Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2016 14:02
  • A-
  • A
  • A+

“Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

“Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

Oktyabrın 25-də AMEA-nın Əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Yaxın Şərq böhranı: XXI əsrin çağırışları və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Konfransda bir sıra Şərq ölkələrinin diplomatik nümayəndələri - Liviyanın ölkəmizdəki səfiri Abdurrəzzaq Şikahi, həmin ölkənin konsulu Abdurrəzzaq əl-Cəbri, İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli, Səudiyyə Ərəbistanının səfirliyinin 2-ci katibi Bədr Almugairiji, Qətər səfirliyinin analitiki dr. Əhməd əl-Salehi, Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ölkəmizin müstəqillik uğrunda keçdiyi tarixi yoldan bəhs edib. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışan G.Baxşəliyeva bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək üçün biz çox işlər görməliyik.

G.Baxşəliyeva Azərbaycanın ən nüfuzlu təşkilatlara üzv olduğunu, bütün dünya ölkələri ilə tarazlaşdırılmış, düşünülmüş siyasət yürütdüyünü qeyd edib: “Bunun nəticəsidir ki, ölkəmizdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür. Bugünkü konfransın da məqsədi regionda baş verən hadisələrə obyektiv qiymət vermək, onlara münasibətdə Azərbaycanın siyasətini təhlil etməkdir”.

Sonra İraq konsulu Abdul Hakim Əlyas, İordaniyanın konsulu Səd əl-Ğəzəli və Türkiyə səfirliyinin əməkdaşı Meral Parlas çıxış edərək Yaxın Şərq böhranının bölgə ölkələrinə təsiri və bu dövlətlərin həmin böhrandan çıxması istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev “Yaxın Şərq böhranı və Türkiyənin daxili və xarici siyasətinin əsas istiqamətləri” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Türkiyənin son illərdə Yaxın Şərq böhranı və regionda baş verən hadisələrlə əlaqədar apardığı siyasətinin əsas istiqamətləri, İraq və Suriyada mövcud vəziyyətə Türkiyənin münasibəti, beynəlxalq terrorizm problemi, qaçqınlar probleminin Türkiyənin siyasi və iqtisadi vəziyyətinə təsiri və digər məsələlər öz əksini tapıb.

Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov “İraq və Suriya böhranının vahid tarixi-siyasi kökləri” adlı məruzəsində Suriya və İraqda baş verən böhran və qanlı hadisələri Yaxın Şərq böhranı kontekstində təhlil edib. Bildirib ki, hər iki ölkədə baş verənlərin müqayisəsi böhran strukturunun eyni olmasını və hadisələrin bir-biri ilə bağlılığını təkid etməyə imkan verir.  İraq və Suriyada sülh və əminamanlığın bərpası təkcə bu ölkələrin vəziyyətinə aid deyil, bütövlükdə Yaxın Şərq böhranının həllinə doğru tədbirlərin görülməsini tələb edir.

“Yaxın Şərq və İran” mövzusunda məruzə ilə çıxış edən Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayev isə İran İslam Respublikasının Yaxın Şərqdə cərəyan edən böhran şəraitində milli maraqları müdafiə etmək və regional böyük dövlət olmaq sahəsində yeritdiyi xarici siyasətdən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: