qorunur, möhkəmləndirilir və gələcək nəsillərə daha parlaq şəkildə ötürülür.
Məhsəti CƏFƏRLİ, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.