Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2016 10:34
  • A-
  • A
  • A+

Fizika İnstitutunda italiyalı alimin məruzəsi dinlənilib

Fizika İnstitutunda italiyalı alimin məruzəsi dinlənilib

AMEA Fizika İnstitutunun Fənlərarası sektorunda “Fotonika üçün optik mikrorezonatorlar, optik dalğaötürücülər və nadir torpaq elementləri ilə aşqarlanmış şüşələr üzrə tətqiqatlar” mövzusunda seminar keçirilib.

Məruzəçi İtaliyanın Milli Tədqiqatlar Şurasının  “Nello Carrara” Tətbiqi Fizika İnstitutunun əməkdaşı, Dr. Stefano Pelli olub.

Tədbiri giriş sözü ilə açan sektorun rəhbəri, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, seminarda məqsəd İtaliyanın elmi mərkəzləri ilə birgə tədqiqatlar və elmi mübadilələr aparmaqdır.

Seminar institutun Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərin fizikası laboratoriyasının müdiri, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının prorektoru, professor Oqtay Tağıyevin çıxışı ilə davam edib. O.Tağıyev qeyd edib ki, AMEA ilə Milli Tədqiqatlar Şurasının Tətbiqi Fizika İnstitutu arasında mövcud olan müqaviləyə əsasən, “Ağ işığın alınması və enerji çevrilməsi üçün nadir torpaq elementləri ilə aşqarlanmış sulfid materiallar” adlı qrant layihəsi qalib olmuşdur. 

Bildirib ki, hazırda bərk cisim işıqlandırması (BCİ) sürətlə inkişaf edir və hər 10 ildə xərclərin 10 dəfə azalması ilə cihazların işıq emissiya effektivliyi çox sürətli templə artır.

Onun sözlərinə görə, BCİ yalnız yüksək effektivlik vəd etmir. Güc mənbəyinin və şüalanan lüminoforun düzgün seçilməsi ilə lazım olan tətbiqə uyğun rəng temperaturunun daha dəqiq tənzimlənməsi nisbətən asandır. Bu səbəbdən də layihədə bizim məqsədimiz nadir torpaq elementləti ilə aşqarlanmış kalsium tioqallatları əsasında yeni sinif  bərk məhlulların BCİ üçün potensialını araşdırmaq və müəyyənləşdirməkdir.

Sonda doktor Stefano Pellinin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

İtaliyalı alim Azərbaycana səfəri çərçivəsində, həmçinin M.V.Lomonosov adına MDU-nun Bakı filialına dəvət olunub. Professor S.Pelli universitetin yeni açılmış fizika fakültəsində aparılan tədris prosesi, fakültənin laboratoriyaları ilə tanış olub. S.Pellinin fikrincə, MDU-nun Bakı filialının laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub və tələbələrin təcrübə işlərini həyata keçirmələri üçün burada hər cür şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

 

  • Paylaş: