Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

2023-cü il Sentyabr qəhrəmanlığı
25.09.2026 13:50
  • A-
  • A
  • A+

2023-cü il Sentyabr qəhrəmanlığı

III MƏQALƏ

İdeoloji risklər və təhlükəsizlik

Qalib dövlət statusunu daim aktual saxlamaq çətin məsələdir. Bu mövzuda öncəki məqalələrdə aparılan təhlildən də bunu görmək olar. Real olaraq qalib olmuş dövlət və xalqın isə həmin obrazı saxlamaqdan başqa inkişaf yolu yoxdur. Dünya təcrübəsi göstərir ki, hər hansı dövlət Zəfəri hərbi, informasiya, ideya, siyasət, diplomatiya və digər sferalarda hansı böyük zəhmət bahasına əldə etmişdirsə, ondan az olmayan çalışqanlıq və uzaqgörənliklə postmüharibə mərhələsində qələbənin obrazının dövlət və xalqın inkişafına xidmətini təmin etməlidir.

Burada məsələnin bütün çalarları üzərində dayanmaq imkanı yoxdur. Lakin dünya təcrübəsində rast gəlinən bir sıra mühüm məqamlar prizmasında 2023-cü il Sentyabr qəhrəmanlığı işığında Azərbaycan üçün əhəmiyyətli və dövlət başçısının dəqiqliklə ifadə etdiyi iki xüsusiyyətə diqqət edək. Onlardan birincisi qarşıya çıxa biləcək ideoloji risklərdir. Digəri isə, ümumiyyətlə, təhlükəsizliyin təminidir.

Azərbaycan Prezidenti bu bağlılıqda demişdir: “Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq”.

Fikirlərinə davam edərək dövlət başçısı ideoloji risklərin təbiətini və feili prosessuallığını da xarakterizə etmişdir. Qalib dövlət və qalib xalq obrazının vəhdətdə saxlanılması və səmərəli tətbiqi baxımından bu cəhət son dərəcə önəmlidir. Ölkə rəhbəri ifadə etmişdir ki, “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.

Aydın olur ki, ideoloji risklərdən qorunmaq statik məsələ deyildir. Bu təhdid özü dinamik və davamlı olduğundan ondan müdafiə konsepti də eyni xarakterdə olmalıdır. Məsələ daim gündəmdə aktual olaraq saxlanmalı və onunla mübarizə aparılmalıdır. Bu isə mükəmməl fəaliyyət sistemi və ya şəbəkəsi yaratmaq tələbini ön sıraya çıxarır.

Bunlara görədir ki, ölkə rəhbəri bir daha vurğulayır: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.

Bizcə, mənzərə tam aydındır. Prezident İlham Əliyev əldə edilən böyük Zəfərin qalib dövlət və qalib xalq obrazlarının dinamik və davamlı olaraq funksionallıqlarının təmin edilməsi üçün incə siyasət yeritməyin əhəmiyyətini vurğulayır. Bu cür yanaşma başqa məqamlarla yanaşı, həm də uğurlardan arxayınlaşmamağa çağırışdır, qarşıya qoyulan vəzifənin konkret ifadəsidir. Burada ən azı beş istiqamətdə qalib dövlət üçün çox həssas olan əsas parametrləri saxlamaq lazım gəlir.

Birincisi, II Qarabağ müharibəsi və 2023-cü il Sentyabr antiterror tədbirlərində təsdiqini tapmış ölkənin hərbi və siyasi gücünü davamlı olaraq təmin etmək gərəkdir.

İkincisi, milli suverenliyin və ərazi bütövlüyünün möhkəmlənməsinə töhfələr vermək lazımdır.

Üçüncüsü, qalib dövlət və xalqın tələbatına uyğun dövlət institutlarının dayanıqlılığını yeni səviyyələrə yüksəltmək zəruridir.

Dördüncüsü, qlobal miqyasda mədəniyyət, iqtisadiyyat və siyasətə töhfələr verilməlidir.

Beşincisi, tarixi missiyanı, milli qüruru və qələbənin rəmzlərini fəal surətdə təşviq etmək əhəmiyyətlidir.

Bunları qalib dövlət və qalib xalq obrazlarının konseptuallaşdırılması kontekstində ümumiləşdirdikdə dörd parametr üzrə fəaliyyətin aktuallığı məlum olur. Onlar aşağıdakılardır:

- Siyasi rejimin legitimliyi və inklüzivliyinin davamlı təmini. Hakimiyyət daxili iqtisadi və sosial vəziyyəti inkişaf istiqamətində transformasiya etməlidir. Bunun üçün mövcud sabitliyin fundamentinə real faktorları yerləşdirməyi bacarmalıdır;

- Milli inteqrasiya davamlı olaraq aktual gündəmdə saxlanmalıdır. Qalib obrazı burada ciddi birləşdirici rol oynaya bilər. Məsələn, o, “ümumvətəndaş identikliyi”nin formalaşmasında əvəzsiz faktordur;

- Qalib dövlət statusunu səmərəli olaraq beynəlxalq nüfuz faktoruna proyeksiya etmək zəruridir. Bu, dövlətin qalib kimi dünya siyasətində və təhlükəsizlik arxitekturasının formalaşmasında iştirakına böyük dəstəkdir.

- Qalib dövlət tarixi mərhələnin özəlliklərini nəzərə alaraq “yaddaş siyasəti”ni təkmilləşdirməlidir. Keçmiş dərsliklərdə, müxtəlif xüsusi mərasimlərdə elə izah edilməlidir ki, cəmiyyətin bütövlüyü, iqtidar-xalq birliyi, lider-toplum həmrəyliyi mümkün ola biləcək istənilən dağıdıcı və pozucu riskləri neytrallaşdırmağa töhfə versin.

Bütün bunlar hər bir qalib dövlət üçün ortaya çıxa biləcək bir ciddi təhlükədən yayınmağa imkan yaradır.

Bir “tarixi tələ”

Əslində bu barədə Azərbaycan Prezidenti fikir ifadə etmişdir və biz onu vurğulamışıq. Burada onu qeyd etmək istəyirik ki, həmin “tarixi tələ” ümumiyyətlə, müasir siyasi və elmi araşdırmalar üçün konseptual səviyyədə aktualdır. Əgər qalib dövlət keçmişin faktlarını daim özü üçün təkrarlayırsa, onda cəmiyyət sanki sosial-mədəni bataqlığa yuvarlanır. O, yeniləşmə və irəliyə aparan siyasi diskurs əvəzinə siyasi anlamda “geriyə istiqamətlənir”. Nəticədə “keçmiş qələbələr” kultu yaranır. Bu proses dövlət qarşısına aşağıdakı problemləri çıxara bilər:

- Qələbə eyforiyası daxili iqtisadi və sosial problemləri maskalaya bilər;

- Tarix mifləşdirilə bilər. Yəni bir sıra real faktlar məqsədli şəkildə arxa plana atılar;

- Qaliblik sindromu yaranar ki, o da beynəlxalq miqyasda yeni münaqişələrə aparıb çıxarar.

Bütün bunlar son olaraq beynəlxalq miqyasda “yaddaş müharibələri” adlanan halı meydana gətirər. Bu, dövlətin dünya səviyyəsində fəaliyyətinə müxtəlif əngəllər yaradır.

Belə alınır ki, qalib dövlət və qalib xalq obrazının daimi saxlanması üçün kompleks şəkildə müxtəlif faktorları nəzərə almaq lazım gəlir. Onların sırasında gənclərin tərbiyəsi xüsusi yer tutur. 2023-cü il Sentyabr antiterror tədbirləri həmin baxımdan ayrıca əhəmiyyətə malikdir.

Zəfər dastanı və gənclik

Gənclər cəmiyyətin gələcəyidirlər. Onların bugünkü tərbiyəsi faktiki olaraq gələcək toplumun mənəvi arxitekturasının təməlini qoymaq deməkdir. Əlbəttə, bu prosesdə Vətən müharibəsi və ayrıca 2023-cü il Sentyabr tədbirləri çox əhəmiyyətli rol oynayırlar. Prezident İlham Əliyevin ərazi bütövlüyünün bərpası və suverenliyin tam təmin edilməsi məsələlərini daim aktuallaşdırması gənclər üçün olduqca vacib məqamdır.

Zəfərin verdiyi töhfələrin gənclərin mənəviyyatı və şüurlarında ərazi bütövlüyü, müstəqillik və tam suverenliklə assosiasiya olunması qalib dövlət obrazı ilə qalib xalq obrazının vəhdətini təmin edə bilən başlıca “kanal”dır. Çünki burada təsəvvür və tərbiyədə qazanılan Zəfərin birbaşa ümumcəmiyyət miqyasına mənaca proyeksiyası baş verir. Azərbaycan gəncliyi həm II Qarabağ müharibəsini, həm də 2023-cü il Sentyabr qəhrəmanlığını vahid məntiqi çərçivədə qəbul edə bilirlər. “Qəhrəman kimdir?” sualına cavab burada çox mühüm tərbiyəedici funksiya yerinə yetirir.

Hər bir cəmiyyət üçün bu sual olduqca aktualdır. Çünki toplumlarda fərdlərin hansı kriteriyalara görə qəhrəmanlığı xarakterizə etmələri prinsipial mahiyyət daşıyır. Bütün gənclik məhz həmin kriteriyalar əsasında özlərini təsdiq etməyə istiqamətlənirlər. İndi bununla bağlı dünya miqyasında bir dolaşıqlığın olduğu sirr deyildir. Yüksək texnologiyalarla müxtəlif istiqamətlərdən cəmiyyətdə xüsusilə gənclərə elə təsirlər edirlər ki, onların sosial-ictimai məsuliyyəti minimuma belə enə bilir. Gənc adam öz cəmiyyəti, xalqı, milləti və dövlətinə qarşı yadlaşmağa doğru dəyişir.

Bu bağlılıqda dövlət başçısının Azərbaycan gənclərinə qarşı bir sıra marginal qrupların, mərkəzlərin, radikal və separatçı kəsimlərin dezinformasiya vasitəsilə təsirlər etməyə çalışdıqlarını vurğulaması təsadüfi deyildir. Gəncləri yoldan çıxarıb öz dövləti və cəmiyyətinə qarşı qoymağa edilən cəhdlər davam edir. Bu yolla həm də toplumda dərin uçurumlar yaratmağı hədəfləyən dairələr vardır.

Əlbəttə ki, bu cür hallara qarşı dayanıqlı mənəvi-əxlaqi dəyərlərə sahib gənclərin olması zərurətdir. Bu baxımdan gənclərin qəhrəman obrazı kənarda deyil, cəmiyyətin daxilində olmalıdır. Burada qalib dövlət və qalib xalq obrazının vacibliyi bir daha aydın olur.

Azərbaycan gənci II Qarabağ müharibəsi və 2023-cü il Sentyabr tədbirləri iştirakçısının qəhrəman obrazını özü üçün nümunə götürə bilər. Azərbaycan əsgərinin Vətənə sədaqəti, şəxsi şücaəti, qətiyyəti, əsgəri peşəkarlığı, məqsədinə çatmaq, yəni qalib gəlmək üçün tükənməz enerjiyə sahib olması milyonlarla gəncə yol göstərir.

Deməli, bu istiqamətdə təbliğat və təşviqatı daim gücləndirməliyik, onları konkret hədəfə yönəldən məzmunda inkişaf etdirməliyik. Bu gün qalib dövlətin, xalqın və ordunun on minlərlə qəhrəman obrazına layiq gəncləri vardır. Azərbaycan Prezidentinin özü dövlət başçısı, siyasi lider və Ali Baş Komandan kimi yüksək qəhrəmanlıq nümunəsidir. İndi bütün dünya dövlət başçımızın yüksək məziyyətlərindən açıq bəhs edir.

Dövlətin başçısı, xalqın lideri və Ali Baş Komandan kimi İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində, dövlətçi şüurlarının inkişafında, milli mənəvi-əxlaqi dəyərlərə əməl etmələrində və ideoloji yetkinliklərində müstəsna rol oynamışdır və indi də belədir.

Azərbaycan gəncləri üçün Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə, bütövlükdə, II Qarabağ müharibəsinin hər bir şəhidi və qazisi, 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olmuş 200-dən çox igidimiz, o hadisələrin qaziləri əsl qəhrəmanlıq nümunəsidirlər.

Azərbaycanın dövlət və xalq kimi qalib obrazının təntənəsi üçün lazım olan bütün təməl şərtlər mövcuddur. Məharətli və milli maraqlara dayanan siyasi kurs sayəsində Azərbaycanın qalib obrazı əbədiyyən mövcud olacaqdır!

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: