Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XV Beynəlxalq elmi-praktiki konfrans keçirildi.
AMEA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuşdur.
Öncə universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək on beş ildir ki, ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışdı. Tədbirin Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu gün təqdim ediləcək məruzələr olduqca aktual məsələlərə həsr olunmuşdur. Konfrans türkdilli xalqların musiqi ənənələri sahəsindəki problemlər və onların həlli yollarının araşdırılması, ortaq mədəniyyətimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi yönündə geniş imkanlar açacaq.
F.Əliyeva bu kimi tədbirlərin elmlə təhsilin inteqrasiyasının sürətlənməsi istiqamətində mühüm addım olduğunu dilə gətirdi. Qeyd etdi ki, belə tədbirlərin təşkili gənclərin elmi potensialını üzə çıxarmaq, onların araşdırmalarına dərindən nəzər salmaq, əldə etdikləri təcrübələri elmdə tətbiq etmək, eyni zamanda, musiqi sahəsində gedən prosesləri izləmək baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.
Sonra ADMİU ilə AMEA-nın Nizami adına Ədəbiyyat və Memralıq və İncəsənət institutları arasında birgə əməkdaşlığa dair memorandum imzalandı.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türksoylu xalqların ortaq tarixi köklərə, böyük mədəniyyətə və çoxəsrlik ənənələrə malik olduqlarını vurğuladı. Qeyd etdi ki, müstəqillik illərində türksoylu xalqaların elmi-mədəni, ədəbi və iqtisadi əlaqələri bərpa olunmuş və daha da inkişaf etmişdir.
Akademik İsa Həbibbəyli tədbir iştirakçılarına 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısını xatırlatdı. Bildirdi ki, bu tədbir Türkdilli xalqların mədəni irsinin qorunması, bərpası, təşviqi və inkişafı yönündə əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir. O, həmçinin yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun mənəvi türk birliyinin formalaşmasına xidmət etdiyini diqqətə çatdırdı. Alim hazırda bu birliyə üzv ölkələrin iştirakı ilə Ortaq ədəbiyyat tarixinə dair dərsliyin hazırlandığını dedi. Qeyd etdi ki, bu dərsliyin orta məktəblərdə tədris olunması nəzərdə tutulur.
“Bugünkü konfrans bütün türk dünyasını düşündürən aktual məsələlərə həsr olunmuşdur” deyə bildirən İsa Həbibbəyli türk xalqlarının elmi cəhətdən inteqrasiyası və möhkəmlənməsi baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. AMEA-nın vitse-prezidenti bugünkü tədbirin türkdilli xalqlar arasında mədəni inteqrasiyanın inkişafını sürətləndirəcəyinə əminliyini ifadə etdi. İmzalanan memorandumun elmlə təhsilin inteqrasiyası baxımdan xüsusi önəm daşıdığını bildirdi.
Beynəlxalq konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik Quliyev və Yunus Əmrə İnstitutunun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış edərək bildirdilər ki, Türk xalqlarının oxşar dil və vahid dinə malik olmaları bu regionların elmi və mədəni əlaqələrinin zənginləşməsinə rəvac vermişdir.
Konfrans öz işini 4 seksiya üzrə davam etdirdi. Tədbirdə musiqi pedaqogikası, müqayisəli sənətşünaslıq, musiqi tarixi və nəzəriyyəsi, etnomusiqişünaslıq və digər istiqamətləri əhatə edən məruzələr dinlənildi, geniş fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.