Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.
Tədbirdə İEB-in akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdıraraq, bügunkü iclasda “Azərbaycan orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzənin dinləniləcəyini bildirdi.
Daha sonra AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev sözügedən məruzəni təqdim etdi. Yaxın Şərq mənşəli yazılı mənbələrin dil baxımından əsasən üç qrupa (ərəb, fars və türk dillərində olan tarixi qaynaqlar) ayrıldığını deyən alim türkdilli mənbələrin böyük hissəsini Osmanlı mənşəli tarixi qaynaqlarının təşkil etdiyini bildirdi. O, Osmanlı mənbələri arasında XVI əsrin sonu və XVIII əsrin 20-ci illərini əhatə edən və “təhrir dəftərləri” adlanan arxiv sənədlərinin öz həcminə və tarixi məlumatları ehtiva etməsinə görə xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu mənbələr XV-XVIII əsrlərdə Osmanlı imperiyasında iqtisadi həyatı, xüsusilə maliyyə-vergi praktikasını tənzimləyən dövlət sənədləri funksiyasını yerinə yetirirdi. Vaxtı ilə əraziləri Osmanlı imperiyasına daxil olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından da arxiv mənbələri unikal xarakter daşıyır.
Məruzəçi diqqətə çatdırdı ki, tarixi tədqiqata cəlb edildiyi zaman “təhrir dəftərləri” dolğun statistik məlumat əsasında Osmanlı imperiyasının, onun ayrı-ayrı inzibati bölgələrinin, o cümlədən müəyyən dövrlərdə imperiyanın tərkibinə daxil olan Azərbaycanın sosial-iqtisadi mənzərəsini yaratmağa imkan verir. Sənədlər həm də demoqrafik prosesləri izləməyə, əhalinin təqribi sayı və etno-dini tərkibi haqqında məlumat əldə etməyə kömək edir.
Akademik Ş.Mustafayev “təhrir dəftərləri”nin rəsmi maliyyə sənədi olduqları üçün məxfi xarakter daşıdığını və ərəb əlifbasının xüsusi qrafikasından istifadə olunmaqla hazırlandığını bildirdi. Vurğuladı ki, Azərbaycanın tarixi ərazilərinə aid XVI əsrin sonu və XVIII əsrin 20-ci illərdə tərtib olunmuş və hazırda Türkiyənin arxivlərində saxlanan bir sıra “təhrir dəftərləri” ölkəmizin orta əsrlərdə sosial-iqtisadi tarixini araşdırmaq üçün mühüm mənbə bazasını təşkil edir.
Ölkəmizdə Osmanlı tarixi araşdırmalarının, o cümlədən Osmanlı “təhrir dəftərlərinin” sistemli şəkildə tədqiqi və nəşrinin akademik Ziya Bünyadovun adı ilə bağlı olduğunu deyən məruzəçi onun təşəbbüsü ilə ötən əsrin 80-ci illərindən etibarən Şərqşünaslıq İnstitutunun alimləri tərəfindən bu sahədə ardıcıl işlərin aparıldığını, İrəvan, Naxçıvan, Gəncə-Qarabağ, Borçalı-Qazax, Lori, Ərdəbil bölgələrinə aid bir sıra “təhrir dəftərləri” tərcümə, nəşr və tədqiq edildiyini diqqətə çatdırdı. O, hazırda bu istiqamətdə işlərin davam etdirildiyini söyləyərək, bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqaz və Azərbaycana dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri” adlı irihəcmli layihənin icrasından danışdı. Bildirdi ki, layihə çərçivəsində AMEA-nın Şərqşünaslıq və Ədəbiyyat institutlarının mütəxəssisləri tərəfindən Tiflis, Təbriz, Urmiya və Marağa bölgələrinə aid təhrir dəftərlərinin üzərində işlər aparılır, onların əlyazmalarının mətnləri transliterasiya və tərcümə edilərək çapa hazırlanır.
Çıxışının sonunda Ş.Mustafayev bu işlərin nəticəsində tariximizin müəyyən dövrü üçün Azərbaycanın milli tarixi atlasının hazırlanmasının mümkün olacağını vurğuladı.
Məruzə ətrafında AMEA-nın müxbir üzvləri Könül Bünyadzadə, Şahbaz Muradov, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək Osmanlı arxiv mənbələrindən, xüsusilə “təhrir dəftərləri”nin materiallarından Azərbaycanın tarixi əraziləri və itirilmiş torpaqlarının siyasi, sosial-iqtisadi və mədəni tarixinin araşdırılması sahəsində geniş istifadə olunmasının zəruriliyini bildirdilər.
Sonda bölmənin qərarı ilə məruzənin AMEA Rəyasət Heyətinin iclasına çıxarılması qərara alındı.
Tədbirdə bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.