Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.06.2016 11:57
  • A-
  • A
  • A+

AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri müzakirə olunub

AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri müzakirə olunub

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib. Tədbirdə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Astrofizika elminin müxtəlif istiqamətləri üzrə əldə olunan nailiyyətlərdən danışan alim qeyd edib ki, hazırda astronomlarımızın əsas məqsədi respublikada astrofizika elmini inkişaf etdirmək, dünyada ön sıralara çıxarmaqdır. Fundamental elm sahəsi kimi astrofizikanın müasir dövrdə inkişaf xüsusiyyətlərindən söz açan məruzəçi vurğulayıb ki, bu elm sahəsi ancaq dünya elmi mərkəzlərinin birgə kooperasiyası şəraitində inkişaf edə bilər: “Kosmik obyektin kompleks tədqiqi prosesi maliyyə baxımından çox bahalı olduğundan dünyanın aparıcı elm mərkəzləri öz imkanlarını birləşdirir, birgə kosmik elmi layihələr həyata keçirirlər. Nəzərə alsaq ki, hazırda Azərbaycanın da artıq kosmik imkanları vardır, bundan istifadə edilməli və süni peyklərimizdə elmi-tədqiqat cihazlarının yerləşdirilməsi reallaşdırılmalıdır”.

N.Cəlilov astrofizika və bu elmə yaxın sahələrdə xarici ölkələrdə çalışan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə elmi-tədqiqat qruplarının yaradılması, kosmik müşahidələr aparan elmi mərkəzlərlə birgə sinxron yerüstü və kosmik müşahidələrin yerinə yetirilməsi kimi təkliflər də səsləndirib. O, qeyd edib ki, bunun üçün ilk növbədə Azərbaycanda çalışan astrofiziklərin mobilizasiyasına başlamaq və respublikada olan astronomik cihazların modernləşdirilməsi prosesini yekunlaşdırmaq lazımdır.

Məruzəçi AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası və Ordubadda yerləşən Ağdərə Astronomiya stansiyasının imkanlarından fotometrik müşahidələr üçün istifadə olunması təklifini irəli sürüb. Qeyd edib ki, bu məqsədlə mütəxəssislər tərəfindən orada olan teleskopların texniki vəziyyətinin qiymətləndirilməsi, onların modernləşdirilməsi, müvafiq müqavilələrlə teleskopların birgə istismarına başlanılması istiqamətində mühüm işlər görülməlidir.

Daha sonra məruzəçi Şamaxı Rəsədxanasında həm nəzəri, həm də eksperiment yolu ilə əldə edilmiş mühüm elmi nəticələri sadalayıb. Bildirib ki, bu nəticələr nəzəri astrofizika və kosmologiyanın aktual problemləri, ulduz təkamülünün müxtəlif mərhələlərinin xüsusiyyətləri, Günəş və Günəş-Yer əlaqələri fizikasının aktual problemləri, o cümlədən Yer və süni peyklərin təhlükəsizliyi problemləri sahələrində əldə olunub.

Alim bildirib ki, kosmik obyektlərin öyrənilməsi istiqamətində kompleks tədqiqatlar üçün süni peyklərdə fotometrik, yerüstü teleskoplarda spektral sinxron eksperimentlərin aparılması müasir elmin tələbidir. ŞAR-ın bu istiqamətdə tədqiqatlara başladığını deyən N.Cəlilov Kanadanın Monreal Universiteti ilə birgə massiv- isti Volf-Rayet tipli ulduzların və Rusiyanın Moskva Dövlət Universiteti ilə birgə Seyfert tipli qalaktikaların tədqiqinin aparıldığını bildirib. Məruzəçi onu da qeyd edib ki, ulduzlararası mühitin fizikası sahəsində Polşanın Kopernik Universiteti və Rusiyanın Xüsusi Astrofizika Rəsədxanası ilə aparılan birgə tədqiqatlar beynəlxalq arenaya çıxmağa imkan verəcək.

Məruzə dinlənildikdən sonra kadr hazırlığına köməklik üçün Şamaxı Astrofizika Rəsədxanası üzrə AMEA-nın magistraturasında yer ayrılması, qəbul edilmiş prioritet istiqamətlərə uyğun olaraq elmi təşkilatın strukturunda dəyişikliklər edilməsi və s. bağlı müvafiq qərarlar qəbul olunub.

İclasda Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutlarında Təhsil şöbələrinin yaradılması, həmçinin akademik Aslan Aslanovun 90, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 85 və Vəli Əliyevin 80, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayevin isə 80 illik yubileylərinin qeyd olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: