Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılışı oldu

“Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılışı oldu

Bu gün AMEA-nın Əsas binasında AMEA Botanika İnstitutu, Fribourg Təbiət Tarix Muzeyi (İsveçrə), Bitkilərin Mühafizəsi üzrə Beynəlxalq Botanika Bağları Şurası (BGCI, Birləşmiş Krallıq) və NG Tornay Dizayn şirkətinin (İsveçrə) təşkilatçılığı ilə “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçirildi.

Dünyanın 6 ölkəsindən (İsveçrə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Gürcüstan, Çin) 15-ə qədər nümayəndə heyəti, bir sıra aparıcı Avropa dövlətlərinin Azərbaycanda fəaliyyət göstərən səfirlik nümayəndələri, həmçinin ölkəmizin bir sıra dövlət təşkilatları və nazirlik nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açdı. Azərbaycanın son illərdə dünyanın aparıcı elm və mədəniyyət mərkəzlərindən birinə çevrildiyini söyləyən AMEA rəhbəri burada botanika elminin də özünəməxsus yerə malik olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, ölkəmizdə son zamanlar botanika elminin müasir səviyyədə inkişafı istiqamətində bir sıra əhəmiyyətli addımlar atılır və laboratoriyalar müasir avadanlıqlarla təchiz olunur.

Tədbirin bu sahə ilə məşğul olan alimlərin hesabatı xarakteri daşıdığını bildirən A.Əlizadə sərginin botanika elminin uğur və nailiyyətlərini özündə əks etdirdiyini, biologiya və botanika elmlərinin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı.

İsveçrənin bu sahədə qazandığı təcrübə haqqında məlumat verən İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri Paskal Eybişer İsveçrənin 33 faizinin meşə zolağı ilə əhatə olunduğunu, içməli suyun 40 faizinin isə meşə ehtiyatı hesabına təmin olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, meşələr landşaft müxtəlifliyini qorumaq, qar uçqunu, torpaq sürüşməsi, “istixana effekti”nin qarşısını almaq baxımından mühüm əhəmiyyətə malikdir. P.Eybişer Azərbaycan hökuməti tərəfindən meşələrin qorunması istiqamətində tədbirlər həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı.

Tədbirdə həmçinin AMEA Botanika İnstitutunun direktoru, professor Validə Əli-zadə və Fribourg Təbiət Tarixi Muzeyinin botanika kolleksiyasının rəhbəri, professor Gregor Kozlovski məruzələrlə çıxış etdilər.

Sonra sərgiyə baxış keçirildi. Sərgidə Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma əraziləri haqqında məlumat verildi, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi nümayiş etdirildi.

Tədbir “Relikt meşə növləri – müxtəlifliklər, dəyərlər və qorunması problemləri” beynəlxalq simpoziumu ilə davam etdirildi.

Qeyd edək ki, sərgi AMEA Botanika İnstitutu və Fribourg Təbiət Tarixi Muzeyinin müştərək layihəsi çərçivəsində həyata keçirilir. İkitərəfli müqavilə üzrə sərgi üçün İsverçrədən Azərbaycana gətirilmiş bütün avadanlıq və ləvazimatlar AMEA Botanika İnstitutuna hədiyyə edilir və bir il müddətində institutda yeni yaradılan Botanika Muzeyində nümayiş etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: