20 fevral 2014-cü il tarixdə AMEA Əlyazmalar İnstitutunda “Nizami və Nəvai” mövzusunda seminar keçirilib.
Özbəkistan səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan əlaqələri müstəvisində mühüm əhəmiyyət kəsb edən tədbirin keçirilməsini yüksək qiymətləndirib. Əməkdaşlıq əlaqələrinin milli maraqlara uyğun davam etdirilməsinin önəmini qeyd edən akademik bu istiqamətdə görülmüş işlərdən danışıb. Azərbaycan və özbək xalqlarını birləşdirən ortaq dəyərlərdən, müstəqillik dövründə bütün sahələrdə, o cümlədən elm sahəsində əlaqələrin genişləndirilməsi zərurətindən bəhs edib. Bildirib ki, bu iki böyük şəxsiyyət Azərbaycan-özbək ədəbi əlaqələrinin təməlində duran simalardır.
Sonra çıxış edən institutun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Teymur Kərimli N.Gəncəvi yaradıcılığında vətənpərvər ideyalarının xüsusi yerə malik olduğunu söyləyib. Bildirib ki, N.Gəncəvi təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. N.Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Özbəkistanın ölkəmizdəki səfirinin müşaviri Cahangir Aminov Azərbaycanla Özbəkistan arasında iqtisadiyyat, ticarət, mədəniyyət sahələrində artan əlaqələrin vəziyyəti barədə məlumat verib.
Qeyd edib ki, Ə.Nəvai Nizamini özünün müəllimi hesab etmiş, tarixə cığatay türkcəsində “Xəmsə” yazan şair kimi düşmüşdür. Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratmaq Nəvainin filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi idi.
Tədbirdə filologiya elmləri doktoru, professorlar Vaqif Arzumanlı, Mehdi Kazımov, Möhsün Nağısoylu və digərləri çıxış edərək Ə.Nəvai və N.Gəncəvinin yaradıcılığının müxtəlif məqamlarına nəzər salıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.