Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.09.2026 09:52
  • A-
  • A
  • A+

Keşikçidağ Kurqanlar Vadisində elmi-arxeoloji qazıntılar və Yay Məktəbi

Keşikçidağ Kurqanlar Vadisində elmi-arxeoloji qazıntılar və Yay Məktəbi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki Keşikçidağ Kurqanlar Vadisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları arxeoloji tədqiqatlarını davam etdirmişlər.

İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərlik  etdiyi ekspedisiya Sarıyoxuş dərəsi 4 saylı kurqanda arxeoloji tədqiqatlar aparmışlar. Tədqiqatlar zamanı Orta Tunc dövrünün son mərhələsinə aidiyyatı ehtimal edilən kurqan tipli qəbir abidəsindən maraqlı tapıntılar aşkar edilmişdir.

İlk növbədə kurqan tipli qəbir abidəsinin kamerasında dəfn inventarına aid olan xəncər və keramika öz formalarına görə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aid edilir. Adətən, bu xüsusiyyətlər Orta Tunc dövrünün son mərhələsində əkinçi-maldar populyasiyaların keramika istehsalında müşahidə edilir.

Digər maraqlı tapıntı – bizə qədər gəlib çatmamış oxqabı içində olan ox ucluqlarıdır. Belə ki, sapları artıq tam aşınmış ox ucluqları qırmızı, qonur, boz və d. rənglərdə olan çaxmaqdaşından hazırlanmışdır. Qeyd edək ki, adətən ərazidə aşkar edilmiş və kurqan dəfnlərində yer tapmış müşayətedici simvolik silahlar sırasında ox ucluqları əksər hallarda dəvəgözündən (obsidian – vulkanik şüşə) hazırlanırdı. Bu cür tapıntı ilə Sarıyoxuş 4 saylı kurqan bölgə üzrə həmdövr kurqan dəfnlərindəki qeyd edilmiş ənənədən fərqlənir. 

Cilalanmış kürəşəkilli, zəif ellips kontur cizgilərinə malik əsa başlığının aşkar edilməsi kurqanda dəfn edilmiş fərdin qədim populyasiya daxilindəki sosial ierarxiyada yüksək mövqe tutduğuna dəlalət edir.

Qeyd edək ki, kurqanın tədqiqində başda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev olmaqla, Qoruq əməkdaşları yaxından iştirak etmişlər.

Həmçinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi də uğurla gerçəkləşdirilib.

Layihə çərçivəsində Bakı şəhərindən gələn bir qrup ziyarətçi üçün qoruq ərazisinə elmi-praktiki tur təşkil olunub. Tur zamanı iştirakçılar Keşikçidağ Kurqanlar Vadisinin zəngin arxeoloji irsi, ərazidə aparılan elmi tədqiqatlar və kurqanların tarixi-arxeoloji xüsusiyyətləri ilə tanış olaraq mövzuya böyük maraq göstəriblər.

Qonaqlar həmçinin, Sarıyoxuş 4 saylı kurqanda qazıntı prosesinin mərhələlərini və tətbiq olunan müasir tədqiqat metodlarını maraqla izləyiblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədov tərəfindən iştirakçılar üçün əyani ustad dərsləri  keçirilib. Ustad dərsləri zamanı arxeoloji qazıntıların aparılması metodikası, təbəqələrin müəyyənləşdirilməsi, maddi-mədəniyyət nümunələrinin aşkar olunması, sənədləşdirilməsi və ilkin elmi qiymətləndirilməsi qaydaları nəzəri və praktiki aspektdən ətraflı izah edilib.

Tur iştirakçıları kurqandan aşkar edilmiş, Orta Tunc dövründən Son Tunc dövrünə keçid mərhələsinə aid edilən nadir artefaktları böyük maraqla nəzərdən keçiriblər.

Elmi-praktiki turun davamında qonaqlar Keşikçidağ mağaralar kompleksini də ziyarət ediblər. Ekskursiya zamanı iştirakçılar mağaraların tarixi-mədəni əhəmiyyəti, özünəməxsus memarlıq xüsusiyyətləri və burada qorunub saxlanılan freska nümunələri ilə dərindən maraqlanıblar.

Səfər müddətində qonaqlara Keşikçidağ ərazisinin arxeoloji, memarlıq, tarixi və təbii komponentləri özündə harmonik şəkildə birləşdirən bütöv bir mədəni landşaft olduğu barədə də geniş bilgi verilib.

Bu cür elmi-praktiki tədbirlər “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsinin elmi və maarifləndirici çəkisini artırmaqla yanaşı, zəngin arxeoloji irsin ictimaiyyətə tanıdılması, iştirakçıların praktiki biliklərinin zənginləşdirilməsi və mədəni irsin qorunması sahəsində ictimai məlumatlılığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: