GMO məhsulları istifadə edilməzdən əvvəl elmi-tədqiqat müəssisələrində yoxlanılmalıdır
“Antibiotiklər “mutasiya” etmiş bakteriyalara qarşı gücsüzdür”
GMO (Genetically Modified Organism) - gen mühəndisliyi yolu ilə genetik yeniləşdirilmış və ya genetik modifikasiya olunmuş orqanizmdir. Orqanizmlərin genomunu dəyişmək üçün seçilmiş gen bakteriya, virus və heyvanlardan götürülərək digər orqanizmlərə köçürülür. Hansı genin daxil edilməsindən asılı olmayaraq GMO-nun yaradılması prosesində bitkilərdə ciddi zədələnmələr yaranır ki, nəticədə toksin, allergen, kanserogen tərkibli və anti-qida məhsulları çoxalır.
Bu haqda AMEA Rəyasət Heyətinin bugünkü iclasında AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva və institutun Bioetika və tibbi hüquq şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru, professor Vüqar Məmmədovun həmmüəllifi olduqları “Sağlamlıq hüququ, genetik modifikasiya edilmiş məhsullar və onların hüquqi tənzimlənməsi” mövzusunda təqdim edilmiş elmi məruzədə deyilib.
Qidalanmada genetik modifikasiya olunmuş məhsullardan istifadənin aktual mövzu olduğunu qeyd edən V.Məmmədov dünya alimlərinin bu məhsullara münasibətinin birmənalı olmadığını bildirib: “GMO-nun ziyanlı olub-olmaması barədə ciddi mübahisələr aparıldığı halda milyonlarla insan həmin məhsullardan istifadə etməkdədir. Genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur”. Məruzəçi genetik modifikasiya olunmuş məhsullardan nəzarətsiz istifadənin gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulayıb. Onun sözlərinə görə, qidalanmada transgen məhsullardan istifadənin riskli olduğunu tam təsdiq etmək üçün bir neçə onillik və genetik modifikasiya edilmiş orqanizmlərlə qidalanmış bir neçə nəsli müşahidə etmək lazımdır: “Bütün transgen məhsulların zərərli olması barədə tam əminliklə danışmaq olmaz. Çünki təbiətdə də insan üçün yararsız olan (zəhərli və mutagen) qidalar mövcuddur”. V.Məmmədov genetik modifikasiya olunmuş bütün orqanizmlərin dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması və markalanmasının zəruriliyini bildirib.
“Hazırda gen diaqnostikası və terapiyasının sürətli inkişafı ilə əlaqədar olaraq insanın genləri ilə manipulyasiyanı tənzimləməyə yönəldilmiş qanunvericilik normalarının işlənməsi müasir dövrün ən aktual mövzularındandır. Bütün ölkələrin GMO məhsullarına münasibəti onların milli qanunvericiliyində öz əksini tapmalı və onların idxalı, ixracı tənzimlənməlidir. Bu tənzimlənmədə gələcək nəsillərin sağlamlığı, ətraf mühitin qorunması, biomüxtəlifliyin saxlanması prinsipləri nəzərə alınmalıdır” – söyləyən məruzəçi ölkəmizin bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Kartagen protokoluna qoşulduğunu qeyd edib. “Biotəhlükəsizlik haqqında olan bu protokola ümumilikdə 150-dən artıq ölkə daxildir. Azərbaycan genetik modifıkasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılması, risklərin qiymətləndirilməsi, onun yayılması, kommersiya məqsədilə istifadə olunmasının qarşısının alınması üçün üzərinə öhdəliklər götürüb. Azərbaycan Respublikasının bəzi qanunlarındakı maddələr bu məsələni qismən tənzimləyir” – bildirən V.Məmmədov lakin Azərbaycanda GMO məhsullarının məhdudlaşdırılması ilə əlaqədar qanun layihəsinin olmadığını söyləyib.
“GMO məhsullarının məhdudlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın və 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində aparılan işlər böyük əhəmiyyət kəsb edir” – deyən məruzəçi AMEA İnsan Hüquqları İnstitutu tərəfindən Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların idxalı və yayılmasının hüquqi tənzimlənməsinin sistemli yanaşma üsulu ilə tədqiq edildiyini bildirib. O, bu sahədə mövcud dünya təcrübəsinin öyrənildiyini, Avropa və MDB ölkələrinin qanunvericiliyinin müqayisəli şəkildə tədqiq edildiyini və genetik modifikasiya olunmuş məhsulların tənzimlənməsinə dair spesifik qanunların araşdırıldığını söyləyib. Ölkənin iqtisadi inkişaf strategiyası, ərzaq təhlükəsizliyi və əhalinin sağlamlıq hüququ nöqteyi-nəzərindən Azərbaycan qanunlarında təsbit olunmaq üçün müvafiq təkliflərin hazırlandığını da nəzərə çatdırıb. Elmi əsaslandırılmış bu təkliflər milli qanunvericilikdə nəzərə alınaraq Azərbaycan Respublikasının 8 qanununda öz əksini tapıb.
Məlumat üçün qeyd edək ki, GMO ən çox inkişaf etmiş ölkələrdə becərilir. ABŞ, Çin, Hindistan və Kanadada GMO əkin sahələri milyon hektarlarla ölçülür. Avropa Birliyi ölkələrindən Portuqaliya, İspaniya, Çexiya, Slovakiya və Rumıniya, Afrika qitəsində Misir, Sudan, Cənubi Afrika və Burkino-Faso GMO becərən ölkələrdir. ABŞ və Avropada transgen məhsullar ayrıca satılır və diqqətlə markalanır. Bu məhsullar xeyli ucuzdur.
Azərbaycanda isə transgen məhsullar markalanmır, adi məhsullarla bir yerdə satılır. Hazırda bir sıra alimlər belə fikrə gəliblər ki, genetik modifikasiya olunmuş məhsullardan qidalanmada aktiv istifadə olduqca risklidir. İnsanın qida rasionuna transgen məhsulların daxil edilməsi yeni xəstəliktörədici bakteriyaların yayılmasına gətirə bilər: “Faydalı gen"lərin müəyyən DNT zəncirinə yerləşdirilməsi zamanı buraya müxtəlif “texnoloji zibil”, məsələn, antibiotiklərə davamlı olan gen də daxil ola bilər. Nəticədə, geniş yayılmış dərman ləvazimatları “mutasiya” etmiş bakteriyalara qarşı, sadəcə gücsüz ola bilər.
AMEA Rəyasət Heyətinin qərarı ilə institutda sağlamlıq hüququ, ekoloji təhlükəsizlik, genetik modifikasiya olunmuş orqanizmlər, ərzaq və qida təhlükəsizliyi istiqamətində elmi araşdırmalar davam etdiriləcək, Azərbaycan qanunvericiyinə təsbit olunmaq üçün müvafiq təkliflər hazırlanacaq, iş adamları və s. arasında maarifləndirmə, təbliğat xarakterli tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.