AMEA Geologiya və Geofizika İnstitutunda “Qlobal iqlim dəyişmələri və Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələr” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, professor Rza Mahmudov mövzu üzrə geniş məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, son dövrlərdə qlobal iqlim dəyişmələri və onun regional təsirləri istənilən ölkənin sabit dayanıqlı inkişafına öz mənfi təsirini göstərməkdə davam edir. İqlim dəyişmələrinin təsirindən baş verən anomal atmosfer prosesləri hidrometeoroloji şəraitin dəyişməsinə və bunun nəticəsi kimi baş verən təbii fəlakətlərin, o cümlədən sel, daşqın, qasırğa, quraqlıq, güclü küləklər, intensiv yağışlar, meşə yanğınları, su obyektlərində səviyyə tərəddüdləri və s. hadisələrin artmasına səbəb olmuşdur.
Qeyd olunub ki, hazırda iqlim dəyişmələrinin təsirindən nəinki ayrı-ayrı dövlətlərin iqtisadiyyatına, ümumilikdə dünya iqtisadiyyatına külli miqdarda ziyan dəyir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən dünyada baş verən təbii fəlakətlərin 80-85%-i hidrometeoroloji proseslərlə bağlıdır.
Ekstremal temperaturların artması, qlobal istiləşmə, quraqlığın səhralaşma prosesini sürətləndirməklə quraq meteoroloji şəraitin yaranmasına səbəb olduğunu söyləyən R.Mahmudov bunun kənd təsərrüfatına, heyvandarlığa, əkinçiliyə, səhiyyə sahələrinə öz mənfi təsirini göstərdiyini, sabit dayanıqlı inkişafı pozduğunu, müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına şərait yaratdığını bildirib. Vurğulayıb ki, bütün bunlar insanın qida məhsullarına olan təlabatını artırmaqla dünya üzrə ərzaq çatışmazlığı təhlükəsini artırır. Bu baxımdan təbii ki, hidrometeoroloji proseslərlə bağlı müxtəlif növ təbii fəlakətlərin dinamikasının artması özünəməxsus fiziki-coğrafi, iqlim şəraiti olan respubikamızın ərazisində də müşahidə olunur.
Bildirilib ki, Azərbaycan ərazisinin iqlimi qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.