Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib.
Xatırladaq ki, kitabı rus dilindən Azərbaycan dilinə publisist-jurnalist, Azərbaycan Televiziyasının Orta Asiya ölkələri üzrə müxbir bürosunun keçmiş rəhbəri Aida Eyvazova tərcümə edib. Nəşrin məsləhətçiləri Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, redaktoru isə Vəli Əkbərdir.
Təqdimat mərasimində Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov çıxış edərək Nursultan Nazarbayev haqqında Azərbaycan dilində kitabın nəşr edilməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafının bariz nümunəsi olduğunu söyləyib. Vurğulayıb ki, bu kitab Qazaxıstan Prezidenti barədə latın qrafikası ilə nəşr edilən ilk əsərdir.
Sonra çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, kitabın ön sözünün müəllifi Əli Həsənov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, təqdimatı keçirilən əsərin məziyyətlərindən danışıb. Prezidentin köməkçisi eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərimizin mühüm rolundan söhbət açıb.
Qeyd edilib ki, Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq hazırda Qazaxıstanda xalqlar və millətlər arasında möhkəm sülh, sabitlik hökm sürür, multikultural dəyərlər daşıyan funksional bir cəmiyyət formalaşıb. 130-dan artıq xalqın nümayəndələri, o cümlədən azərbaycanlılar vətəndaş sülhü və ümummilli həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin həyat yolundan bəhs edən kitabın Azərbaycan dilinə tərcüməsini əhəmiyyətli hadisə adlandırıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, ictimaiyyətə təqdim olunan yeni nəşr Azərbaycan xalqının qazax xalqına sevgisinin bariz göstəricisidir. O, Qazaxıstanın latın əlifbasına keçidinin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayıb, təqdimatı keçirilən əsərin latın əlifbası ilə çap olunmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərindən danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.