Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2016 11:45
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi

Aprelin 18-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 2015-ci ilin yekunlarına həsr olunan “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirildi.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söylədi.

Prezident İlham Əliyevin humanitar və ictimai elm qarşısında qoyduğu ən mühüm məsələlərdən biri də Azərbaycanda müstəqillik dövrünün öyrənilməsi olduğunu söyləyən akademik İ.Həbibbəyli bu təklifin diqqətimizi müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir çağırış olduğunu vurğuladı.

“Ədəbi proses–2015”in Azərbaycan ədəbiyyatının müstəqillik dövrünə həsr olunan yaradıcılıq müşavirəsi kimi mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik bu müşavirənin aparıcı elmi-ideoloji istiqamətini azərbaycançılıq, millilik və bəşərilik təşkil etdiyini bildirdi.

AMEA-nın vitse-prezidenti tədbirin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında gedən proseslərin, meydana çıxan şəxsiyyətlərin və yaranan janrların təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsinə həsr olunduğunu bildirdi. Alimin sözlərinə görə, bu müşavirənin digərlərindən əsas fərqi məruzəçilərin əksəriyyətinin gənclərdən ibarət olmasıdır.

Bildirildi ki, tədbirdə 14 məruzəçi ədəbi prosesin bütün sahələrini əhatə edən müxtəlif mövzularda çıxış edəcəklər: “Müstəqillik dövrünün yetirməsi olan yeni təfəkkürə malik gənc elmi nəsil müstəqillik dövrünün ədəbi prosesləri haqqında öz baxışlarını meydana qoyur. Bu, ölkədə aparılan gənclər siyasətinin inkişaf etdirilməsi baxımından da əhəmiyyətli addımdır”.

Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunda Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin, Tarix İnstitutunda isə Müasir Azərbaycan tarixi şöbəsində Müstəqillik dövrü Azərbaycan tarixi sektorunun fəaliyyət göstərdiyini diqqətə çatdırdı.  Həmçinin Ədəbiyyat İnstitutunda “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının nəşrə hazırlandığını bildirdi.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli,  “Ədəbiyyat” qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turan çıxış edərək son illər Azərbaycan ədəbiyyatında xeyli irəliləyişlərin müşahidə olunduğunu, bu inkişafın təmini istiqamətində Ədəbiyyat İnstitutunda mühüm işlərin görüldüyünü vurğuladılar.

Tədbirdə “2015-ci ilin şeiri”, “Poemalar”, “Bölgələrdə ədəbi həyat”, “Hekayələr”, “Müasir romanlar”, “Bədii tərcümə”, “Ədəbi gəncliyin axtarışları”, “Ədəbiyyatşünaslıq (nəzəri problemlər)”, “Uşaq ədəbiyyatı (nəsr və dramaturgiya)”, “Satirik janrlar”, “Cənubda ədəbi proses” və s. mövzularda məruzələr dinlənildi, çıxışlar ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: