Dekabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.
Tədbirdə AMEA, Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının, yerli və xarici elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü universitetin elm və texnika işləri üzrə prorektoru Arif Şərifov açaraq bildirib ki, tədbirə 17 ölkədən 200-dək mütəxəssis qatılıb. Konfransın nəticələri, mövzu ilə bağlı tövsiyələr təbii fəlakətlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində elmə mühüm mərhələ kimi daxil olacaq.
Sonra Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayevə diplom və döş nişanları təqdim edib.
Plenar iclasda İ.Mustafayevin “Kür və Araz çaylarında 2010-cu ildə baş verən daşqınlar: səbəblər, nəticələr, ərazilərin reabilitasiyası”, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Azərbaycanda baş verən güclü zəlzələlər” mövzusunda məruzələri dinlənilib.
Tədbir öz işini "Təbii fəlakətlər və onların təsirləri”, "Həyat fəaliyyətinin təhlükəsizliyi”, "İqlim dəyişmələri və ekoloji risklər” bölmələrində davam etdirib.
Konfrans dekabrın 6-da başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.