Akademik Rafael Hüseynovun sədrliyi ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün sayca 9-cu iclası keçirilib.
İclasda 4-ü elmlər doktorluğu, 30-u isə fəlsəfə doktorluğu hazırlığı olmaqla ümumilikdə 34 dissertasiya mövzusu müzakirə olunub.
Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Əkrəm Həsənovun “Anadilli klassik Azərbaycan lirikasının XIX əsrdə və XX əsrin əvvəllərində milli poeziyada yaşayan ənənələri və yeni yanaşmalar”, Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Kifayət İmamquliyevanın “Azərbaycan dili dialekt və şivələrinin fonetikası (fonosemantik aspektdə)” və Folklor İnstitutunun doktorantı Güldanə Pənahovanın “Türk xalqları folklorunda Molla Nəsrəddin süjetlərinin tipologiyası” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə isə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Nərgiz Qəhrəmanovanın “Müxtəlif ideoloji sistemlərdəki inzibati idarəçilik modelləri və onların doğurduğu insani münasibətlər kompleksinin Azərbaycan ədəbiyyatına təsiri”, Bakı Dövlət Universitetinin doktorantı Zülfiyə Ağayevanın “Ət-töhfət-üz-zəkiyyə fil-lüğət-it türkiyyə” və Azərbaycan dilinin leksikası”, Gəncə Dövlət Universitetinin doktorantı Ramilə Süleymanovanın “Müasir türk dili ilə Azərbaycan dili şivələrindəki müştərək leksik vahidlərin semantikasında sabitlik və dəyişkənlik”, Dilçilik İnstitutunun dissertantı İzzət Cabbarovanın “Azərbaycanca və ingiliscə lüğətlərdə etnokulturoloji informasiyanın linqvistik ifadəsi”, Bakı Dövlət Universitetinin doktorantı Vüsalə Tağızadənin “XX əsrin əvvəlləri Azərbaycan nəsrində milli ideal problemi”, Gəncə Dövlət Universitetinin dissertantı Xanım Camalzadənin “Türk dilləri xəbərlik kateqoriyası elementlərinin formalaşmasında aqlutinasiya mexanizminin rolu”, Naxçıvan Dövlət Universitetinin dissertantı Aidə Cəlilzadənin “Böyük Britaniya və Amerika media diskursunda abreviaturaların struktur-semantik və funksional xüsusiyyətləri” və digər mövzular adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin dissertantı Tehranə Xudaverdiyevanın “İngilis folkloru Azərbaycan ədəbiyyatşünaslığında” mövzusu ixtisasına uyğun olmadığından, Bakı Slavyan Universitetinin doktorantı Ruqiyyə Məmmədovanın “Müasir Azərbaycan dramaturgiyasında komediya janrının xüsusiyyətləri (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri) ” mövzusu dissertantın qəbul olduğu ixtisas şifrinə uyğun gəlmədiyindən, Azərbaycan Dillər Universitetinin əyani doktorantı Səbinə Məmmədovanın “Müasir ingilis dilində təhrikedici sual cümlələri və onların semantik-praqmatik xüsusiyyətləri” mövzusu isə “təhrikedici sual cümlələri” ifadəsinin daha munasib terminlə əvəz edilməsi tövsiyyə edilərək təsdiq edilməyib və bu mövzulara tövsiyyələr nəzərə alınandan sonra növbəti iclaslarda yenidən baxılması qərara alınıb.
Ümumilikdə iclasda 5-nin adında dəyişiklik edilməklə 30 dissertsiya mövzusu təsdiq olunub.
Müzakirələrdə şura üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Əskər Rəsulov, Aida Qasımova, Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Qəzənfər Kazımov, Rəhilə Qeybullayeva, Mehdi Kazımov, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.