Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb.
AMEA-nın prezidenti bildirib ki, Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə çatmasına nail olunub. Akademik bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.
Akademiya rəhbəri AMEA-nın bugünkü fəaliyyətində də ulu öndərin böyük xidmətlərindən bəhs edib: "Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin əsasını qoyduğu düşünülmüş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev daim yaddaşlarda qalacaq, xalqımız onu həmişə fəxrlə anacaq".
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyevin 47 il davam edən dövlətçilik siyasəti sayəsində Azərbaycan keçmiş Sovet dövrünün qabaqcıl ölkələrindən, müasir Azərbaycan isə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.
Akademik İsa Həbibbəyli bu dayanıqlı siyasətin bir neçə tarixi mərhələni əhatə etdiyini deyib: "Heydər Əliyevin yaratdığı bu siyasəti bir neçə aspektdən təhlil etmək olar. Lakin ən mühüm üç tarixi mərhələ var ki, ölkəmizin inkişafı məhz bu dövrlərə bağlıdır. Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev həmin vaxt hakimiyyətə gələndə Azərbaycanın adı keçmiş sovet respublikaları arasında sonuncu yerlərdə çəkilirdi. Məhz onun fəaliyyəti ölkəmizi həmin respublikalar sırasında üçüncü pilləyə yüksəldib. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər ölkəmizi Azərbaycanın üzləşdiyi təhlükədən xilas edib. Müstəqillik illərində həyata keçirdiyi islahatlar, gördüyü mühüm işlər Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələnib. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev isə ulu öndərin siyasi kursunu uğurla davam etdirərək bu inkişafa daha da təkan verib".
AMEA-nın vitse-prezidenti ümummilli liderin Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etdiyini bildirib: "Müdrik siyasəti sayəsində 90-cı illərin əvvəllərində ölkəmizi vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edib. Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsa da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir".
Akademik, Heydər Əliyevin Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdiyini və bu siyasət sayəsində ölkəmizin çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini bildirib.
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətin inkişafı" mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, məhz ümummilli liderin mədəniyyət siyasəti nəticəsində qədim zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndərin Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı olduğunu deyən Rafael Hüseynov hələ sovet dövründə yaradılan maneələrə baxmayaraq, ölkə mədəniyyətinin inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyətinin yüksəliş dövrü keçdiyini diqqətə çatdırıb. Akademik Rafael Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.
Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əsası ulu öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə "Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda məruzə ilə çıxış edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova ulu öndərin təbiətə münasibətinin onun azərbaycançılıq ideyasının tərkib hissəsi olduğunu bildirib: "İnsanları “təbiətin övladı” kimi dəyərləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daima təbiətə qayğı göstərib. Çətin və ziddiyyətli Sovetlər dönəmində Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlayıb, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xususi qayğı ilə yanaşıb. Bununla bağlı müxtəlif illərdə milli fəaliyyət proqramları, qanun və qərarlar qəbul edilib, ölkəmizdə ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib".
Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin müstəqil Azərbaycanın ekoloji problemlərini bir daha ön plana çəkdiyini deyən institut direktoru ulu öndərin bir çox qlobal və regional ekoloji problemlərin həllinə yönəlmiş düzgün qərarlar qəbul etdiyini, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarların yenidən işlənərək təkmilləşdirildiyini, ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırıb.
Akademik İradə Hüseynova qeyd edib ki, ümummilli liderin başladığı, lakin axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.
Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov "Heydər Əliyev: Gənclik və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ümummilli lideri Heydər Əliyevin sağlam və sarsılmaz milli ideologiyasının davamlılığında gənclər siyasəti ön sıralarda yer tutub: "Ulu öndər Heydər Əliyev daim gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağıraraq yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. O, Azərbaycanın ümummilli siyasi iradəsinə sadiq qalmağı, onun gələcək rifahı naminə maraqları qorumağı və ən əsası, o dövrkü siyasi fundamental bazanı formalaşdırmaq üçün gənclərin milli ruhda yetişdirilməsini və ümumi fəaliyyətə cəlb ediməsini dövlətin əsas prioriteti kimi daim irəli sürüb".
Famin Salmanov qeyd edib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını məhz ümummilli lider qoyub. Müasir Azərbaycanda gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsinin Heydər Əliyev siyasətinin düşünülmüş modifikasiyası baxımından gələcəyimiz üçün imkanlar yaratdığını deyən şura sədri, bunun da ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz təzahürünü tapdığını diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.