Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2019 09:34
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

Yer Elmləri Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İlk olaraq akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsinə baxılıb. Bölmə üzvlərinin təklifləri müzakirə edilib və seçki keçirilib. Səsvermənin nəticələrinə görə akademik Ramiz Məmmədov yenidən Coğrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib. Seçkinin nəticəsinin təsdiq üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

İclasda Yer Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında Rəyasət Heyətinin qərarına əsasən “AMEA-nın xəbərləri” (Yer elmləri seriyası) jurnalının nəşrinin təkmilləşdirilməsi və “Web of Science”, “Scopus” elmi bazalarına daxil edilməsi istiqamətində görülən işlər müzakirə olunub.

F.Qədirov bildirib ki, jurnalın bugünkü vəziyyəti araşdırılıb, dünyada elmi jurnallara qoyulan tələblər müəyyənləşdirilib, müqayisəli təhlillər aparılıb və nəşr müasir tələblərə uyğunlaşdırılıb.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, jurnalın baş redaktorunun müavini Qulam Babayev jurnalın adının “ANAS Transactions Earth Sciense” olaraq dəyişilməsinin məqsədəuyğun olduğunu qeyd edib. O bildirib ki, jurnal artıq “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib. Alim jurnalda geologiya, geofizika, coğrafiya, həmçinin neft və qaz yataqlarının işlənilməsi sahəsində orijinal nəzəri və eksperimental tədqiqatların nəticələrini əks etdirən məqalələrin dərc olunacağını vurğulayıb.

Q.Babayev jurnalın beynəlxalq standartlara uyğunlaşdırılmasından, redaksiya heyətindən və çap olunacaq məqalələr üçün müəyyən olunan tələblərdən danışıb. Diqqətə çatdırıb ki, jurnal haqqında ətraflı məlumatı “http://journalesgia.com/az” saytından öyrənmək olar.

Daha sonra yığıncaqda təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: