Bu gün AMEA-nın Əsas binasında Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) həqiqi üzvü Vladimir Papavaya İqtisadiyyat İnstitutunun "Fəxri doktoru" diplomunun təqdimetmə mərasimi keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, tanınmış iqtisadçı alimlər və KİV nümayəndələri iştirak ediblər.
Mərasimi institutun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov açaraq V.Papavanın həyat və elmi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, V.Papava 1955-ci ildə Tbilisidə anadan olub, 1977-ci ildə GMEA-nın İqtisadiyyat və Hüquq İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1982-ci ildə iqtisad üzrə elmlər namizədi, 1989-cu ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 1997-ci ildə GMEA-nın müxbir üzvü, 2013-cü ildə isə akademiki seçilib.
N.İmanov görkəmli gürcü alimin 1994-2000-ci illərdə Gürcüstanın İqtisadiyyat naziri vəzifəsində çalışdığını, 2004-2008-ci illərdə isə parlamentin deputatı seçildiyini xatırladıb. Bildirib ki, 343 məqalə, monoqrafiya və dərsliyin müəllifi olan V.Papava hazırda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda, həmçinin İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində fəaliyyət göstərir.
N.İmanov akademik V.Papavanın rəhbərlik etdiyi müəssisənin Elmi Şurasının 19 dekabr 2017-ci il tarixli qərarı ilə institutun "Fəxri doktoru" diplomuna layiq görüldüyünü bildirib. O, "Fəxri doktor" diplomunu və hədiyyəni alimə təqdim edib.
Daha sonra akademik Ziyad Səmədzadə çıxış edərək V.Papavanın beynəlxalq aləmdə tanınmış ziyalı olduğunu bildirib, onun Azərbaycanla Gürcüstan arasında arasında dostluq, o cümlədən iqtisadi əlaqələrin qurulmasında və inkişafında müstəsna xidmətlərindən söz açıb.
Sonda çıxış edən V.Papava mükafata görə institut rəhbərliyinə təşəkkür edib, "Gürcüstan iqtisadiyyatı institusional tələlərdə" mövzusunda məruzəsini iştirakçıların diqqətinə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.