Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Millət sizə minnətdardır!” adlı sərginin açılışı olub.
Sərgi Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr edilib.
Sərginin açılışından öncə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Bakının azad edildiyi günün Azərbaycan xalqının tarixində əlamətdar hadisə olduğunu və bununla da dövlətçiliyimizin bərpa edildiyini vurğulayıb.
N.Vəlixanlı rəhbərlik etdiyi mədəniyyət ocağının zəngin ekspozisiyaya malik olduğunu deyib. Bildirib ki, burada Cümhuriyyətin qurucuları, onun fəalları, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının rəmzinə çevrilmiş Nuru Paşanın Gəncəyə gəlişi, Qafqaz İslam Ordusunun yaranması, formalaşması, Gəncədən Bakıya xilaskarlıq yürüşü, Vətənimizə qardaş köməyinə gəlmiş türk ərənlərinin şücaəti və s. eksponatlar nümayiş etdirilir.
Sərginin açılışının muzeyin Şərq zalında keçirilməsinin təsadüfü olmadığını deyən alim 100 il əvvəl bu zalda görkəmli xeyriyyəçi H.Z.Tağıyevin başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusunun komandanlığının şərəfinə ziyafət verdiyini diqqətə çatdırıb.
Sonra AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin 100 illik yubileylərinin müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edildiyi vurğulayıb. Alim AMEA-da da bununla bağlı silsilə tədbirlərin təşkil olunduğunu deyib.
Akademik Nərgiz Axundova bildirib ki, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər. Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün olub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında 100 il əvvəl türk və Azərbaycan ordusunun çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. Diplomat Osmanlı imperiyasının çətin dövr yaşamasına baxmayaraq, öz borcunu yerinə yetirdiyini, Türkiyədə qardaş ölkəyə kömək etmək məqsədilə Qafqaz İslam Ordusu yaradıldığını qeyd edib. 1918-ci ilin 15 sentyabrını dostluq və qardaşlığın zəfər günü, ortaq türk tarixinin şanlı səhifəsi, birliyin təntənəsi kimi səciyyələndirən səfir Erkan Özoral bildirib ki, bu fədakarlıqları gələcək nəsillərə ötürmək və dünyaya bəyan etmək hər bir türkün borcudur.
Daha sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə geniş qeyd edilməsinin mühüm siyasi və elmi əhəmiyyət daşıdığını vurğulayıb.
“Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib” – deyə bildirən Dilarə Seyidzadə bunun mühüm tarixi hadisə olduğunu qeyd edib.
Dilarə Seyidzadə bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmasına düşmən imkan vermədi. Cümhuriyyət üçün ağır günlərdə türk qardaşlarımız bizə köməyə gəldilər və biz düşmənə birliyimizi göstərə bildik. Belə tarixi əhəmiyyətli bir tədbirin təşkil olunması da dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə 1918-ci ildə Azərbaycanda baş vermiş hərbi-siyasi hadisələr, o cümlədən Bakı Sovetinin anti-Azərbaycan siyasəti, azərbaycanlıların soyqırımı, Qafqaz İslam Ordusunun yaradılması və Bakının azad edilməsi ilə nəticələnmiş iyun-sentyabr yürüşü əyani şəkildə nümayiş etdirilir. Sərgidə 120-dən artıq unikal eksponat tamaşaçılara təqdim edilir.
Dekabrın 14-dək davam edəcək sərginin kuratoru muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.