Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

08.06.2016 13:19
  • A-
  • A
  • A+

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olundu

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olundu

Ensiklopediya hər bir dövlətin tarixi, elmi və mədəni nailiyyətlərinin gələcək nəslə çatdırılmasında, maarifçilik ideyalarının bərqərar olmasında mühüm rol oynayan zəngin informasiya mənbəyidir. Bu baxımdan istənilən ölkə özünün milli universal ensiklopediyasının nəşrinə, yüksək elmi səviyyədə hazırlanmasına böyük diqqət yetirir.

Azərbaycan da ensiklopediya mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi önəm verən ölkələr sırasındadır. Yarım əsrlik tarixi olan Azərbaycan Milli Ensiklopediyası xalqımızın milli-mədəni inkişafında vacib rol oynayır. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə daim diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında” 24 noyabr 2015-ci il tarixli Sərəncamı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.

İyunun 8-də AMEA-nın Əsas binasının Dairəvi zalında Elmi Mərkəzin yaranmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirildi. AMEA, AR Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak edirdilər.

Yubiley mərasimini giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan milli ensiklopediyanın inkişaf tarixindən danışdı. Bildirdi ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik ulu öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini qeyd etdi: “Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşmış, kadr potensialı gücləndirilmişdir”.

Azərbaycan Milli Ensiklopediyasının inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını deyən akademik Prezident İlham Əliyevin həmin ildə imzaladığı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı tarixi sərəncamları xatırlatdı. Qeyd etdi ki, müstəqillik dövründə Azərbaycan Milli Ensiklopediyasının tarixində dönüş nöqtəsi olan bu sərəncamlar əsasında Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi sahəsində əməli addımlar atılmışdır.

Bu gün Azərbaycan Milli Ensiklopediyasının zəngin tarixi ənənələrə əsaslanaraq öz fəaliyyətini uğurla davam etdirdiyini söyləyən AMEA prezidenti onun maddi-texniki bazasının kifayət qədər gücləndirildiyini, müasir standartlar səviyyəsinə çatdırıldığını bildirdi.

Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış etdi. Akademik T.Nağıyev Azərbaycanda müasir ensiklopediya işinin əsasının 1965-ci ildə qoyulduğunu, “Azərbaycan  Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” Qərarla həmin ilin 30 dekabrında Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan  Sovet Ensiklopediyası Baş redaksiyasının yaradıldığını, Xalq şairi Rəsul Rzanın baş redaktor təyin edildiyini qeyd etdi: “Qərarda “Azərbaycan SSR” xüsusi cildinin və oncildlik universal Azərbaycan Sovet Ensiklopediyasının nəşri nəzərdə tutulmuşdur” – deyən natiq 1970-ci ildə nəşr olunan universal Sovet Ensiklopediyasının “A” və “B” hərflərinin müəyyən hissəsini əhatə edən birinci cildinin sovet ideologiyasının tələblərinə cavab vermədiyindən məhv edildiyini xatırlatdı.

Akademik bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verildi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradıldı. “Elmi Mərkəzin qarşısına  dünya standartlarına cavab verən  mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyuldu. Arxiv materiallarından da istifadə etməklə, respublikanın tanınmış ziyalıları, elm, sənət adamları, mütəxəssisləri bu işə cəlb olundu, müəllif heyəti və Elmi Mərkəzin kollektivinin gərgin əməyi sayəsində ilk nəşr — “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Almaniyanın “Siglosh” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə nəşr olunaraq elmi ictimaiyyətə təqdim edildi”.

Elmi Mərkəzin direktoru qeyd etdi ki, adi ensiklopediyadan öz funksionallığı, dizayn səviyyəsi və strukturu ilə fərqlənən, bununla belə, Azərbaycan Milli Ensiklopediyasının milli kaloritini tam şəkildə əks etdirən xüsusi cilddə xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv göstərilib, başqa ölkələrlə tarixi və müasir əlaqələrinə böyük diqqət yetirilib, təbii və antropogen obyektlər işıqlandırılıb. O, yaranmış tələbdən irəli gələrək həmin nəşrin 2012-ci ildə Almaniyada rus dilində çap edildiyini də vurğuladı.

Akademik Milli Ensiklopediyanın maarifçilik xüsusiyyətlərindən danışdı: “Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində böyük hadisədir. Ölkənin coğrafiyası və ictimai həyatı haqqında məlumatları ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst şəkildə əks etdirən Milli Ensiklopediya, xüsusən də “Azərbaycan” xüsusi cildi maarifçilik baxımından mühüm əhəmiyyətə malikdir”.

Məruzəçi Prezident İlham Əliyevin Elmi Mərkəzdə görülən işləri yüksək qiymətləndirdiyini, onun mərkəzin 50 illik yubileyinin keçirilməsi və əməkdaşlarının orden, medal və fəxri adlara layiq görülməsi haqqında imzaladığı sərəncamların böyük diqqətin göstəricisi olduğunu da bildirdi.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində ölkəmizdə ensiklopediya işinin tarixini əks etdirən maraqlı eksponatlardan ibarət muzeyin açıldığını da deyən akademik dövlətimizin diqqət və qayğısından ruhlanan ensiklopediya əməkdaşlarının müstəqillik dövründə qazanılmış nailiyyətləri əks etdirən məqalələr üzərində şövqlə, daha böyük inam və əzmlə çalışdıqlarını vurğuladı.

Tədbirdə AR Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin "Texnika, neft, mədən işləri, informatika, elektronika" redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək nəşrin Azərbaycanın müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışdılar. Bildirdilər ki, Azərbaycan Milli Ensiklopediyası ilk növbədə, milli dövlətçiliyin inkişafının rəhni olan milli birliyin möhkəmlənməsinə xidmət edən mühüm amilə – etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən nəşrdir.

Tədbirdə, həmçinin Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın Fəxri fərmanları təqdim edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: