Sentyabrın 21-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun 85 illiyinə həsr olunan tədbir keçirilib.
AMEA-nın Humanitar Elmləri Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan yığıncaqda tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb. O, görkəmli bəstəkar Arif Məlikov yaradıcılığının müxtəlif istiqamətlərindən danışıb. Bildirib ki, böyük sənətkar öz məhsuldar həyat yaradıcılığında Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim, həm də siyasi xadim kimi ölkəsinə xidmət göstərib.
Ə.Salamzadə görkəmli bəstəkarın yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun Azərbaycanın ən yüksək mükafatlarına layiq görüldüyü vurğulayıb. O, Arif Məlikovun keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsədiyini və bütün bunların hamısını öz yaradıcılıq üslubunda emal etdiyini bildirib.
Qeyd olunub ki, Arif Məlikov dahi bəstəkar, istedadlı rəssam, dirijor, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də AMEA-nın həqiqi üzvüdür. Görkəmli sənətkarın əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.
Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək görkəmli Azərbaycan bəstəkarının müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, Arif Məlikov çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. O, mahir pedaqoq kimi zəngin təcrübəsindən bəhrələnərək uzun illərdən bəri istedadlı musiqiçilər nəslinin yetişdirilməsində böyük xidmətlər göstərir.
T.Kərimli görkəmli sənətkarın AMEA Humanitar Elmlər Bölməsinin üzvü olduğunu da diqqətə çatdırıb.
Tədbirdə “Arif Məlikovun yaradıcılığı dünya musiqi mədəniyyəti kontekstində”, “Arif Məlikovun musiqisi dünya balet teatrında”, “Arif Məlikovun rəssamlıq fəaliyyəti” mövzularında məruzələr dinlənilib.
Məruzə və çıxışlarda Arif Məlikov sənətinin böyüklüyündən, zənginliyindən və ecazkarlığından ətraflı söz açılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.