Dekabrın 22-də AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görkəmli heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, "Heydər Əliyev" ordeni laureatı, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, ölkənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar akademik Ömər Eldarovun zəngin yaradıcılığını əks etdirən sərgiyə baxıblar.
Alimlər evinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Xalq rəssamının sənət dünyasından, Azərbaycan mədəniyyətinə, xüsusilə də heykəltəraşlıq sənətinə bəxş etdiyi töhfələrdən söz açıb. O, Ömər Eldarovun Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edib.
Akademik A.Əlizadə bildirib ki, ustad sənətkar bütün mənalı ömrü boyu məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-ədəbi və ictimai-mədəni həyatının fəal iştirakçısı olub. Onun heykəltəraşlıq sahəsində yaratdığı sənət nümunələri dünyanın bir çox muzeylərində layiqli yerini tutub.
Görkəmli heykəltaraşın bir çox mükafatlara layiq görüldüyünü xatırladan AMEA rəhbəri yubilyarı dövlətimizin başçısı tərəfindən respublikanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ustad sənətkarın Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Ö.Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən heykəllərin, abidələrin müəllifidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi və onun xatirəsinə həsr olunan “Elegiya” ustad sənətkarın məşhur əsərləridir.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Xalq rəssamı Fərhad Xəlilov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Ö.Eldarovun yüksək insani keyfiyyətlərindən danışıb, yubilyarı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən akademik Ömər Eldarov Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyduğunu bildirib. Ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə daim xüsusi diqqət göstərdiyini vurğulayan Ö.Eldarov əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən görkəmli heykəltəraş dünya incəsənəti tarixindən danışıb, Azərbaycanda da bu sənətin dərin köklərə malik olduğunu bildirib.
Yubiley tədbiri bədii hissə ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.