II məqalə
Daxili ahəndarlığın üç mühüm şərti
Azərbaycan dövlət başçısı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqində ayrıca vurğulamışdır: “Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”.
Cəmiyyətdaxili ahəngdarlığın mənəvi-ideoloji dəyərlər kontekstində başlıca əlamətləri kimi üç parametrin göstərilməsi maraqlıdır. Onlar həmrəylik, qarşılıqlı hörmət və anlaşmadır. Bu faktorların hər biri tarixən birgəyaşam səviyyəsində insan cəmiyyətinin başlıca fəzilətləri sırasında olmuşdur. Belə ki, həmrəylik qarşılıqlı hörmət və anlaşmaya söykənir. Cəmiyyətin bütün kəsimləri arasında qarşılıqlı hörmət olmadan real anlaşma mümkün deyildir.
Çünki qarşılıqlı hörmət bütün hallarda “mən-başqası” münasibətlərində birləşdirici rol oynayır. Qarşılıqlı hörmət olmadan “eqo”dan kənar olan “alter”i (ətraf mühit, özgəsi) necə varsa elə qəbul etmək imkansız olur.
Öncə, sosial mühitdə münasibətdə olduğunun varlığının azadlığı tərəfini qəbul edəcəksən, onun təbii haqqına hörmət edəcəksən. Əks halda birinin digərindən asılılığı yarana bilər. Bu zaman fərdlər və sosial kəsimlər arasında gerçək dialoq baş tuta bilməz.
Onu vurğulayaq ki, qeyd olunan məqamlar dialoq haqqında klassik elmi yanaşmalarda tədqiq edilmişdir. Məsələn, Talkot Parsons və Martin Buberin tədqiqatlarında bu mövzuya yanaşmaya baxmaq olar. Qısaca onların üzərində dayanaq.
Parsonsun yanaşması
T.Parsons eqo-alter münasibətlərinə sosial fəaliyyətin ən əsas formalarından biri kimi nəzər salır. Bu, sosioloqun fərdlərarası münasibətləri sosial vahidlər kimi görməsi deməkdir, yəni hər bir fərdi münasibət həmişə sosial kontekstə və deməli, təsirə, əks-sədaya, reaksiyaya malikdir.
Bir qədər sadə ifadə ilə desək, T. Parsons üçün insan heç vaxt tam təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Onun davranışları həmişə başqa insanlara, gözləntilərə, rollara və normativ qaydalara bağlı olur. Bu mənada alter eqonun fəaliyyətini yönəltdiyi və ondan təsirlənən digər fərddir.
Bunlarla yanaşı, sosial mühit səviyyəsində eqo-alter münasibətləri üçün çox mühüm bir xüsusiyyət vardır ki, cəmiyyət miqyasında ümumi sosial-siyasi, ideoloji, mənəvi-mədəni aspektlər üçün prinsipial əhəmiyyət kəsb edir. O, sosial fəaliyyətin normativ strukturlara bağlılığı ilə əlaqəlidir. Yəni fərdlərarası münasibətlər onların mücərrəd “istəklərinə görə yox, həm də sosial normalara görə” formalaşır, konkret məzmun alır. Bununla münasibətlər qarşılıqlı gözləntilər sistemi kimi təzahür edir.
Beləliklə, T.Parsonsa görə, cəmiyyətdaxili münasibətlərdə fəaliyyət məqsəd yönümlüdür, normativdir, qarşılıqlıdır və mahiyyətcə sosial sistemin bir atributudur. Onları ümumiləşdirsək, T.Parsonsun başqa fundamental prinsipini alarıq: cəmiyyətdə fəaliyyət həmişə başqasına yönəlir. Həmin prinsipdən isə M.Buberin dialoq anlayışına çıxış vardır.
Buberin dialoq fəlsəfəsi
Martin Buber yazırdı ki, insan digərinə iki cür yanaşır: birincisi, onu canlı, qarşılıqlı, bütöv bir varlıq kimi “Sən” olaraq qəbul edir, ikincisi, onu obyekt, vasitə və ya müşahidə predmeti kimi, yəni “O” olaraq qəbul edir. Fərdlərarası münasibətlərin fəlsəfəsi bu fərqlərdən yaranır.
Buradan M.Buber bir neçə nəticə çıxarır. Onlardan bir qismi aşağıdakı kimidir:
insanın özü haqqında anlayışı çox vaxt digər insanla qurduğu münasibət vasitəsilə formalaşır;
“Mən–Sən” münasibətində qarşı tərəf unikal və təkrarolunmaz şəxsiyyət kimi qəbul edilir;
Bu xüsusiyyətlər münasibətlərdə yeni mahiyyət yaradır: qarşı tərəf manipulyasiya edilmir, onun daxili aləmi tanınır, münasibət qarşılıqlı və canlı olur, subyekt–obyekt bölgüsü zəifləyir. Bunlar M.Buberin dialoq fəlsəfəsində ən yüksək münasibət forması hesab edilir.
Deməli, T.Parsons və M.Buber yanaşmalarına görə, hər bir cəmiyyətdə davranışlar norma və gözləntilərlə tənzimlənir, bu zaman tərəflər bir-birinin rolunu nəzərə alır və yekunda sosial nizam bu qarşılıqlı münasibətlərdən yaranır.
Bütün bunlar müəyyən dərəcədə Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız fundamental xarakterli tezisinin nəzəri əsaslandırmasını ifadə edə bilər. Onun bir məqamına baxaq.
Həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsi
Azərbaycan Prezidenti cəmiyyətin ahəngdarlığını qarşılıqlı hörmət və anlaşmaya əsaslanan həmrəyliyi sosial nizamın ən yüksək səviyyəsi ilə sıx əlaqələndirir. Bu cür həmrəylik dialoq vasitəsi ilə formalaşır. Çünki cəmiyyətin bütün kəsimləri qarşılıqlı hörmət əsasında anlaşmaya varmaq üçün davamlı ünsiyyətdə olmalıdır. Cəmiyyətdaxili ünsiyyət formaları kompleks halında sosial oqranizmin başlıca xüsusiyyətlərini formalaşdırırlar. Lakin burada başqa bir vacib özəllik mövcuddur. O da cəmiyyətdaxili həmrəyliyin formalaşmasının ideoloji təminatı məsələsidir.
Müxtəlif cəmiyyətlərin təcrübəsi göstərir ki, əslində həmrəylik onu formalaşdıran başlıca mexanizmin mahiyyəti ilə sıx bağlıdır. Yəni dialoq vasitəsi ilə potensial toplumsal bütövlüyün reallaşması tətbiq edilən birləşdirici ideya, konsept və konsepsiyadan çox asılıdır.
Məsələn, Yurgen Habermas hesab edirdi ki, “Almaniya kimi cəmiyyətlərdə müxtəlif mədəni, dini və etnik qrupların bir arada yaşaması üçün əsas model assimilyasiya yox, bərabər hüquqlu vətəndaşlıq olmalıdır. Yəni fərqliliklər qorunmalı, amma hamı ortaq demokratik qaydalara sadiq qalmalıdır”. Deməli, filosof Almaniyada həqiqi həmrəyliyi dörd sütunun mövcudluğu fonunda görürdü. Yəni Almaniyada həmrəylik etnik mənsubiyyətlə deyil, konstitusiyaya bağlılıq, hüquqi bərabərlik və ictimai dialoq şəraitində mümkün ola bilər.
Buradan avtomatik olaraq bir mühüm məqam aktuallaşır. O, qarşılıqlı hörmət, anlaşma və həmrəyliyin dialoq fonunda sistem halında milli ideyada təcəssümü kimi real və davamlı mövcudluğu məsələsi ilə bağlıdır.
Bütün bunların prizmasında Azərbaycan Liderinin VII Forumda ifadə etdiyi “hamımız milli ideyalar ətrafında birləşirik” tezisi bütün vacibliyi və aktuallığı ilə aydın görünür. Dövlət başçısı vurğulanan kontekstdə daxili ahəngdarlığın təmini aspektində milli ideyalardan biri kimi azərbaycançılığı ayrıca qeyd edir. Əsas funksiyası olaraq isə Azərbaycançılığın ölkədəki bütün xalqları bir araya gətirməsinin olduğunu ifadə edir. Özü də Azərbaycançılıq ölkənin ən ağır vaxtlarında cəmiyyəti toparlaya və vətəndaşları bir araya gətirə bilmişdir. Yəni “Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”. Və “Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.
Buradan Azərbaycançılığın müstəqil dövlətçiliklə yanaşı, cəmiyyətin bütövlüyünün təmini baxımından nə dərəcədə əhəmiyyətli olduğu tam aydınlaşır. Azərbaycan bu istiqamətdə artıq ən müasir təcrübəyə malikdir. Azərbaycançılıq milli ideya kimi praktiki sahədə səmərəliliyini sübut etmişdir və bundan sonra da perspektivli olacaqdır.
Bunlardan sonra Prezident başqa bir əhəmiyyətli və olduqca maraqlı məqama keçid edir.
Azərbaycançılığın daha geniş miqyaslara proyeksiyaları
Bizcə, bu məsələ Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Forumunda verdiyi mühüm mesajlar sırasında xüsusi yer tutur. Səbəbi həmin tezisin Azərbaycanın dövlət kimi identikliyinin yeni mərhələdə müstəqillik parametrlərinin qlobal çağırışların tələblərinə tam cavab verməsi zərurəti ilə bağlıdır. Konkret olaraq, dövlət başçısı ifadə etmişdir: “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”.
Öncə, Prezidentin ifadə etdiyi “körpü” anlayışının ideoloji kontekstdə mənasına nəzər salaq. Onu üç aspektdə izah etmək olar: birincisi, müxtəlif sivilizasiyalar, regionlar və geosiyasi-mədəni mərkəzlər arasında əlaqə yaradan xüsusi mədəniyyət məkanıdır, ikincisi, həmin məkan regional və qlobal miqyaslarda tarixən ticarət, diplomatiya, mədəniyyət, enerji və nəqliyyat sferaları üzrə keçid funksiyasını yerinə yetirmişdir, üçüncüsü, müasir mərhələdə fərqli güc mərkəzlərinin regiondakı maraqlarını balanslaşdırıb, özünəməxsus əməkdaşlıq və kollektiv təhlükəsizlik sinerjisinə çevirmək qabiliyyətinə malikdir.
Deməli, “mədəniyyət körpüsü” ifadəsi ölkənin yalnız keçmişini təsvir etmir. O həm də müstəqil dövlətin müasir xarici siyasəti və identikliyinin daha da zənginləşməsi üçün əsasdır.
Bu üç aspektin sintezi belə bir əhəmiyyətli tezisi irəli sürməyə imkan yaradır: Avropa ilə Asiya arasında mədəniyyət körpüsü olmaq indiki mərhələdə tarixi təcrübə əsasında dövlətin xarici siyasəti və identikliyinə xüsusi anlam verir! Bu mənada körpü olmaq Azərbaycanın regionlararası və qlobal miqyaslarda fəaliyyətini yeni mərhələyə inkişaf etdirmək deməkdir. Təbii ki, vurğulanan məqam Azərbaycan Respublikasının “müstəqil dövlət” anlayışını daha da zənginləşdirmək məqsədini aktuallaşdırır.
İndi bu prizmada Prezident İlham Əliyevin VII Forumda irəli sürdüyü tezislərdə əks olunan bir neçə mühüm məqama baxaq.
Hər şeydən öncə, dövlət başçısının Azərbaycançılığı dövlətçilik kontekstində dərk etməyin zəruriliyini önə çəkdiyini vurğulamalıyıq. Burada geosiyasi aspektdə “fundamental bağlayıcı faktorlar” ölkənin təbii coğrafi mövqeyi ilə əsrlərlə daşıdığı tarixi missiyasının uzlaşmasıyla əlaqəlidir. Belə ki, Azərbaycan özünü geosiyasi mənada nə yalnız Şərqə, nə də yalnız Qərbə aid etməmək əsasında hər iki sivilizasiya növü ilə əlaqə qura bilən dövlət səviyyəsinə yüksəlmişdir. Bu xüsusiyyəti rəsmi Bakı öz siyasətinin mühüm istiqamətlərindən biri kimi möhkəmlətməkdədir. Burada əsas müəyyənedici və istiqamətverici faktor müstəqil siyasi kurs və siyasi iradənin ahəngdarlığına nail olmaqla əlaqəlidir.
Dövlətçilik aspektində onun üç vacib funksional parametrini vurğulamaq gərəkdir:
Dövlətin müstəqil mövqeyinin prinsipial hala gəlməsi.
Ölkənin balanslaşdırcı rolunun dünyanın əsas geosiyasi güc mərkəzləri tərəfindən qəbul edilməsi;
Azərbaycanın “geosiyasi körpü” statusunda qlobal miqyasa belə təsiri olan tranzit və inteqrasiya mərkəzi olmaq statusuna yüksəlməsi.
Bunlar Azərbaycançılığın dövlətçilik kontekstində rəmzləşməsi, obrazlaşması və konseptual məzmunlaşması prizmasında arxiəhəmiyyətli müddəalardır. Prezident İlham Əliyevin müəyyən etdiyi vurğulanan məqamların tarixi, siyasi, geosiyasi və müstəqil dövlətçilik üçün əvəzsiz töhfə olduğunu qəbul etmək zəruridir.
Yekunda VII Forum kontekstində məsələnin strateji mahiyyəti olan iki özəlliyini vurğulamaq istərdik.
Birincisi, türk dövlətləri tarixində ilk dəfə olaraq milli ideologiya (yəni Azərbaycançılıq) uğurla dövlətlərarası münasibətlər miqyasına dövlət identikliyi kontekstində proyeksiya edilir.
İkincisi, bu yanaşma həm TDT, həm də “TDT+” miqyası üçün olduqca səmərəli və praktiki nəticəverici müddəalar axtarışı üçün ciddi koqnitiv təkandır. Çünki bu axtarışlar konseptual müstəvidə müstəqil Qafqaz türk dövlətinin iki supergüclə konstruktiv münasibətlər qurmasının perspektivli modelini daha da zənginləşdirmək şansını meydana gətirir.
Təbii ki, Azərbaycançılıq fonunda bu istiqamətdə fəlsəfi, siyasi-nəzəri və elmi tədqiqatların bütün intensivliyi ilə həyata keçirilməsi ayrıca araşdırmanın mövzusudur.
Füzuli Qurbanov
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru