Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

15.05.2018 14:31
  • A-
  • A
  • A+

AMEA-da akademik Musa Əliyevin 110 illik yubileyi qeyd olunub

AMEA-da akademik Musa Əliyevin 110 illik yubileyi qeyd olunub

Mayın 15-də AMEA-nın Əsas binasının dairəvi akt zalında görkəmli alim, tanınmış ictimai xadim, akademik Musa Əliyevin 110 illiyinə həsr olunan yubiley yığıncağı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli alim M.Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Yubiley yığıncağını giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq, tədbirin Prezident İlham Əliyevin "Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında" 21 fevral 2018-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib.

AMEA rəhbəri Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Musa Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Onun akademiyanın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Akademik Akif Əlizadə görkəmli alimin həm də böyük ictimai xadim olduğunu vurğulayıb: "O, müxtəlif illərdə SSRİ və Azərbaycanın Ali Sovetlərinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Plan Komitəsinin sədri, keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri, Lenin Mükafatları Komitəsinin və Ali Attestasiya Komissiyası Plenumunun üzvü, Sovet-Pakistan Dostluq Cəmiyyətinin vitse-prezidenti olub. SSRİ Neft Sənayesi Nazirliyinin kollegiyası tərəfindən "Fəxri neftçi" adına layiq görülüb. Neft sənayesində çoxillik səmərəli elmi fəaliyyətinə görə adı SSRİ Neft Sənayesi Nazirliyinin "Fəxri kitabı"na daxil edilib. Ümumittifaq Paleontoloji Cəmiyyətin Fəxri üzvü seçilib".

Akademik Akif Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb: "1956-cı ilin payız aylarında mənə məlumat gəldi ki, akademiyanın o vaxtkı prezidenti, akademik Musa Əliyevin Geologiya İnstitutunda iki vakant ştat vahidi var və ora gənc mütəxəssislər axtarır. Həmin vaxt akademiyaya işə qəbul olunmaq çox çətin məsələ idi. Musa Əliyevlə görüşdüm, söhbət etdik. Məni işə qəbul etdi".

Akademik Akif Əlizadə görkəmli alimin həm akademiyanın prezidenti kimi, həm də laboratoriyanın rəhbəri olaraq, ilk addımından ona qayğı göstərdiyini, inandığını bildirib. Diqqətə çatdırıb ki, prezidentlik vəzifəsindən azad olunub Moskvaya köçdükdən sonra da hər zaman ona dəstək olub. Musa Əliyevin Azərbaycan elmində əvəzsiz xidmətləri olduğunu vurğulayan AMEA rəhbəri onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrədin Qədirov "Görkəmli alimin şərəfli həyat yolu" mövzusunda məruzə ilə çıxış edib. “Akademik Musa Əliyev 1926-cı ildə Aşqabadda fizika-riyaziyyat təmayüllü orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən fakültəsinə daxil olub”.  

Natiq akademik Musa Əliyevin bir sıra yüksək vəzifələrdə uğurla çalışdığını deyib: "O, 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq dosent, neft fakültəsinin dekanı və institutun direktoru vəzifələrində işləyib, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyinin nəzdində Baş tədris idarəsinin rəisi vəzifəsinə təyin edilib, eyni zamanda Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərib. Akademik 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında çalışıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan  Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin deputatı olub".

Mərhum akademikin elmi fəaliyyətindən danışan məruzəçi bildirib ki, alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük yatağın ("Neft Daşları") açılışı olub. Musa Əliyevin böyük elm təşkilatçısı olduğunu söyləyən F.Qədirov vurğulayıb ki, o, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb: "Onun Akademiyaya rəhbərlik etdiyi dövrdə Elmlər Akademiyasının inkişafının istiqamətləndirilməsində, yeni elmi tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektiv sahələrinin təşkilində mühüm xidmətləri olub".

Alim vurğulayıb ki, Geologiya İnstitutundakı fəaliyyəti dövründə Musa Əliyevin də yaxından iştirak etdiyi tədqiqatlar  nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilib. Bu xəritələr bir sıra neft, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Bölmənin akademik-katibi bildirib ki, M.Əliyev Azərbaycanda Mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisidir. Bu məktəb isə SSRİ-də Yura və Təbaşir stratiqrafiyası üzrə "Bakı Məktəbi" kimi məşhurlaşıb. 1958-ci ildən Moskvada Musa Əliyevin elmi fəaliyyətinin yeni dövrünün başlandığını diqqətə çatdıran alim vurğulayıb ki, o, SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil edilmiş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə dəvət olunaraq ömrünün sonuna kimi burada çalışıb. Musa Əliyev 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik edib, Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması da onun adı ilə bağlıdır.

F.Qədirov görkəmli alimin rəhbərliyi ilə 60-dan çox fəlsəfə və elmlər doktoru yetişdirildiyini, onun geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-yə yaxın elmi əsərin müəllifi olduğunu diqqətə çatdırıb. Akademik Musa Əliyevin adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutuduğunu, hələ uzun illər gələcək nəsillər üçün nümunə olacağını deyən F.Qədirov görkəmli alimin əziz xatirəsinin hər zaman yaşayacağını əlavə edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı "Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib. Natiq bildirib ki, Azərbaycanda peşəkar geoloq kadrların hazırlanmasının əsası ötən əsrin 20-ci illərində Bakı Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qoyulub. Qeyd edib ki, məhz bu ixtisası seçmiş Musa Əliyev ilk günlərdən liderlik keyfiyyətləri ilə fərqləndiyinə görə, tələbələr onu geoloqlar qrupunun başçısı seçiblər.

Məruzəçi Musa Əliyevin Azərbaycan Sənaye İnstitutunda ardıcıl olaraq assistent, dosent və Neft fakültəsinin dekanı kimi fəaliyyət göstərdiyini, 1939-cu ildə isə institutun direktoru vəzifəsinə təyin edildiyini diqqətə çatdırıb. M.Babanlı məhz bundan sonra milli kadrların yetişdirilməsi istiqamətində ciddi işlərə başlanıldığını, neft sənayesi üzrə milli kadrların seçilməsi və yerləşdirilməsində ilk addımlar atıldığını söyləyib: "Musa Əliyev artıq o dövrdə SSRİ miqyasında nüfuzlu sayılan ali məktəbimizin 20 illik yubileyinin təntənəli keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. İşçilərin cəmi 25 faizini təşkil edən azərbaycanlıların əksəriyyəti direktorun Moskvaya göndərilmiş məlumatı əsasında orden və medallara təqdim olunub, bu da institut üzrə təltif olunanların 70 faizini təşkil edib. Onun rəhbərliyi dövründə institut iki dəfə SSRİ Xalq Neft Sənayesi Komissarlığı və Neftçilər Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin keçici bayrağını alıb".

M.Babanlı mərhum akademikin böyük insan, dahi şəxsiyyət, görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı olduğunu, onun əziz xatirəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hər zaman yaşayacağını bildirib.

İclasda akademiklər - Abel MəhərrəmovVasif Babazadə, Teymur Bünyadov və digərləri çıxış edərək alimin həyat və elmi fəaliyyətindən danışıblar, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev alimlə bağlı xatirələrini bölüşüb. Yığıncağın təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirin sonunda akademik Musa Əliyevin həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: