AMEA-da alüminium sənayesinin inkişaf etdirilməsi, istehsalının artırılması və alüminium kompleks sənaye emalının təşkil edilməsi ilə bağlı komissiyanın iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev alüminium sənayesinin tarixi və mövcud vəziyyəti barədə danışıb. Bildirib ki, vaxtilə respublikada alüminium sənayesinin əsasını təşkil etmiş “Gəncə Gil-torpaq” müəssisəsində xammal kimi yerli Zəylik alunitdən və xaricdən idxal olunan boksit filizlərindən ilkin alüminium istehsalı üçün istifadə edilib. 2000-ci ildə “Azəralüminium” ASC yaradıldığını qeyd edən alim sonralar respublikanın alüminium istehsalı müəssisələrinin yenidən bərpa olunaraq istehsala başladığını deyib.
Akademik D.Tağıyev Strateji Yol Xəritəsinin prioritet istiqamətlərdən biri olan alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialdan danışıb. Bu istiqamətdə hədəflərin müəyyənləşdirilməsi məqsədilə gələcəkdə əlaqədar qurumlarla birgə fəaliyyət, o cümlədən layihələrin həyata keçirilməsi üçün infrastrukturun yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub.
Sonra çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev alüminium istehsalının artırılması və kompleks sənaye emalının təşkili sahəsində komissiyanın qarşısında duran vəzifələrdən danışıb. Direktor alunit emalı istiqamətində AMEA-nın “Azərbaycan Sənaye Korporasiyası” ASC (“ASK” ASC) ilə əməkdaşlıq imkanlarından da söz açıb. Qeyd edib ki, təşkilat ölkə başçısı İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, eləcə də dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaq məqsədilə yaradılıb.
V.Babayev “ASK” ASC ilə birgə layihələrin icrası istiqamətində görüləcək işlər barədə də fikirlərini səsləndirib.
İclasda AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay alunit filizi yataqlarının aşkar edilməsi məqsədilə respublika ərazisində aparılmış geoloji-kəşfiyyat işlərindən söz açıb. Alim alüminium istehsalından öncə sınaq üçün pilot komplekslərin tikilməsinin məqsədəuyğun olduğunu söyləyib.
Daha sonra çıxış edən AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev akademiyanın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.
İclasda AMEA Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Arif Heydərov, texnika üzrə fəlsəfə doktoru Telman İsrafilov və digərləri çıxış edərək istehsal zamanı müasir texnoloji üsulların tətbiqi, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələlərinə dair təkliflər irəli sürüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.