Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2026 12:15
  • A-
  • A
  • A+

Damir Muxetdinov Şərqşünaslıq İnstitutunda kitab təqdimatı keçirib

Damir Muxetdinov Şərqşünaslıq İnstitutunda kitab təqdimatı keçirib

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinov sentyabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Алкоран или закон магометанский” (“Quran və ya Məhəmmədin qanunu”) kitabının təqdimatını keçirib.

Professor D.Muxetdinov ilk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Rusiya Federasiyası baş müftisinin xüsusi nümayəndəsi Səfa Kərimov da iştirak edib.

Damir Muxetdinov təqdimatını keçirəcəyi kitab haqqında məlumat verib.

Akademik G.Baxşəliyeva nəşri yüksək qiymətləndirib və Şərqşünaslıq İnstitutunda islamşümaslıq sahəsində aparılan tədqiqatlar barədə məlumat verib.

Daha sonra D.Muxetdinov kitabın təqdimatını keçirib.

Təqdimat tədbirini giriş sözü ilə açan akademik G.Baxşəliyeva kitab haqqında ümumi məlumat verib və nəşrin əhəmiyyətini qeyd edib.

Professor Damir Muxetdinov çıxış edərək bildirib ki, təqdim olunan kitab Quranın 18-ci əsrin əvvəllərində Pyotr dövrünün ilk rus tibb və fəlsəfə doktoru, diplomatı və alimi Pyotr Postnikov tərəfindən həyata keçirilmiş rus dilinə əlyazma tərcüməsinin faksimile nəşridir. Tərcümə Andre dyu Ryenin ərəb dilindən tərcümə olunmuş fransız nəşrinə əsaslanır və Rusiya ictimaiyyətinin Müqəddəs Quranın mətni ilə tanış edilməsi üzrə ən erkən cəhdlər sırasına daxildir.

Kitabda professor D.Muxetdinovun giriş yazısında tərcümənin tarixi, Andre dyu Rye versiyasının erkən Avropa Quranşünaslığının formalaşmasındakı rolu, eləcə də P.Postnikovun tərcüməsinin XVIII əsrdə Rusiyanın islamşünaslıq ənənəsinin formalaşmasındakı yeri açıqlanır.

Nəşr P.Postnikovun anadan olmasının 360 illiyinə həsr olunub və "Quran Rusiyada" silsiləsi çərçivəsində nəşr olunub.

D.Muxetdinov kitabın nüsxəsini akademik Gövhər Baxşəliyevaya təqdim edib.

Tədbirin sonunda D.Muxetdinov şərqşünas alimlərin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: