Aprelin 20-də İ.Əfəndiyev adına Elitar gimnaziyada AMEA və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Aviasiya və Kosmonavtika Günü və Beynəlxalq Astronomiya Gününə həsr olunmuş görüş keçirildi.
Gimnaziyanın müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov açdı. O, Akademiyanın əsas fəaliyyət istiqamətləri, burada aparılan araşdırmalar, həyata keçirilən innovativ layihələr barədə məlumat verdi. Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyası, gənc kadrların prioritet elm sahələrində tədqiqatlara cəlb edilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırdı. S.Qəhrəmanov AMEA ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyi ilə mövcud əməkdaşlıq əlaqələrindən söz açaraq bu qurumla birgə həyata keçirilən tədbirlərin hər iki qurum üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Sonra AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin rəhbəri, fizika-riyaziyyat elmləri namizədi Ədalət Ətayi “Kosmik tədqiqatların astronomiyada rolu” mövzusunda məruzəsini təqdim etdi. O, əvvəlcə bu əlamətdar günün önəmindən söz açaraq Aviasiya və Kosmonavtika Günündə dünyanın müxtəlif ölkələrində tematik sərgilər, konfranslar və mühazirələrin təşkil edildiyini bildirdi.
Alim Azərbaycanda bu sahənin inkişafına ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət göstərildiyini qeyd edərək dövlət başçısının 2013-cü ildə Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işlərinin başa çatması münasibətilə rəsədxanaya ziyarətini xatırlatdı. Ölkə Prezidentinin bu zaman rəsədxanada aparılmış təmir-tikinti işləri və qurumun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərlə ətraflı tanış olduğunu nəzərə çatdırdı.
Sonra alim ŞAR-ın əsas fəaliyyət istiqamətlərindən danışdı. Burada səma cisimlərinin fizika və dinamikası, Günəş fizikası və Günəş- Yer əlaqələri fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası və s. dair elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı. Rəsədxanada 6 teleskop binası, o cümlədən 2 metrlik əsas teleskopun binasının əsaslı təmir olunduğunu qeyd edərək rəsədxananın bütün teleskoplarına müasir və yeni işıq qəbuledicilərinin alındığını, xüsusi kameralar və kriogen qurğusunun quraşdırıldığını qeyd etdi.
Görüşdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Natiq Əliyev də çıxış etdi. O, alimlərin orta məktəblərdə keçirdiyi görüşlərin şagirdlərin təhsil həyatında əvəzsiz rol oynadığını qeyd edərək bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsini tövsiyə etdi.
Sonra Elitar gimnaziyanın 8-ci sinif şagirdi Yekaterina Korolyova astrofizikaya dair təqdimatla çıxış etdi.
Görüşün sonunda şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.