Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şəhərsalma və Memarlıq yeni çağırışlar vəhdətində
24.12.2025 12:16
  • A-
  • A
  • A+

Şəhərsalma və Memarlıq yeni çağırışlar vəhdətində

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı bu istiqamətdə elmi-tədqiqatların inkişafına, əlverişli infrastrukturun reallaşmasına stimul olacaq. Bu Sərəncam Bakı şəhəri və regionlarda müasir infrastrukturun tətbiqi, xüsusilə Qarabağ bölgəsində aparılan bərpa və quruculuq işlərini zəruri edən amillərdən irəli gəlir. Tarixi memarlıq irsinin qorunması ilə müasir üslubda şəhərlərin salınması və yeni yaşayış mühitinin yaradılması böyük strateji əhəmiyyət kəsb edir.

Ölkə başçısının rəhbərliyi ilə son illər respublikamızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və yaşıl şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə inşa edilən monumental komplekslərin bədii dəyəri, konsepsiyası və onun memarlıq həlli öz əhəmiyyətini kəskin şəkildə büruzə vermişdir.

Ötən dövr ərzində qabaqcıl və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi ilə şəhərsalmada  yüksək estetik təsir gücünə malik orijinal nümunələr yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Ölkəmizdə həyata keçirilən müasir memarlıq layihələrinin icrası zamanı tarixi memarlıq ənənələri  ilə müasir üslubun harmoniyası şəhərsalmada innovativ yanaşmanı zəruri edir. Bununla yanaşı tarixi irsin qorunması ilə müasirliyin vəhdəti ölkənin və millətin adını simvolizə edir, milli mədəniyyətin rəmzinə çevrilir.

Şəhərsalma ilə əlaqədar innovativ yanaşmalar düzənində Azərbaycan özünəməxsus yer tutur. Milli şəhərsalma forumlarında tanınmış memarların ölkəmizi təmsil etməsi, onların beynəlxalq tərəfdaşlarla birgə fəaliyyəti çərçivəsində yeni uğurlu layihələr formalaşır və həyata keçirilir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF 13) 2026-cı il may ayının sonlarında keçirilməsi qərarı ölkəmizin qlobal mühitdə artan gücünü , eləcə də şəhərsalma istiqamətində inkişafını əks etdirir.

Şəhərsalma və memarlıq ənənələri insanların dünyagörüşünün və mədəniyyətinin formalaşdırılmasında önəmli rola malikdir. Memarlıq bir yaradıcılıq işi olmaqla yanaşı həm də insanların həyatında və mədəniyyətlərin inkişafında, şəhər mühitinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Müasir Azərbaycan memarlığı öz inkişafının dinamik  mərhələsində estetik düşüncənin və funksionallığın vəhdətində “ağıllı” infrastruktur, “yaşıl” texnologiyalar kimi şəhərsalma prinsiplərinə söykənir.

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Sərəncam AMEA Memarlıq və İncəsənət İnstitutunda mövcud olan “Memarlıq abidələrinin qorunması və bərpa problemləri”, “Memarlıq tarixi və nəzəriyyəsi”, “Şəhərsalma” şöbələrində fəaliyyət göstərən əməkdaşların elmi-tədqiqat işlərində yeni yaradıcılıq imkanlarının açılmasına şərait yaradır. Memarlıq və şəhərsalma sahəsində aparılan hər bir tədqiqatın nəticəsi yeni bir uğurlu layihənin başlanğıcına zəmin yaradır.

Rəfiqə AĞAKİŞİYEVA, AMEA Memarlıq və İncəsənət İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: