Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2016 14:31
  • A-
  • A
  • A+

Seminarda seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modellərinə dair məruzə dinlənilib

Seminarda seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modellərinə dair məruzə dinlənilib

Martın 31-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində növbəti “Geomexanika” seminarı keçirilib.

Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə akademik Hətəm Quliyev layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini nəzərə çatdırıb. O, bugünkü seminarda Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və g.-m.e.d. Tahir Məmmədlinin təqdim edəcəyi “Seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modelləri” mövzusunda məruzənin müzakirə olunacağını bildirib.

Sonra g.-m.e.d. Tahir Məmmədli məruzəni təqdim edib. Məruzədə bildirilib ki, sürət modelləri Yerin dərinlik quruluşunun xüsusiyyətlərinin öyrənilməsində mühüm seysmoloji alətdir. Bu modellər, həmçinin zəlzələlərin əsas parametrlərindən olan episentrin və ocağın məkan vəziyyətlərinin təyin olunmasında əsas rol oynayır. Zəlzələlərin bu parametrlərinin etibarlılığı, ərazilərin seysmikliliyinin və zəlzələ ocaqlarının tektonik strukturlar və ya dərinlik qırılmaları ilə əlaqələrinin yüksək dəqiqliklə öyrənilməsinə imkan verir.

Bildirilib ki, son dövrlərə qədər Azərbaycan ərazisinin sürət modellərinin qurulmasında dərin seysmik zondlama (DSZ), sınan dalğaların korrelyasiyası metodu (SDKM) və s. istifadə olunurdu. Hazırda Azərbaycanda 35 rəqəmsal seysmik stansiya fəaliyyət göstərir və bu stansiyalar zəlzələ ocaqlarından yayılan seysmik dalğaları rəqəmsal formada da qeyd edir. Belə məlumatların əldə olunması mürəkkəb geoloji quruluşa malik regionların, o cümlədən Azərbaycan ərazisinin tədqiqində seysmoloji metodun tətbiqinin aktuallığını artırır.

Məruzəçi qeyd edib ki, Azərbaycanda baş verən çoxsaylı zəlzələləri qeydə alan 35 rəqəmsal seysmik stansiyaların  məlumatları  əsasında respublikanın Aşağı Kür çökəkliyində və Qusar-Şabran bölgəsində Yer qabığının sürət modeli qurulmuşdur. Tədqiqat ərazilərində sürət modelinin müxtəlif dərinliklər üzrə horizontal kəsilişləri burada Yer qabığının həm lateral, həm də vertikal istiqamətdə  çox mürəkkəb quruluşa malik olduğu göstərilmişdir. Rəqəmsal məlumatlar əsasında tərtib olunmuş  “qranit”, “bazalt” qatlarının səthlərinin və Moxo sərhəddinin dərinlik izoxətlərinin paylanmasının üçölçülü sxemi burada baş vermiş geodinamik proseslər haqqında bilgiləri genişləndirməyə imkanlar açmışdır.

Bildirilib ki, gələcəkdə bü metodu geniş tətbiq etməklə bütün respublika ərazisinin sürət modelinin tərtib olunması nəzərdə tutulmuşdur. Bununla yanaşı, əlavə mobil stansiyalardan istifadə etməklə lokal ərazilərdə yaradılmış sıx seysmik müşahidə şəbəkələri vasitəsi ilə xüsusi maraq doğuran ayrı-ayrı sahələrin yüksək dəqiqlikli sürət modellərini qurmaq planlaşdırılmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir layihə çərçivəsində görülən işlərin nəticələrinin müzakirəsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: