Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

03.11.2026 09:34
  • A-
  • A
  • A+

Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...

Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...

Aslan Aslanov - 100

Dostum, o kəsi sev ki, ölsən belə sən,

Səni ölmüş saymasın, yaşatsın əməlini

Aslan Aslanov

XX əsrin ikinci yarısında eyni adlı üç alim bir ali təhsil ocağında çalışırdı. Üç Aslan Aslanov. Bu yazı onlardan biri - filosof-şair - akademik Aslan Aslanov haqqındadır. 

PİLLƏLƏR

Aslan Aslanov dünyaya Ağstafa rayonunun Kolayır kəndində göz açmışdır. 16 yaşında - Ağstafa dəmiryol məktəbini əla qiymətlərlə bitirən Aslan elə həmin il ADU-nun (indiki BDU) qiyabi şöbəsinə daxil olmuşdu. Ehtiyacdan məzunu olduğu orta məktəbdə müəllim işləyirdi.

Lakin qiyabi təhsildən razı deyildi. Onun həyat, təhsil arzuları böyük idi. Odur ki, Aslan Aslanov 1945-1950-ci illərdə ADU-nun tarix fakültəsinin fəlsəfə şöbəsinə hazırlaşıb qəbul olunur. Dərs yüklü illər necə gəlir, necə gedir, bilmir. Universiteti fərqlənmə diplomu ilə bitirir. Müəlimləri fərqlənən bu gəncə etimad göstərilər. Gənc Aslan Aslanov oxuduğu ADU-da saxlanılır.  Tarix fakültəsində.

Müəllim və tələbələrinin ona hörməti, etimadı Aslan Aslanovu ruhlandırır,  universitetdə fəal ictimaiyyətçi kimi seçilir. Müsbət keyfiyyətləri ilə yanaşı, biliyini artırmaq marağı universitet kollektivinin diqqətindən yayınmır və Aslan Aslanovu 1953-cü ildə Moskvaya bir illik aspiranturaya göndərirlər.

Moskva mühitində 1 il onun üçün ömrünün adlı-sanlı alimləri ilə tanışlıq,  onlardan aldığı biliklər və təbii həyat təcrübəsi Aslan Aslanovu püxtələşdirir. Aslan müəllim Vətənə döndükdən sonra ADU rəhbərliyinə “Etika və Estetika” kafedrasının yaradılması fikrini bildirir. Təşəbbüsü müsbət qarşılanır. ADU-da yaradılan “Etika və Estetika” kafedrasının ilk müdiri də o özü olur.

Sonralar Aslan Aslanov İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rektor təyin olunsada yaratdığı  kafedradan ayrılmır. İllər keçdikcə Aslan Aslanov həm qurucu, təşkilatçı alim, həm də sadə, dürüst və bilikli, istedadlı insan kimi tanınır, sevilir. Bu keyfiyyətlər isə onu Şəxsiyyət olaraq məşhurlaşdırır. 

Aslan Aslanov istər kafedra müdiri kimi, istərsə də rektor kimi əvəzsiz şəxsiyyət olub. O, ilk növbədə kollektivin elmi potensialını düzgün müəyyənləşdirib, istedadlı gənc alimləri qabağa çəkib, onların qayğısına qalıb.        

Aslan Aslanov xüsusilə də, rektor vəzifəsində çalışanda - M.A.Əliyev adına İncəsənət İnstitutunun rektoru olanda bütün kollektivin ona rəğbəti hədsiz idi. Hamı onu “mənəvi ata” kimi görürdü. O, hamını tanıyırdı. Ciddi görkəmli rektor birdən çox qılıqlı olurdu. Tələbələrlə, elə müəllimlərlə də sadə, səmimi ünsiyyət qururdu. Ədalət hissi!.. Aslan Aslanovun indidən baxanda tərəddüdsüz yazıram ki, ali xüsusiyyəti idi. 90-cı illərdə onun bu ali xüsusiyyəti haqqında bir məqalə də yazmışdım, “Hardaki Ədalət görürəm”...

O vaxtın İncəsənət İnstitutu ölkədə bir “nömrəli” demokratik prinsiplərlə işləyən  təhsil müəssisəsi idi. Mən və bütün tələbələr müəllimlərlə çox müstəqil ruhda münasibətdə idik. Biz sərbəst idik. Müəllimlərimizdən qorxmurduq. Müəllimlər bizim “azad düşüncələimizə” hörmətlə yanaşırdılar. Ancaq müəllim və tələbələr srasında nə qədər dostcasına münasibətlər olsa da dərsə davamiyyət və dərsə hazırlıq birmənalı şəkildə tələb olunurdu. 

ALİM ASLAN ASLANOV

Ölkəmizdə estetika elminin inkişafı üçün Aslan Aslanovun yaratdığı kafedra qədər yazdığı əsərlər də xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə qeyd edək ki, Aslan Aslanov 1979-cu ildə müştərək çap olunmuş “Estetika” kitabının müəlliflərindən biri və redaktoru olmuşdur.

Konkret olaraq, estetikanın predmeti və vəzifələri, kateqoriyaları, ictimai mahiyyəti, tərbiyəvi əhəmiyyəti ilə bağlı hissələrin müəllifi olan Aslan Aslanov estetika və gözəlliyin tarixi təhlillərinə geniş yer ayırmış, elmi fikir tariximizdə bu sahədəki dərin boşluğu doldurmağa çalışmış və əlbəttə ki, qarşısına qoyduğu məqsədə nail olmuşdu. Aşağıdakı  bir iqtibası nəzərdən keçirməklə də fikrimizi təsdiqləyə bilərik. Aslan Aslanov yazır: “İncəsənətin estetik-hedonist (yunanca, zövq, həzz) funksiyası, onun şübhəsiz ki, digər vəzifə və funksiyalarından ayrı deyildir. Biz Milos qızının heykəlinə tamaşa edərkən dərin estetik yaşantılar keçirir, tar və ya kanonda ifa olunan “Rast”, “Şur” dəstgahlarından, Füzulinin və Lermontovun incə rübabi şeirlərindən həyəcanlanır, böyük bədii zövq alırıq. Lakin bu heç də o demək deyildir ki, bu əsərlər bizim üçün yalnız və yalnız zövq mənbəyidirlər. Bu əsərlərdə böyük bəşəri ideyalar, arzu və amallar öz təcəssümünü tapdıqlarına görə onlar həm də insanlar arasında fikir və əqli ünsiyyət vasitəsi kimi ictimai əhəmiyyətə malikdirlər”.

Bu fikirlərdə alimin həm də milli mentalitetə, milli şüura bağlılığı ifadə olunmuşdur. Filosof sanki qarşısına bugünkü və gələcək oxucusuna estetik hisslərlə bərabər, maarifçilik aşılamaq məqsədi qoymuşdur. 

Akademik Aslan Aslanovun 1987-ci ildə nəşr olunmuş “Estetika aləmində” əsəri Azərbaycan estetik fikrinin tarixi və nəzəri məsələlərini dolğun şəkildə əhatə edən fəlsəfi maarifçilik səlnaməsi  məzmununda diqqəti cəlb edir. 

Tanınmış filosof-alim Aslan Aslanovun özü kitabın "Müəllifdən" adlı hissəsində belə bir şərh vermişdir: "kitabın ümumi ruhunu müəyyən etmək istəsək, onu "Estetik-tarixi-nəzəri oçerklər silsiləsindən" də adlandırmaq olar".[/color]

“Estetika aləmində” kitabında alimin estetik baxışlarının milli əsasları ilə bərabər, dünya Estetik fikrinin tarixi-nəzəri məsələləri elmi-obyektivliklə, intellektual-məntiqi şəkildə əsaslandırılmışdır. Bu əsərin əhəmiyyətini müəyyən edən bir mühüm keyfiyyət də onun Azərbaycanda estetika elminə aid tədqiqatların demək olar ki, yox səviyyəsində olduğu bir vaxtda meydana çıxarılması və maarifçilik – təhsil bünövrəsini elmi surətdə möhkəmləndirmək kimi səciyyələnə bilər. Bu isə Aslan Aslanovun yüksək təhsil məmuru mövqeyindən və əlbəttə ki, vətəndaş-alim mövqeyindən qaynaqlanırdı. 

Akademik Aslan Aslanovun necə deyərlər vaxtı, zamanı ölkənin təhsil sahəsinin sistemli inkişafı işlərinə sərf olunsa da o, ciddi məsələlərin, mövzuların tədqiqində və qiymətləndirilməsində həmişə fəal iştirak edir, özünün orjinal elmi qənaətlərini hətta ən  mötəbər kürsülərdən belə səsləndirməyə çəkinmirdi. Məsələn, alim Hegelin Şərqə münasibəti (Şərqlilərin tənbəlliyi) haqqında geniş yayılmış müddəanın yanlışlığını 1970-ci ildə Berlində Hegelin 200 illiyinə həsr olunmuş VIII Hegel konqresindəki məruzəsində bu fikri dərin elmi əsaslarla, dolğun faktlarla təkzib məzmununda qiymətləndirmişdir.

Belə ki, alim Azərbaycanın mifologiyadan, şifahi xalq yaradıcılığından müasir bədii və elmi nailiyyətlərə qədər geniş milli-mənəvi mirasından misallar gətirərək, Şərqin Qərbdən deyil, əksinə, Qərbin Şərqdən faydalandığını sübut etmişdir.  

Aslan Aslanovun Qərbin Şərqə təsirinin həddən artıq şişirdilməsini elmi şəkildə rədd və təkzib edən fikirləri də onun Şərq alimi  mövqeyini əks etdirir.

Aslan Aslanov estetikaya dair əsərləri ilə estetika elmimizi tarixi baxımdan olduğu kimi, nəzəri cəhətdən də xeyli zənginləşdirmiş və irəli aparmış estetik alimlərimizdəndir. Hətta belə demək daha doğru olardı ki, o, bizim professional fəlsəfi məktəb keçmiş, mükəmməl fəlsəfi biliyə, orijinal təhlil bacarığına, həm də incə zövqə, həssas estetik duyuma malik estetikimiz idi. Aslan Aslanovun əsərlərində estetikanın mühüm məsələləri tarixilik və xalqilikdən başqa klassik və novator nəzəri elmi-estetik sistemlərin fikir sınağına çəkilir, elmi obyektivliklə qiymətləndirilmişdir. Bir çox dünya əhəmiyyəti daşıyan estetika problemləri ya ilk dəfə olaraq Aslan Aslanov tərəfindən tədqiq olunmuş, ya da işlənmş mövzular yenidən və daha dərindən tədqiq-təhlil  edilmişdir.

Belə mövzulardan biri də "Avesta"da estetik baxışlar" problemidir. Alim "Avesta"da əks olunmuş bəzi estetik təsəvvürlər" məqaləsində problemi belə şərh edir: "Avesta" antitezalar əsasında qurulubdur, yəni, onun, demək olar ki, bütün məzmunu Xeyir və Şərin (yaxşı və meşin), İşıq və qaranlığın, Dirilik (həyat) ilə Ölümün qarşı-qarşıya qoyulmasına əsaslanır. Saydığımız antitezalar yalnız əxlaqi, fiziki baxımdan zidd cəhətlərdə göstərilmir, onlar həm də estetik ziddiyyətlər kimi qarşı-qarşıya qoyulur və bunu göstərmək üçün "Avesta"da obrazlı deyimlərdən, muxtəlif bədii toqquşdurma fəndlərindən istifadə olunur".

Akademik Aslan Aslanovun estetik baxışları həmişə dünya fəlsəfəsinin çoxsaylı problemlər kəhkəşanında dolansa da, onun əsas diqqəti ən çox  nəhəng yunan sənət məbədi "Aristotel poetikası"na yönəlmişdi. Alim bu dəyərli tarixi əsəri dilimizə tərcümə etmiş, bir sıra elmi məqalələri ilə təhlil edib qiymətləndirmişdi.  Aslan Aslanov "Aristotel poetikası"nın Şərq fəlsəfəsi və ədəbiyyatında mövqeyinə dair" adlı məruzə ilə 1972-ci ildə Rumıniyada keçirilmiş VII Ümumdünya konqresində iştirak etməsi və orijinal Aristotel təhlilləri ilə diqqəti cəlb etməsi faktı da onun bu irsə xüsusi marağını təsdiqləyir.

Vətənpərvər, vətəndaş alim-filosof Aslan Aslanov dünya fəlsəfəsindən yazmaqla milli elmi fikri yeni orijinal düşüncələrlə zənginləşdirmiş, xalqımızın estetika tarixini təmsil edən klassikləri və eyni zamanda milli estetik dəyər daşıyan mövzuları, problemləri dərindən araşdırıb, dəyərləndirmişdir. Onun istər marksist-leninçi mövqedən yazmış olduğu sırf ideoloji qaynaqla bağlı əsərlərində, istərsə  müxtəlif mövzulu məqalələrində, istərsə  də  məruzə və çıxışlarında Azərbaycan klassik mənəvi irsi öz estetik təhlilini qazanmışdır. Alimin "Azərbaycan estetik fikri tarixindən etüdlər", "M. F. Axundovun estetik görüşləri haqqında", "Azərbaycanda marksizm-leninizm təbliğatçılarının estetikası" və digər əsərləri buna yaxşı misaldır. Dahi Nizaminin fəlsəfi dünyagörüşünü təhlil edən Aslan Aslanov onun materialist olduğu elmi qənaətindən çıxış edir, mülahizələrini şairin əsərlərindən gətirdiyi misallarla əsaslandırırdı.

Akademik Aslan Aslanov Azərbaycanda estetika elminin təbliğatı ilə məşğul olan ilk alim- tədqiqatçı olduğu kimi, "Estetika" haqqında ilk dolğun kitabın nəşrinin də təşəbbüskarı və rəhbəri olmuşdur. Alimin 1979-cu ildə müştərək müəlliflər redaksiyası ilə çap olunmuş "Marksist-leninçi estetikanın əsasları" kitabında yazmış olduğu fəsillər və bölmələr, bu gün də sırf estetik bilik cəhətdən əhəmiyyət kəsb edir.

“YERİMDƏ BİR ÖMÜR AÇACAQ ÇİÇƏK”...

Aslan Aslanov estetik təhlil məsələsinin spesifik xüsusiyyətlərinə münasibət bildirərək belə bir maraqlı fikir söyləyib: "Bəzən ilk baxışda estetikaya dəxli olmayan əsərlər estetik təhlil və müşahidələrlə dolu olur".

Fikrimizcə, bu düşüncəni Aslan Aslanovun poeziyasına da aid etmək olar. Belə ki, Aslan Aslanovun şeirləri, poeziyası onun estetik baxışları, hedonist təbiəti haqda tam təsəvvür yaradır. Həm də Aslan Aslanov poeziyası hiss və təfəkkürün sintezindən yaranmışdır. Bu cəhəti, xüsusiyyəti ilə Aslan Aslanov poeziyasını filosof-şair yaradıcılığı, qısaca desək, fəlsəfi poetik rəngarəng tablo da adlandırmaq olar. Onun şeirləri lirik olduğu qədər filosofanə, filosofanə olduğu qədər lirik, romantik ovqatlı, sadə, bəlkə də daha sadə - hiss adamı yazılarıdır. Aslan Aslanov beləcə Yer Planetinin üzərindəki bütün maddi və mənəvi hadisələri filosof düşüncəsinin "fırçası" və şair qəlbinin rəngləri ilə bacardığı və ya bacara bildiyi qədər gözəl təsvir edirdi:

Salamlar gətirəcək sonsuzluqlardan bizə,

Fəzalardan süzülən milyon il işıqları

Ata-analı mehman gələcək ərzimizə,

Ulduzlar dünyasının mələk uşaqları...

Aslan Aslanovun böyük şairimiz Məmməd Araza ünvanlanan şeirində, sanki Məmməd Araz timsalında bizim hamımızdan "hal-əhval tutur":

Kəklikli qayalar xınalıdırmı?

Dağlar ağ örpəkli, cunalıdırmı?

Göldən su içməyə gedən cüyürlər

Yenə də balalı, analıdırmı?

Yenə də buludlar gəzib sərsəri

Çöllərə aramsız damcılayırmı?

Qaranlıq göyləri, nur şimşəkləri

Qızıl qamçılarla qamçılayırmı?..

Əsl şairlər kimi ani olaraq kövrələn, ötəri bir baxışdan "dərdi" duyan, ürəyinə salan, ehtiyatsız bir kəlmə ilə küsdürdüyü adama qurban-sadağa gedib barışıq istəyən, sözündə bütöv, amalında sabit təbiəti vardı Aslan müəllimin...

Qəribədir, Aslan müəllimin üz cizgiləri çox sərt idi. Mənə elə gəlir ki, sərt cizgilər onun uşaqlıq illərinin xatirələri idi. Elə Aslan Aslanov işində də, fəaliyyətində də həddən artıq ciddi, məsuliyyətli, zabitəli  şəxsdi. Amma yuxarıda dediyim kimi, həm də həddən ziyadə yumşaq, ipək kimi xasiyyəti vardı. Aslan müəllimi tanıyanların çoxu onu "mənəvi ata" hesab edirdi. O, tanımadığı, ömründə ilk dəfə gördüyü adamlarla belə əl tutur, hamıya yaxşılıq edirdi. Bəzən heç adları yadında qalmırdı o adamların. Qarşısındakına, kim olursa-olsun - uşaq, böyük, kəndçi, alim, kişi-qadın - insan münasibəti bəsləyər, dinləyər, dərdləşər, həmsöhbət olar, "dostlaşardı"!..

Çox sadə adam idi Aslan Aslanov. Dövlət, sərvəti heç sevməzdi. Təsadüfi deyil ki, şeirindən bu xisləti və amalı boylanırdı:

Nə mənası quru yerə ad-sanın,

Ey insanlar, gül-çiçəyə yaslanın.

İlk şüarı, al bayrağı Aslanın

Gözəllikdir, gözəllikdir, gözəllik!

... Bir il idi rəhmətə getmişdi. Onun haqda televiziya verilişi hazırlamaq niyyəti ilə evinə getmişdim. Gözlərimə inanmadım... 35 il "zav. kafedra", 10 il rektor, 5 il institut direktoru, belə baxanda ömrü boyu vəzifə adamı olmuşdu, akademikin evi büsbütün təmirsiz idi. Hətta çatlaqlar, söküklər vardı tavanda. Evdə mebel də, qab-qacaq və s. köhnə, dəbdən düşmüş idi. Bircə divar boyu hündürlükdə və divar uzunu dayanmış köhnə kitab şkafındakı bir-birindən çox-çox qiymətli, dəyərli kitablar, "Aslan Aslanov kitabxanası" bərq vururdu. Nəfis, hələm-hələm ələ düşməyən, hər dövlətlidə olmayan kitablar, bu təmirsiz evin bütün eyiblərini ört-basdır edirdi. Aslan müəllim sevə bilməzdi də zənginliyi, bər-bəzəyi. Axı alim-filosof idi.

Onun ölüm diaqnozu ürək partlaması oldu! Bu diaqnoz yaraşır ona. İrəvandan 200 mindən artıq həmvətənimiz çıxarıldı, ardınca Şuşa, Laçın və neçə-neçə torpağımız işğal edildi. Sinəmizə Qarabağ adında və Qarabağ boyda dağ çəkildi. Aslan Aslanov bu boyda dərdlə davam edə bilməzdi və belə də oldu.

Aslan Aslanov bir çox şeirlərində tez-tez "getmək" ifadəsini işlədir. Bəzən pıçıltıyla, bəzən açıq-aydın... "Bu dünyadan" getməkdən, yəni ölümdən!.. Filosof-şairin şeirlərində ölüm də bəşərindir, necə ki, həyat! Necə ki, sevinc, xoşbəxtlik və s. Elə buna görə də ölüm adlanan "gediş"dən təəssüf olsa da, şikayət duyulmur onun şeirlərində:

Orda bir-birinin hey fərağında,

Ulduzlar həsrətdən yanır, ağlayır.

Göyün hər qatında, hər varlığında

Kainat insana yer irahlayır.

Büsbütün romantik xarakterli olan filosof-şair Aslan müəllim yaman tələsdi əbədi yurda, yuvaya. Səbirsiz oldu. Payıza az qalırdı, gözləmədi, tələsdi. "Qobustan" jurnalına verdiyi bir müsahibədə demişdi ki: "Nə istəmişəm olub. Bircə ürəyimdə rejissorluq etmək istəyirəm. Nə vaxtsa gücümü rejissorluq sahəsində də sınayacağam". Tamaşamı qoymaq istəyirmiş, ya kinomu çəkmək istəyirmiş görəsən? Bəs mövzu nə olacaqdı? Keçmişi, yoxsa bu günü?.. Nikbin məzmunda olacaqdı, ya qəmli, bədbin ruhda olacaqdı ssenarisi?..

Aslan müəllimə 70 yaşı heç vermək olmurdu. Dolusu 55-60! Fikirləşirdin ki, bu enerji, bu şuxluqla əsl filosoflar nəsli kimi 90-100 yaşayar Aslan Aslanov!.. Bəs şairliyin ömür həqiqətləri?!! Axı, şairlərin "öz ömrü öz tale yazısıdır". Onlar alimlərdən, filosoflardan fərqli olaraq adətən az yaşayır. Çox vaxt qəzavü-qədərin qurbanı olurlar. Bəlkə də Aslan müəllimin filosofluğu onu çox yaşatmaq istəyir, şairliyi daha bəsdi-pıçıldayırmış.

Aslan Aslanov XX əsrin filosofu, alimi, şairi oldu. Nə qədər zamanlar gəlib keçəcək, deyəcəklər ki, XX əsrdə belə bir alim yaşayıb. Əsərlərini, fikirlərini təhlil edəcəklər. Tərif də edəcəklər, təbii, yəqin ki, tənqid də edəcəklər! Mən də tənqid üçün səbəb tapardım, “gərək Aslan müəllim, daha çox tədqiqat aparaydı”. Aslan müəllim, gərək “biz tələbələrə” qayğısını bir az az edib daha çox yazaydı, öz elmi kitabxanasını yaradaydı... Mən inanıram ki, poeziyanı fəlsəfə, fəlsəfəni kamillik – peyğəmbərlik hesab edən zaman gəldikdə, Aslan Aslanov haqqında düşünənlər nəsli meydana gələcək və onlar keçmişə yol açıb, çıraq tutub, xatirələr axtaracaqlar. Tarix, " Aslan Aslanov ““keçmişimizdən” bir soraq" - deyib, soraqlayacaqlar.

Əksəriyyət mənimlə razılaşar ki, o zaman ilk yada düşən Aslan müəllimi bu dünyanın, bu dünyanı Aslan müəllimin edən “Lalələr” mahnısı yada düşəcək:

Xəyalımdan nələr gəlib də keçər,

Yaz gələr, ellərə durnalar köçər.

Bulaqlar samovar, ağ daşlar şəkər,

Bənzəyir çəməndə közə, lalələr.

Lalələr, lalələr. Lalələr, lalələr...

Aslan müəllimin sözlərini yazdığı “Lalələr” mahnısı Respublikamızın nadir musiqi incilərindən biri kimi Qızıl fondda saxlanılır. Mahnını Azərbaycanın tanınmış bəstəkarı Telman Hacıyev bəstələmişdir. Mahnını Zeynəb Xanlarova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Aygün Bəylər, Azərin oxusalar da o, yaddaşlara da, musiqi tarixinə də Rəşid Behbudovun adı ilə həkk olunub.

1995-ci ilin payızında bir bəd xəbər sürətlə yayıldı. Aslan Aslanov vəfat edib. heç olmasa 1 il yaşasaydı, yaşaya bilsəydi, 70 yaşına dolardı. 70 illik yubileyi qeyd olunardı. çox şeylər ki, bu da qismətində yox imiş. Deyirlər ki, biri ölür, biri dirilir. O da bu düşüncəyə uyğun yazıb bu misraları:

Payız bir yarpaq da xəzəlləşəcək

Yerimdə bir ömür açacaq çiçək

Dünya bir çiçək də gözəlləşəcək.

Bu yazını yekunlşdırarkən akademik Aslan Aslanovun ömrünün sonlarına yaxın  Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinə akademik-katib təyin olmasından və bu istiqamətdə məlumum olanlardan bir-iki ştrixi yazmaq istəyirəm. Belə ki, Aslan Aslanovu bir rüzgar rektorluqdan AMEA RH-nə gətirdi. Mən o vaxt həmin İctimai Elmlər Bölməsinin işçisi idim. Bu bölməyə akademik Əhməd Mahmudov rəhbərlik edirdi.

Sonra Aslan Aslanov Fəlsəfə və Hüquq İnstitutuna direktor təyin edildi. Yuxarı binada rastlaşdıq. Salamlaşdım. Keyfi kök idi. Mənə sevinclə dedi ki, “səni Fəlsəfəyə estetika şöbəsinə müdir gətirəcəyəm”. Dedim, müdafiəmə az qalıb. Sonra mən özüm keçmək istədim Aslan Fəlsəfə və Hüquq İnstitutuna. Moskvadan təsdiqim gəldi, keçmək fikrimi Aslan müəllimə bildirdim məni tərəddüdsüz işə qəbul etdi. Çox təəssüf ki, mən qaldım “mənəvi ata” getdi...  

Bu da maraqlı məsələdi, Aslan müəllim 1926-cı ilin 20 avqustda dünyaya gəlmişdi, Azərbaycan fəlsəfə elminin tanınmış nümayəndələrindən biri - Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Aslan Aslanov 1995-ci ilin 23 avqustunda bu dünyaya vida etdi. 3 gün fərq. Görəsən nə anlamı verir?  Bunun mənasını bilməsəm də, Aslan müəllimin onu tanıyanların qəlbində çox gözəl, unudulmaz xatirələr qoyub getdiyini bilirəm. Yadımdadır. ölümünü eşidənlərin hamısı kədərlənmişdi. Bütün İncəsənət İnstitutu onun itkisinin hüznündə birləşmişdi. Demişdi Aslan müəllim: “Yerimdə bir ömür açacaq çiçək, Dünya bir çiçək də gözəlləşəcək”...

Bu il bizim Aslan Aslanovun 100 yaşı tamam olur. 2026-cı il sürətlə bizdən uzaqlaşır. təqvimdə 60 gün qaldı. 60 dəqiqə kimi azdan da az bir zaman kəsimi qaldı bu illə - deməli, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Aslan Aslanovun 100 illik yubileyi  ilə vidalaşmağa.

Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: