Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.11.2016 17:31
  • A-
  • A
  • A+

“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.

AMEA-nın Rəyasət Heyətində təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Birinci Türkoloji Qurultayın ideyaları sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin və elmi-mədəni inteqrasiyanın formalaşmasında, türkdilli ölkələr arasında tarixi-mədəni əlaqələrin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamını xatırladan AMEA rəhbəri qeyd etdi ki, bu sənəd Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Dil Qurumunun başqanı Kamal Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan KıdırəliNəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və digərləri Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışdılar. Çıxış edənlər Birinci Türkoloji Qurultayın humanitar xarakter daşıdığını, latın əlifbasına keçid kimi vacib məsələnin müzakirə olunduğunu söylədilər.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzəsini təqdim etdi. Akademik bildirdi ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya-proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir.

Birinci Türkoloji Qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulduğunu söyləyən AMEA-nın vitse prezidenti qurultayın iclaslarında səslənən məruzələrdə humanitar və ictimai elmlərin, türkologiyanın aktual problemlərinin əhatə olunduğunu, konkret təkliflərin irəli sürüldüyünü vurğuladı. Qeyd etdi ki, bu qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların, Avropa  türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının  iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə təsəvvür etməyə imkan verir. Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın geniş mənada türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir.

Akademik İ.Həbibbəyli məruzəsində Birinci Türkoloji Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsinə də toxundu. Qeyd etdi ki, latın əlifbasına keçid XX əsrin əvvəllərində Azərbaycan və Türkiyədə tətbiq olunub, lakin sonradan Sovetlər İttifaqı daxilində bu proses dayandırılıb. Azərbaycanın müstəqillik epoxasında bu ideyanın yenidən dirçəldiyini deyən akademik ümummilli lider Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi Fərmanı ilə Azərbaycanda latın əlifbasına tam keçidin təmin edildiyini vurğuladı.

Tədbir Nizami adına Ədəbiyyat İnstitutundaMərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirildi.

Konfrans işini sabah yekunlaşdıracaq.

Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfranslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: