Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.09.2018 10:06
  • A-
  • A
  • A+

Səlyan, Biləsuvar və Yardımlı rayonları ərazisində yeni arxeoloji kəşflər

Səlyan, Biləsuvar və Yardımlı rayonları ərazisində yeni arxeoloji kəşflər

5 avqust – 4 sentyabr 2018-ci il tarixlərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Əlibaba Babayevin rəhbərlik etdiyi Salyan-Biləsuvar arxeoloji ekspedisiyası Salyan, Biləsuvar və Yardımlı rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. 

Ekspedisiya Salyan rayonunun Qırxçıraq yaşayış yerində Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparıb. Arxeoloji qazıntılar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilib.

Biləsuvar rayonunda arxeoloji kəşfiyyat işləri rayonun Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılıb. Abidənin orta hissəsi çökmüş formadadır. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə olunub.

Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir.

Ekspedisiya işlədiyi dövrdə Yardımlı rayonundakı təsadüfi tapıntılarla əlaqədar həmin bölgədə olub, Peştəsər dağ silsiləsində yerləşən, Güm-güm adlandırılan, müxtəlif ölçülü altı ədəd mağaranı qeydə alıb. Ən böyük mağara isə, Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə mağaraların yerləşdiyi yerin ətəyindəki ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək daşı, həmçinin xırman yeri, Kəhriz bulağı adlanan ərazidə bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta əsrlərə aid gözətçi yerləri, yaxınlıqda yerləşən Köhnə Arvana yaşayış yerində dairəvi daş qutu qəbirlər, orta əsrlərə aid daha bir qəbiristanlıq da qeydə alınıb. Bu abidələr “Ayı nəsti” adlanan qayanın ətəyində yerləşir.

Rayonun Qarauldaş kəndi ərazisində N saylı hərbi hissənin yaxınlığında, Cin dərəsi adlandırılan ərazidə antik, ilk orta əsr və orta əsrlər dövrünə aid davamlı yaşayış yeri, elə həmin ərazidə iki ədəd büt daş, daş qutu qəbirlər, orta əsrlər dövrünə aid torpaq qəbirlər və s. aşkarlanıb.

Tədqiqat işləri zamanı saxsı qabların bütövləri və hissələri, sapand daşları, bülöv daşı, metal əşyalar və s. tapılıb.

Bölgədə arxeoloji tədqiqatların növbəti mövsümdə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ekspedisiyada institutun şöbə müdiri, arxeoloq, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: