Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

13.03.2018 15:38
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi qeyd olunub

AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyi qeyd olunub

Martın 13-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu müəssisənin Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Yubiley tədbirini giriş sözü ilə açan institutun direktoru, akademik İradə Hüseynova alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, İlham Şahmuradov ölkəmizdə bioinformatika üzrə tanınmış alimdir. O, elmi fəaliyyətinə 1979-cu ildə akademik Cəlal Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində başlayıb. Professor İ.Şahmuradovun gərgin əməyi və elmi axtarışları nəticəsində insan, heyvan və bitki genomlarında transkripsiyanın start saytlarının və tənzimləyici elementlərinin, ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri - PromH, PromHP, TSSP-TCM, və POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılıb.

İ.Hüseynova yubilyarın elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu, onun Bakı Dövlət Unversiteti, Azərbaycan Tibb Universiteti  və Xəzər Universitetində molekulyar biologiya və genetika, bioinformatika üzrə bir sıra ümumi və ixtisas kurslarını tədris etdiyini diqqətə çatdırıb. Bildirib ki, alim 60-dan artıq elmi məqalənin, eləcə də bioinformatika terminləri üzrə Azərbaycan dilində ilk lüğətin müəllifidir.

Professor İ.Şahmuradovun ölkəmizi xaricdə ləyaqətlə təmsil edən ziyalı olduğunu deyən institut direktoru qeyd edib ki, o, 1999-cu ildə Birləşmiş Krallığın Sanger elmi mərkəzində, 2000-2001-ci illərdə Yaponiyanın Heliks Tədqiqat İnstitutunda və 2001-2005-ci illərdə London Universitetinin Royal Hollovey kollecinin Kompüter Elmləri Departamentində tədqiqatçı kimi çalışıb. 2007-2010-ci illərdə Pakistanın COMSATS İnformasiya Texnologiyası İnstitutunun professoru olub. 2015-2016-cı illərdə isə o, Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetində elmi tədqiqatlar aparıb.

Diqqətə çatdırılıb ki, İ.Şahmuradov 2015-ci ildə elmi-pedoqoji sahədə səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Sonra akademik İ.Hüseynova institutun Fəxri fərmanını alimə təqdim edib.

Yubiley tədbirində çıxış edən AMEA-nın müxbir üzvü Novruz Quliyev, professor Səftər Süleymanov, k.ü.e.d. Siracəddin Sərkərov və başqaları İ.Şahmuradovu 60 illik yubileyi münasibətilə təbrik ediblər. Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda yubilyarın həyat və elmi fəaliyyətini əks etdirən “Yol ayrıcı: Riyaziyyatdan biologiyaya” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: