Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın zəngin mədəni irsinin toplanmasına, təbliği və elmi tədqiqinə daim diqqət göstərir, bu sahədə mütəmadi işlər aparır. Bu yaxınlarda muzey yeni maddi mədəniyyət nümunələri əldə edib. Bunlar 2016-cı ildə Qobustan rayonunda özül qazılarkən tapılmış pilək, muncuq düzümü, at fiquru, sancaq və bəzək əşyasıdır.
Tapıntıların hamısı məişətdə istifadə olunmuş geyim, sinə və baş bəzəkləridir. Onların hazırlanmasında tökmə, döymə, kəsmə, sıxma, burma, əymə, cilalama, lehimləmə və zərbetmə kimi texniki üsullardan istifadə olunmuşdur.
Tapıntıların dövrünə gəldikdə, müqayisəli təhlillər əsasında onların antik dövrə, daha dəqiq desək, e.ə. IV-I əsrlərə aid olması ehtimal edilir. Belə ki, bu nümunələrə oxşar tapıntılar Mollaisaqlı (İsmayıllı rayonu) və Nərgizəva (Ağsu rayonu) abidələrindən də məlumdur. Hazırda adları çəkilən abidələrdən tapılmış bəddi tunc məmulatının ən nəfis nümunələri muzeyin ekspozisiyasında nümayiş etdirilir. Təhvil verilmiş beş ədəd nümunə də Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təssəvvür yaradır.
Tapıntılar Qafqaz Albaniyası əhalisinin məişətini, bədii zövqünü və ideoloji təsəvvürlərini özündə əks etdirən məxəz kimi çox dəyərlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.