Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Forum bitdi: salonlar səsssizləşəndən sonra  səslənən suallar
02.11.2026 10:00
  • A-
  • A
  • A+

Forum bitdi: salonlar səsssizləşəndən sonra səslənən suallar

Salonlar səsizləşdi …

Ən böyük beynəlxalq tədbirlərin görünən ömrü adətən bir neçə gün çəkir. Salonlar işıqlanır, dünyanın müxtəlif ölkələrindən gələn insanlar eyni masa arxasında əyləşir, çıxışlar səslənir, müzakirələr aparılır, sonra qonaqlar yola düşür və tədbir təqvimdə keçmiş zamana çevrilir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da başa çatdı. Mənim üçün onun ən yaddaqalan mənzərələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi tarixi “İsmailiyyə” binasında yaşandı. Oktyabrın 27-də burada UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin “Parçalanmış dünyada humanitar elmlərin missiyası” mövzusunda Akademik Forumunun açılışı keçirildi, ardınca “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda panel müzakirələri aparıldı. Ertəsi gün Forumun elmi müzakirələri ADA Universitetində davam etdi. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, UNESCO və digər tərəfdaşlarla birgə görülən təşkilati işlərin içində, Akademiya üzrə koordinasiya prosesinin birbaşa iştirakçısı kimi mən bu gün həmin günlərə yalnız keçirilmiş tədbir kimi baxa bilmirəm. Bir neçə gün əvvəl müxtəlif ölkələrdən gəlmiş alimlərin, dövlət və beynəlxalq qurumların nümayəndələrinin səsi ilə dolan tarixi zal indi yenə öz gündəlik sakitliyinə qayıdıb. Amma böyük ideyaların ömrü tədbirin ömrü ilə ölçülmür. Forumun səsi zalda kəsiləndən sonra onun düşüncədəki səsi başlamalıdır. İndi tədbirin gurultusundan bir qədər uzaqlaşıb deyilənlərin mənasını dinləmək, nəticə çıxarmaq və yeni elmi suallar vermək vaxtıdır.

Prezidentdən perspektivə prioritetlər paradiqması

Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışı məhz belə suallar üzərində düşünülməli mətnlərdəndir. Bu çıxışı yalnız beynəlxalq tədbirin siyasi nitqi kimi oxumaq onun məna miqyasını daraltmaq olardı. Orada Azərbaycanın keçdiyi yol, qazandığı suverenlik, milli birlik, azərbaycançılıq, multikultural həyat təcrübəsi, mədəniyyətlərarası və dinlərarası dialoq, milli özünəməxsusluğun qorunması, beynəlxalq hüquq, müstəqil siyasi iradə və Azərbaycanın dünyadakı artan rolu bir-birindən ayrı mövzular kimi deyil, vahid dövlətçilik düşüncəsinin müxtəlif qatları kimi görünürdü. Çıxışın daxilində keçmişlə gələcək, milli olanla ümumbəşəri olan, güclə dialoq, suverenliklə açıqlıq arasında dərin bir əlaqə vardı. Azərbaycan dünyaya yalnız öz uğurlarını danışan dövlət kimi deyil, öz tarixi təcrübəsindən çıxardığı nəticəni beynəlxalq müzakirəyə təqdim edən ölkə kimi açılırdı.

Bu düşüncə xəttinin ən mühüm cəhətlərindən biri milli müəyyənliklə dünyaya açıqlığın qarşı-qarşıya qoyulmamasıdır. Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik birliklərin təmas məkanı olub. Prezidentin azərbaycançılığı bütün xalqları birləşdirən milli ideya kimi təqdim etməsi, multikultural və tolerant həyat tərzini ölkənin tarixi təcrübəsi ilə bağlaması təsadüfi deyil. Burada Azərbaycan modelinin daxili fəlsəfəsi görünür. Birlik eynilik demək deyil. Müxtəlif rəngləri silib bir rəng yaratmaq asandır. Çətin olan həmin rənglərin hər birini qoruyaraq bütöv mənzərə yaratmaqdır. Azərbaycançılığın gücü də məhz bu bütövlükdədir. O, milli kimliyin qapısını dünyaya bağlamır. Əksinə, həmin qapının arxasında kimin dayandığını müəyyənləşdirir.

Dialoq üçün əvvəlcə səs lazımdır. Öz səsi olmayan mədəniyyət dialoqda iştirak etmir, başqasının səsini təkrar edir. Öz səsindən başqa heç bir səsi eşitmək istəməyən mədəniyyət isə dialoq yaratmır, monoloqa qapanır. Ona görə mədəniyyətlərarası dialoqun həqiqi formulu nə özündən imtinadır, nə də özünə qapanmaq. Onun formulu özün olaraq başqasına açılmaqdır. Qloballaşmanın yaratdığı ən mürəkkəb humanitar problem də burada başlayır. Dünya yaxınlaşdıqca məsafələr azalır, amma bəzən fərqlər də solmağa başlayır. İnsanlar bir-birini daha tez eşidir, eyni zamanda eyni informasiyanı, eyni obrazları, eyni davranış modellərini daha sürətlə mənimsəyirlər. Belə bir dünyada milli mədəniyyətin qarşısında duran məsələ qapını bağlamaq deyil. Qapıdan daxil olanı tanımaq, seçmək və öz mənalar sistemində yenidən yaratmaqdır.

Özdən özgəyə özgürlük …

Mədəniyyət qapısı həmişə bağlı qala bilməyən evə bənzəyir. O qapıdan külək də gəlir, işıq da. Məsələ nə küləkdən qorxmaq, nə də hər gələn işığı öz günəşimiz hesab etməkdir. Məsələ mədəni sistemin seçim qabiliyyətidir. Mədəniyyət başqa mədəniyyətlə təmasda özünü itirə bilər, dünyaya qapana bilər, iki sistem arasında mənəvi boşluğa düşə bilər. Amma başqa yol da var. Öz müəyyənliyini qoruyaraq yenini qəbul etmək, qəbul etdiyini öz semantik sistemində yenidən mənalandırmaq və ondan yeni keyfiyyət yaratmaq. Akkulturasiya prosesinin ən məhsuldar modeli olan inteqrasiyanın mahiyyəti də budur. Azərbaycan mədəniyyətinin tarixi təcrübəsi belə yaradıcı mənimsəmənin çoxsaylı nümunələri ilə zəngindir. Muğamla cazın görüşündə yaranan estetik hadisə bunun parlaq ifadəsidir. Burada nə muğam özünü itirdi, nə də caz rədd edildi. İki mədəni enerji qarşılaşdı və Azərbaycan həmin qarşılaşmadan yeni söz yaratdı.

Bu mənada qlobal məkana milli-mənəvi dəyərlərimizi sərhəddə qoyub daxil olmaq mümkün deyil. Əksinə, dünyaya özümüzlə getməliyik. Dünya üçün bizim dəyərimiz başqalarına nə qədər bənzəməyimizdə deyil, ümumi insanlıq məkanına özümüzdən nə gətirməyimizdədir. Bir vaxtlar qloballaşma haqqında düşünərkən əsas sual dünyadan nə alacağımız idi. İndi onun yanında başqa, bəlkə də daha məsuliyyətli sual dayanır: dünyaya nə verəcəyik? Azərbaycanın mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaratması bu sualı artıq nəzəri mülahizədən real dövlət və mədəniyyət strategiyasına çevirir.

Kökdən körpüyə …

VII Forumun Bakıda keçirilməsi də yalnız növbəti beynəlxalq tədbir faktı deyil. 2011-ci ildən formalaşan bu platformanın dünyanın müxtəlif ölkələrindən insanları bir araya gətirməsi Azərbaycanın beynəlxalq kommunikasiya məkanındakı funksiyasının dəyişdiyini göstərir. Uzun illər Azərbaycan haqqında Şərqlə Qərb arasında körpü metaforası işlədilib. Bu metaforanın öz həqiqəti var, amma bu gün onunla kifayətlənmək azdır. Körpünün üzərindən keçirlər. Bizim qarşımızda isə daha böyük imkan dayanır: elə bir intellektual və mədəni məkan yaratmaq ki, Şərqlə Qərb yalnız Azərbaycandan keçməsin, Azərbaycanda bir-birini daha yaxşı anlasın. Coğrafi körpünü təbiət yaradır. Mənəvi və intellektual körpünü isə düşüncə qurur. Azərbaycan qəbul edən məkandan mənalandıran, dialoq yaradan, yeni kommunikasiya formulları təklif edən mərkəzə çevrilə bilər.

Risklər, reallıqlar, reaksiyalar…

Elə bu nöqtədə Prezidentin “İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir” fikri bütün çıxışın daxilindən xüsusi qüvvə ilə ayrılır. Bu cümləni yalnız təhlükə xəbərdarlığı kimi oxumaq azdır. Azərbaycan fiziki sərhədlərinin toxunulmazlığını təmin etdiyi, ərazi suverenliyini bərpa etdiyi bir mərhələdə dövlət başçısının diqqəti görünməyən sərhədlərə yönəltməsi təsadüfi deyil. Dövlətin sərhədi xəritədən keçir. Millətin mənəvi sərhədi isə yaddaşdan, dildən, tarixdən, dəyərlər sistemindən, estetik zövqdən və insanın özünü kim hesab etməsindən keçir. Fiziki sərhəddə pozuntunu görmək mümkündür. Mənəvi sərhəddə aşınma isə səssiz gedə bilər. Bəzən onun nəticəsi bir nəslin düşüncəsində görünür. Deməli, təhlükəsizlik anlayışı artıq yalnız torpağın müdafiəsi deyil. O, insan şüurunun, milli yaddaşın və mədəni müəyyənliyin davamlılığını da əhatə edir.

Məhz burada ictimai-humanitar elmin böyük məsuliyyəti başlayır. İdeoloji riskin mahiyyəti nədir? Qlobal informasiya axını milli identikliyi hansı mexanizmlərlə dəyişir? Azərbaycançılığın müasir sosial, fəlsəfi və kulturoloji məzmunu necə inkişaf edir? Multikultural həyat təcrübəmizin dayanıqlığını təmin edən tarixi və sosial mexanizmlər hansılardır? Rəqəmsal mühit insanın dilinə, yaddaşına, estetik zövqünə, davranışına və tarixi şüuruna necə təsir edir? Xaricdən gələn mədəni təsir hansı məqamda zənginləşdirici amilə, hansı məqamda identiklik üçün riskə çevrilir? Bunlar publisistik cavablarla kifayətlənəcək suallar deyil. Dövlət səviyyəsində müəyyənləşdirilən strateji məsələ elmdə problemə, anlayışa, kateqoriyaya, metoda və tədqiqat modelinə çevrilməlidir.

Akademik axtarışlar axarında…

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Akademik Forum bir mühüm həqiqəti xüsusilə aydın göstərdi: mədəniyyətlərarası dialoq yalnız diplomatiyanın və siyasətin dili ilə danışmır; onun fəlsəfəsi, yaddaşı, dili və elmi idrakı da vardır. Bu baxımdan Akademik Forumun ideya istiqamətini ilk növbədə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin açılış nitqi müəyyənləşdirdi. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış Bakı Prosesini və Azərbaycanın multikulturalizm təcrübəsini daha geniş qlobal kontekstdə dəyərləndirərək ölkəmizin Forumlara sadəcə ev sahibliyi etmədiyini, mədəniyyətlərarası dialoqun Azərbaycan modelini və təcrübəsini dünyaya təqdim etdiyini vurğuladı. Akademik İsa Həbibbəylinin çıxışında elmin üzərinə də ayrıca missiya qoyulurdu: elmi əməkdaşlıq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, ortaq dəyərlərin müəyyənləşdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir. Bu yanaşmada Akademiya hadisələri kənardan müşahidə edən məkan deyil, dünyanın mürəkkəb proseslərini elmi düşüncəyə çevirən intellektual mərkəz kimi görünür. Başqa sözlə, dialoq siyasi iradə ilə başlayırsa, onun davamlı mənaya çevrilməsində elmin də öz sözü olmalıdır.

Professor İlham Məmmədzadə “Şüur, süni intellekt və multikulturalizm” mövzusunda məruzəsində dialoqu müasirliyin ən həssas sərhədlərindən birinə - insan şüuru ilə süni intellektin münasibətinə gətirdi. O, süni intellektin mahiyyəti, insan intellektindən fərqi, şüur və bilik anlayışları ilə əlaqəsi kimi fundamental fəlsəfi sualları önə çəkdi. Xüsusilə əhəmiyyətli olan isə fəlsəfənin yalnız öz tarixi irsini təsvir etməklə kifayətlənməməsi, müasir elmin yaratdığı problemlərin fəlsəfi təhlilinə daha geniş yer verməsi çağırışı idi. Bu fikir Akademik Forumun ümumi ruhu ilə səsləşirdi: dünya dəyişirsə, humanitar düşüncənin sualları da dəyişməlidir. Süni intellekt burada yalnız yeni texnologiya deyil, insanın öz şüuruna yenidən baxmasına səbəb olan intellektual güzgüyə çevrilir.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiyası: mədəniyyətlərarası dialoqa yeni fəlsəfi baxış” mövzusunda məruzəsi dialoq problemini başqa bir idrak müstəvisinə çıxardı. Onun mövzu formulu diqqəti Şərq sufi irfanı ilə müasir fenomenoloji düşüncənin görüş imkanına yönəldirdi. Könül Bünyadzadənin bu yanaşmanı təcrübə və idrakın alternativ fəlsəfəsi kimi təqdim etməsi, insanın varlığı və həqiqəti dərk etmə yollarını müasir fəlsəfə ilə klassik sufi irfanının dialoqu kontekstində nəzərdən keçirməsi də bu istiqamətin elmi konturlarını göstərir. Beləliklə, mədəniyyətlərarası dialoq yalnız xalqların və institutların deyil, idrak ənənələrinin də bir-birini eşitməsi məsələsinə çevrilir.

Filologiya elmləri doktoru Hikmət Quliyev “Mədəniyyətlərarası dialoqda folklor: kollektiv yaddaşdan rəqəmsal körpülərə” mövzusunda məruzəsində folkloru keçmişin səssiz arxivi kimi deyil, cəmiyyətin özünü dərk etməsinə, kollektiv yaddaşı və milli kimliyi formalaşdırmasına, “biz” və “başqaları” haqqında təsəvvürləri yaratmasına təsir göstərən canlı kommunikasiya sistemi kimi təqdim etdi. O vurğuladı ki, qloballaşma və rəqəmsal texnologiyalar insanları əvvəlkindən daha sıx əlaqələndirsə də, texnoloji yaxınlıq öz-özlüyündə mədəni və mənəvi anlaşma yaratmır. Sosial şəbəkələrdə yaranan memlər, şayiələr, zarafatlar və kollektiv qorxu narrativləri göstərir ki, folklor artıq yalnız ənənəvi mətnlərdə deyil, rəqəmsal mühitdə də yaranır və yaşayır. Bu isə folklorşünaslığın ənənəvi filoloji çərçivədən sosial-antropoloji və rəqəmsal istiqamətlərə doğru genişlənməsini zəruri edir. Beləcə, folklor yalnız yaddaşın kökü deyil, keçmişlə gələcək, milli müəyyənliklə başqa mədəniyyətlər arasında uzanan canlı körpüyə çevrilir; humanitar elmin vəzifəsi isə fərqləri aradan qaldırmaq deyil, onların mənasını anlamağa və qarşılıqlı anlaşmaya elmi zəmin yaratmaqdır.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Turan Platforması mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda məruzəsi isə dialoqu Türk dünyasının inteqrasiya və ünsiyyət perspektivləri ilə əlaqələndirdi. Füzuli Qurbanovun Forumdan sonra verdiyi açıqlamalarda vurğuladığı bir fikir bu yanaşmanın ümumi məntiqini aydınlaşdırır: səmimi mədəniyyətlərarası dialoq inteqrasiyaya, birliyə və əməkdaşlığa aparır, belə platformalar isə mövcud qarşıdurmaların azaldılmasına real töhfə verə bilər. Bu mənada “Turan Platforması” anlayışı qapanma deyil, ortaq tarixi-mədəni yaddaş üzərində dünyaya açılan ünsiyyət məkanı kimi düşünülə bilər.

Filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Qloballaşan dünyada mədəniyyətlərarası dialoq kontekstində dilin qorunması” mövzusunda çıxışında məsələnin ən həssas qatlarından birinə - dilin yaşamaq imkanına diqqət yönəltdi. O, “linqvistik imperializm”in dillərin istifadə sahələrini daraltdığını bildirərək, dilin qorunması üçün “statik mühafizədən funksional davamlılığa” keçidin, onun təhsil, elm və rəqəmsal mühitdə fəal istifadəsinin vacibliyini vurğuladı. Bu, dilin qorunmasını yalnız lüğət, arxiv və yaddaş məsələsi olmaqdan çıxarıb onun gündəlik həyat qabiliyyəti məsələsinə çevirir. Dil muzeydə qorunan eksponat kimi deyil, danışılan, öyrədilən, elmi fikir yaradan və rəqəmsal dünyada işləyən canlı sistem kimi yaşayır. Mədəniyyətlərarası dialoqun paradoksu da elə buradadır: dünyaya açılmaq üçün başqa dilləri eşitmək lazımdır, amma bu açılış öz səsini itirmək hesabına baş verməməlidir.

Beləliklə, Akademik Forumda səslənən məruzələr müxtəlif elmi sahələrdən gəlsə də, eyni böyük sualın ətrafında birləşirdi: parçalanan dünyada insanı, yaddaşı, dili və mədəniyyəti bir-birinə bağlayan mənəvi və intellektual körpüləri necə qorumalı və yenidən qurmalıyıq? Səslər müxtəlif idi, amma istiqamət ortaq idi. Forumun elmi çağırışı da burada görünürdü: humanitar elm keçmişi yalnız qorumaqla kifayətlənməməli, dəyişən dünyanın yeni suallarına yeni anlayışlar, metodlar və intellektual körpülərlə cavab verməlidir.

Akademik Forumda səslənən bu fikirlər göstərdi ki, AMEA-nın ictimai-humanitar elmi mühiti müasir dünyanın çağırışlarına intellektual reaksiya vermək potensialına malikdir.

İntellektual islahatların inkişaf istiqamətləri…

2022-ci ildə ölkədə elm və təhsilin idarə edilməsində aparılan struktur dəyişiklikləri nəticəsində AMEA-nın bir sıra təbiət, dəqiq və texniki elmlər üzrə institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi Akademiyanın tarixində yeni mərhələ yaratdı. İctimai və humanitar elmlərin AMEA-nın fəaliyyətində xüsusi çəkisi artdı. Bununla Akademiyanın qarşısında sadəcə yeni struktur şəraitinə uyğunlaşmaq deyil, ictimai-humanitar düşüncənin ölkənin yeni tarixi reallıqları içərisində yerini yenidən müəyyənləşdirmək vəzifəsi dayandı.

Son dörd ildə bu istiqamətdə ciddi elmi-təşkilati yeniləşmə aparılıb. Strukturun təkmilləşdirilməsi, elmi prioritetlərin yenidən müəyyənləşdirilməsi, azərbaycançılıq və milli dövlətçilik düşüncəsinin elmi gündəlikdə daha sistemli yer alması, Türk dünyası ilə əlaqələrin genişlənməsi, beynəlxalq elmi əməkdaşlığın yeni coğrafiyaya çıxması həmin mərhələnin mühüm istiqamətləridir. Elm və təhsilin inteqrasiyası, gənc elmi kadrların hazırlanması, elmi fəaliyyətin nəticələrinin daha görünən və müqayisə edilə bilən formaya gətirilməsi istiqamətində axtarışlar da bu prosesin tərkib hissəsidir. Akademiyanın ictimai-humanitar profili sadəcə əvvəlki strukturun kiçildilmiş forması kimi deyil, yeni missiya daşıyan elmi sistem kimi formalaşdırılmağa başlanıb.

Rəqəmsallaşma bu yeniləşmənin ayrıca xəttidir. Elektron elmi mühitin qurulması, rəqəmsal xidmətlərin genişləndirilməsi, süni intellektlə bağlı yeni istiqamətlərin gündəliyə gətirilməsi, elmi fəaliyyətin rəqəmsal hesabat və qiymətləndirmə mexanizmlərinin axtarılması göstərir ki, dəyişiklik artıq yalnız təşkilati sxemlə məhdudlaşmır.

Burada son illərin yeniləşmə prosesinin növbəti mərhələsi görünür. Strukturun yenilənməsi düşüncənin yenilənməsinə çevrilməlidir. Bu, əvvəl görülmüş işlərin alternativi deyil, onların məntiqi davamıdır. İnstitutun strukturunu qərarla dəyişmək mümkündür. Elmi düşüncənin strukturunu isə qərarla dəyişmək olmur. Bunun üçün metodoloji hazırlıq, güclü elmi məktəblər, elmi mübahisə, dünya elminin yeni nəzəriyyələri ilə canlı əlaqə və ən əsası, doğru problem qoymaq mədəniyyəti lazımdır. Təşkilati yeniləşmə elmi təfəkkürün daxilinə keçəndə islahat öz ən dərin nəticəsini verir.

Prezidentin Forumda irəli sürdüyü məsələlərin özü də bunu tələb edir. İdeoloji risk, milli identiklik, azərbaycançılıq, multikulturalizm, mədəni suverenlik və qlobal dialoq kimi problemləri yalnız faktların təsviri ilə araşdırmaq mümkün deyil. Mövzu hələ elmi problem deyil. Fakt da öz-özlüyündə elmi nəticə deyil. Tədqiqat faktın arxasında işləyən qanunauyğunluğu görməli, hadisəni anlayışa, anlayışı konsepsiyaya, konsepsiyanı əsaslandırılmış nəticəyə çevirməlidir. Humanitar sahədə elmi publisistika ilə fundamental tədqiqatın sərhədi bəzən bulanıqlaşır. Elmi terminlərin çoxluğu da nəzəri metodologiyanın mövcudluğu demək deyil. Metodologiya tədqiqatın əvvəlində sadalanan metodların adı yox, düşüncənin materialı necə gördüyünü və nəticəyə hansı yolla gəldiyini müəyyən edən daxili mexanizmdir.

Ona görə qarşıdakı mərhələdə yaradılmış təşkilati və ideya zəmini daha dərin nəzəri-metodoloji tədqiqatla tamamlanmalıdır. Məqsəd Azərbaycan haqqında sadəcə daha çox yazmaq deyil. Azərbaycanı daha dərindən izah edən, onun inkişaf qanunauyğunluqlarını açan, milli təcrübəni dünya elminin anlayışları ilə danışdıra bilən və lazım gəldikdə dünya elminə yeni anlayış təklif edə bilən tədqiqat yaratmaqdır. Humanitar elm cəmiyyətin yaddaşıdır, amma yalnız yaddaş olmaq ona kifayət etmir. O, cəmiyyətin düşünən beyninə, dəyişiklikləri erkən hiss edən intellektual duyğu sisteminə də çevrilməlidir.

Bu məsuliyyət dilçilikdən başlayaraq bütün humanitar sahələrin qarşısında yeni suallar açır və son illərdə başlanmış işlərin hansı istiqamətdə dərinləşdirilməli olduğunu daha aydın göstərir. Azərbaycan dili yalnız qorunmalı milli sərvət deyil, müasir dünyanın bütün elmi, texnoloji və fəlsəfi mənalarını ifadə etməli canlı düşüncə sistemidir. Dil yeni anlayış yaratmaq qabiliyyətini itirəndə düşüncə tədricən başqa dilin hazır qəliblərinə möhtac olur. Rəqəmsal dil korpusları, milli terminologiya, maşın tərcüməsi, nitqin tanınması, süni intellekt sistemlərində Azərbaycan dilinin imkanları artıq yalnız texniki məsələ deyil. Bunlar milli dilin yeni əsrdə hansı intellektual güclə yaşayacağı məsələsidir. Millət dünyanı həm də dilinin açdığı pəncərədən görür. Pəncərə daralanda görünən dünya da daralır.

Ədəbiyyatşünaslıqda artıq aparılan yeniləşmə axtarışları qarşısında da bu yeni baxışı daha sistemli elmi modelə çevirmək vəzifəsi dayanır. Ədəbiyyat yalnız müəlliflərin, əsərlərin və ədəbi dövrlərin ardıcıllığı deyil. O, milli insan modelinin dəyişmə tarixidir. Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesində yerini, milli estetik identikliyin müxtəlif tarixi mərhələlərdə necə qorunub dəyişdiyini, qlobal ədəbi nəzəriyyələrin Azərbaycan materialında hansı nəticələr verdiyini araşdırmaq lazımdır. Klassik irsi yalnız təsvir etmək yox, onun bu gün hansı mənanı yaratdığını görmək vacibdir. Böyük ədəbiyyat keçmişdən gələn səsdir, amma hər dövr həmin səsi yenidən eşitməlidir.

Folklorşünaslıqda başlanmış sosial-antropoloji və rəqəmsal istiqamətlər isə daha geniş və bir qədər də fərqli elmi üfüq açır. Folkloru yalnız keçmişdən toplanmış mətnlər, nağıllar, dastanlar, əfsanələr və mərasimlər toplusu kimi görmək artıq onun müasir cəmiyyətdəki funksiyasını izah etməyə kifayət etmir. Folklor sosial yaddaşla yanaşı sosial kommunikasiyanın da formasıdır. İnsanlar yalnız folklor yaratmırlar, folklor vasitəsilə bir-biri ilə münasibət qurur, qrup mənsubiyyətini ifadə edir, hadisələrə kollektiv reaksiya verir, özləri ilə başqaları arasında görünməyən sərhədlər çəkirlər. Buna görə sosial-antropoloji folklorşünaslıq müasir Azərbaycan cəmiyyətinin öyrənilməsi üçün geniş imkanlar açır. Şəhər folkloru, peşə qrupları, yaş və sosial təbəqələr, lokal icmalar, gündəlik davranış modelləri və qrupdaxili kommunikasiya artıq folklorşünaslığın kənarında qala bilməz.

Rəqəmsal mühit bu mənzərəni daha da dəyişdirib. İnternet yalnız folklor nümunələrinin yayıldığı yeni kanal deyil. O, yeni folklorun yarandığı ayrıca sosial məkandır. Sosial şəbəkələrdə yayılan memlər, rəqəmsal rəvayətlər, kollektiv zarafatlar, şayiələr, stereotiplər, hadisələrə verilən kütləvi reaksiyalar, virtual icmaların öz daxili dili və davranış kodları müasir folklor prosesinin tərkib hissəsidir. Burada mətn sürətlə doğulur, dəyişir, müəllifini itirir, kollektivləşir və yenidən dövriyyəyə qayıdır. Ənənə artıq yalnız nənədən nəvəyə ötürülmür. Bəzən saniyələr içində minlərlə insanın ekranından keçərək formalaşır. Bu yeni reallıq folklorşünaslığın nəzəri-metodoloji arsenalının sosial antropologiya, sosiologiya, kommunikasiya nəzəriyyəsi, semiotika və rəqəmsal humanitariya ilə zənginləşdirilməsini tələb edir. Folklor milli yaddaşın arxivi olmaqla yanaşı, cəmiyyətin özünü hər gün yenidən danışdığı canlı kommunikasiya sistemidir.

Tarix, arxeologiya və antropologiya üçün Prezidentin dövlətçilik, suverenlik və milli özünəməxsusluq haqqında fikirləri böyük tədqiqat perspektivi açır. Tarix yalnız hadisələrin ardıcıllığına çevriləndə faktlar çoxalır, amma tarixi məna həmişə dərinləşmir. Azərbaycanın dövlətçilik təcrübəsini, milli kimliyin formalaşmasını, tarixi yaddaşın qurulmasını uzun zaman içində konseptual şəkildə öyrənmək lazımdır. Arxeoloji tapıntı torpaqdan çıxarılan əşya olmaqla bitmir. O, zamanın altında qalmış insanın səsidir. Antropologiya həmin insanı əşyaya, məkana, ailəyə, icmaya, köçə, yaddaşa və dəyişməyə münasibətdə görməlidir. Tarix bizə nə baş verdiyini deyirsə, antropoloji baxış insanın həmin hadisələrin içində necə yaşadığını anlamağa imkan verir.

Fəlsəfə və sosiologiyanın üzərinə düşən yük xüsusilə ağırdır. Azərbaycançılıq, milli identiklik, ideoloji təhlükəsizlik, multikulturalizm, qloballaşma və insanın rəqəmsal dünyada dəyişməsi yalnız siyasi və publisistik leksikonda işlənən anlayışlar olaraq qalmamalıdır. Onların fəlsəfi kateqoriyaları dəqiqləşdirilməli, sosial məzmunu empirik şəkildə ölçülməlidir. Sosiologiya cəmiyyətin şəklini çəkməklə kifayətlənməməli, şəklin içərisində hərəkət edən görünməz axınları da görməlidir. Dəyərlər hansı istiqamətdə dəyişir? Gənclərin identiklik modelində hansı yeni elementlər yaranır? Rəqəmsal informasiya insanın dövlət, millət, ailə və tarix haqqında təsəvvürlərinə necə təsir edir? Fəlsəfə isə hadisələrin arxasınca gələn şərhçi olmaqdan daha artıq missiya daşımalıdır. O, gələn hadisənin mənasını əvvəlcədən soruşmağı bacarmalıdır.

Şərqşünaslığın da baxış bucağı genişlənməlidir. Şərq yalnız klassik mətnlərin, qədim dillərin və keçmiş sivilizasiyaların coğrafiyası deyil. Müasir Şərq böyük geosiyasi dəyişikliklərin, yeni ideoloji axınların, dini və mədəni transformasiyaların yaşandığı canlı məkandır. Azərbaycanın Şərqlə münasibətlərinin həm tarixi dərinliyi, həm də bugünkü siyasi-mədəni məzmunu yeni tədqiqat modelləri tələb edir. Əlyazmaşünaslıq üçün əlyazma sadəcə qorunan qədim səhifə deyil. O, milli intellektual yaddaşın kodlaşdırılmış qatıdır. Rəqəmsal texnologiyalar bu yaddaşı yalnız qorumaq yox, onu dünya elmi dövriyyəsinə yeni keyfiyyətdə çıxarmaq imkanı verir. Memarlıq və incəsənətşünaslıq isə milli estetik kodun müasir şəhərdə, vizual mədəniyyətdə və qlobal estetik təsirlər içində necə yaşadığını araşdırmalıdır. Şəhərin siması da yaddaşdır. Bəzən daşın danışdığı dil kitabın danışdığı dildən daha uzunömürlü olur.

Bu sahələrin heç biri artıq öz sərhədləri daxilində qapanaraq qarşıdakı mürəkkəb problemləri tam görə bilməz. XXI əsrin humanitar hadisələri fənlərin arasından keçir. Dil rəqəmsal texnologiya ilə, folklor sosial antropologiya və kommunikasiya ilə, tarix sosiologiya və rəqəmsal metodlarla, ədəbiyyat semiotika və mədəniyyət nəzəriyyəsi ilə, fəlsəfə süni intellekt, bioetika və informasiya cəmiyyəti ilə görüşür. Elmlər bir-birinin ərazisini zəbt etməməlidir. Amma sərhəddə görüşməyi bacarmalıdır. Çünki yeni ideyaların böyük bir hissəsi məhz sərhədlərdə doğulur. Ayrı-ayrı elmlərin gördüyü parçaları vahid mənzərəyə çevirmək ictimai-humanitar düşüncənin yeni mərhələsinin əsas xüsusiyyətlərindən biri olmalıdır.

Gücün görünməyən gücü …

Prezidentin çıxışının ən təsirli cəhətlərindən biri də bu dialoq fəlsəfəsinin zəiflikdən deyil, gücdən irəli gəlməsidir. Azərbaycan bu gün dünyaya öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi müraciət edir. Uzun illər həllini gözləyən tarixi problemi öz siyasi iradəsi və hərbi gücü ilə həll etmiş, regionda yeni reallıq yaratmış ölkənin dialoq çağırışı başqa məna daşıyır. Qələbədən sonra sülh təklif etmək, gücə malik olduğu halda dialoqu seçmək siyasi davranışın xüsusi səviyyəsidir. Burada güclə humanizmin, suverenliklə əməkdaşlığın bir-birini inkar etmədiyi dövlət modeli görünür.

Güclü Azərbaycan yalnız güclü ordu, dayanıqlı iqtisadiyyat və təsirli diplomatiya demək deyil. Güclü Azərbaycanın güclü yaddaşı olmalıdır. Güclü dili, özünəinamlı mədəniyyəti, dünyanı oxuya bilən elmi, yeni ideya yarada bilən intellektual mühiti olmalıdır. Özünü tanımayan cəmiyyətin gücü uzunömürlü ola bilməz. Dünyanı tanımayan cəmiyyət isə özünü qorumaq adı ilə öz içinə qapana bilər. Bizə hər ikisini bacaran düşüncə lazımdır. Özünü tanıyan və dünyanı anlayan. Milli kökü torpağın dərinliyində olan, amma budaqları dünya işığına açılan düşüncə.

Bu mənada ictimai-humanitar elmlərin qarşısında duran məsuliyyət heç vaxt indiki qədər böyük görünməyib. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan öz tarixi yaddaşının bütövlüyünü də elmi şəkildə qurmalıdır. Siyasi suverenliyini təmin etmiş Azərbaycan mədəni və intellektual suverenliyini daha da möhkəmləndirməlidir. Regionda yeni reallıq yaratmış Azərbaycan həmin reallığın ideyasını da yaratmalıdır. Dövlətin gücü yalnız əldə etdiyi nəticələrlə deyil, həmin nəticələri gələcək nəsillərin düşüncəsinə çevirə bilməsi ilə davamlı olur.

Böyük buluşma bitdi, bugünün baxışı başlamalıdır…

Forumun qonaqları getdi. Bir neçə gün əvvəl “İsmailiyyə”nin tarixi zalını dolduran səslər indi xatirəyə çevrilir. Amma yüz il əvvəl Birinci Türkoloji Qurultayın səsini yaddaşında saxlayan bu bina bizə başqa bir həqiqəti də xatırladır: böyük elmi məclislər yalnız keçirildiyi günlə yaşamır. Əgər orada səslənən fikirlərdən yeni suallar, yeni tədqiqatlar, yeni konsepsiyalar doğursa, Forum əslində indi başlayır. Prezident İlham Əliyevin çıxışının ictimai-humanitar elm üçün əsas mənası da burada görünür. Güclü Azərbaycan yalnız öz sərhədlərini qoruyan Azərbaycan deyil. Öz mənasını yaradan, öz yaddaşını dərk edən, dünyaya öz sözü ilə çıxan Azərbaycandır. Torpağın sərhədini xəritədə çəkmək mümkündür. Mənəvi sərhədlər isə hər nəslin düşüncəsində yenidən çəkilir. O sərhədlərin elmi xəritəsini hazırlamaq, milli kimliyi qapalı qalaya çevirmədən qorumaq, dünyaya açılmağı özündən uzaqlaşmağa çevirməmək ictimai-humanitar elmin böyük vəzifəsidir. XXI əsrin güclü Azərbaycanı yalnız güc sahibi deyil, məna sahibi də olmalıdır.

Sərxan Xavəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: