Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2016 09:52
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən 70-ci məşğələsi keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açaraq, dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu ideyaların reallaşması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərib. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dövrlərdə həyata keçirilən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, ölkəmizin beynəlxalq birliyin nüfuzlu və güclü bir üzvü olaraq mövqelərinin möhkəmləndiyi qeyd edilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası da bugünkü inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə ulu öndər Heydər Əliyevin vermiş olduğu müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni və müqayisəsiz dövrünə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində qısa tarixi dövr ərzində regionda makroiqtisadi sabitlik yaranıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Tədbirdə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev və Azərbaycanın müstəqilliyi” adlı məruzəsi dinlənilib.

Akademik İsmayıl Hacıyev bildirib ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, böyük çətinliklərlə qarşılaşıb. Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.

Vurğulanıb ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, məhv olmaqdan qurtulub. Onun dühasının qüdrəti sayəsində Azərbaycanda siyasi və milli-ideoloji birliyin təməli qoyulub, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrilib. Dövlət quruculuğu sahəsində əldə olunmuş nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələridir. Məhz Ümummilli Liderimizin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm rola malik olmaqla yanaşı, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: